İlham Əliyev kimlərə və nəyin mesajını ünvanladı?

  • 25 yan 2017, 08:26

Söz savaşından silahlı savaşa doğru; deputat: "Hazırkı reallıqda Azərbaycan daxili və beynəlxalq parametrlərin ciddi hesablanması daxilində qərar verməlidir”

 


Prezident İlham Əliyev Pirəkəşkül qəsəbəsində "N” saylı hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışı zamanı bir çox bəyanatlar və mesajlarla zəngin çıxış edib. 

Prezident bildirib ki,  Azərbaycan dünyada öz hesabına yaşayan nadir ölkələrdəndir:

 "Azərbaycan heç kimdən asılı deyil, heç kimin maliyyə yardımına ehtiyac duymur”. 

Dövlət başçısı vurğulayıb ki, yaradılan hərbi şəhərcik bu gün bizim həm ordumuzun, həm dövlətimizin gücünü göstərir. Ordumuz güclü ordular sırasındadır: "Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan ordusu istənilən vəzifəni icra edə bilər. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərib”.

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu deyən prezident vurğulayıb ki, Ermənistanın ərazisi də qədim Azərbaycan torpaqlarıdır: "XIX əsrin 20-ci illərində Dağlıq Qarabağa İrandan və Şərqi Anadoludan kütləvi surətdə erməni əhalisi köçürülüb. O məqsədlə köçürülüb ki, həmin ərazidə milli və dini tərkib dəyişdirilsin və məhz buna görə XX əsrin 20-ci illərində Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Yəni bu, tarixdir. Tarix və ədalət bizim tərəfimizdədir. 

Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır.
Biz hərbi gücümüzü artırmışıq və artıracağıq. Siyasi addımlar atılacaq ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz mövqeyini daha da geniş ifadə etsin. Biz öz iqtisadi gücümüzü artıracağıq və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də təmin ediləcəkdir...

Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilib. Yəni bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

O ki qaldı Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq".

Prezidentin hərbçilər qarşısında verdiyi bu bəyanatları Sergey Lavrovun və Serj Sərkisyanın son bir həftədə verdiyi məlum bəyanatlara tutarlı cavab saymaq olarmı?


Deputat Zahid Orucun fikrincə, prezidentin hərbçilər qarşısında verdiyi son bəyanatlarda ən önəmli olan budur ki, Azərbaycan tərəfi Qarabağı hər bir halda heç bir xarici dövlətin daxili işi hesab eləmədiyini bir daha bəyan etdi. Bu bütün lazımi instansiyalara bir mesaj sayıla bilər: "2010-cu ildən sonra Rusiya xarici işlər naziri onunla Azərbaycan dövlət rəhbərliyi arasındakı münasibətlərin formalaşa bilməməsi səbəbi ilə, görüşlərdə kəskin iradə və reaksiyalar gördüyündən bəzən ölkələrarası münasibətlərdə özünün deyil, danışıqlarda başqa rəsmilərin iştirak etməsi arzusunu açıq dilə gətirmişdi. Burada aydın bir xətti də görmək lazımdır ki, Vladimir Putinlə İlham Əliyev arasında olan münasibətlərin inkişaf etməsinə rəğmən, bəzən Rusiya elitasının içərisində Azərbaycanla münasibətlərdə fərdi mövqeyini aparan, hikkəsini göstərmək istəyən, müxtəlif mənafelər güdən qüvvələr olub. Bu sırada Lavrovun yerini xüsusi ayırmaq istəyirəm. 

Azərbaycan prezidentinin hərbçilər qarşısında verdiyi son bəyanatlara gəldikdə, burada ən önəmli olan budur ki, Azərbaycan tərəfi Qarabağı hər bir halda heç bir xarici dövlətin daxili işi hesab eləmədiyini bir daha bəyan etdi. 

Elmar Məmmədyarovun yanvarın 24-də Moskvaya səfərində bəlkə də son zamanlar yaranmış durum, ümumiyyətlə, Qarabağ məsələsində danışıqlar prosesinin tamamilə dayanmasının gələcəyi müzakirə olunacaq. Hər bir halda reallıq bundan ibarətdir ki, prezidentimiz bu məsələdə alternativlərsiz qalmadığımızı bir daha nümayiş etdirmiş oldu. Əgər diplomatik səylər bütövlükdə dayanırsa, silahlar daha intensiv şəkildə işə düşür. Ona görə də kimsə gözləməli deyil ki, daha böyük toqquşmalar baş versin, bir də sülh çağırışları aktivləşsin və bölgəyə yeni diplomatlar ordusu gəlsin. Nə qədər ki, məsələni masa üzərində həll eləmək mümkündür, Azərbaycan  səngərlərdə qan tökülməsinə gedilməsinin tərəfdarı deyil".

Z.Oruc qeyd etdi ki, Azərbaycan hərbi əməliyyatlara başlamaq barədə qərarı yalnız bir siyasi paytaxtdan gördüyü münasibət kontekstində verməyəcək: "Çünki bu gün mürəkkəb beynəlxalq münasibətlər dövrünə qədəm qoymuşuq. Qarabağ məsələsinə daha geniş kontekstdə yanaşmaq lazımdır. Bu gün Azərbaycanın hər hansı bir hərbi qüvvəsi Cəbrayıl və ya Füzuli istiqamətində mühüm uğurlara imza ata bilər və əldə etdiyi mövqeləri də qoruyub saxlayar. Lakin məsələ bundan sonrakı reallıqdadır. Hətta kiçik mövqelər dəyişikliyi beynəlxalq qüvvələr nisbətinə də təsir eləyir. Ona görə də hazırkı reallıqda Azərbaycan daxili və beynəlxalq parametrlərin ciddi hesablanması daxilində qərar verməlidir”.      

 


Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, Azərbaycan prezidenti bundan öncə də həm Nazirlər Kabinetinin toplantısında, həm beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli formatlarda keçirdiyi görüşlərdə, həm cəbhə bölgəsinə səfərləri zamanı etdiyi çıxışlarda ölkəmizin Dağlıq Qarabağa heç vaxt müstəqillik verməyəcəyini, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini bəyan edib: "Eyni zamanda nəzərə almaq lazımdır ki, prezident son bəyanatını Pirəkəşküldə, hərbi hissənin açılışında, hərbçilərlə keçirilən görüşdə verib. Yəni dövlət başçısının hərbçilərlə görüşdə ölkənin ərazi bütövlüyü və strateji hədəfləri ilə bağlı fikirlər səsləndirməsi təbii qəbul olunmalıdır. Dövlət başçısı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini bir daha dilə gətirməklə 2017-ci ildə problemin həlli ilə bağlı aparılacaq danışıqların rəsmi Bakı üçün qəbul olunacaq prioritetlərini bəyan edib. Bu isə Lavrov və Sərkisyandan daha üstün yetkiyə sahib olan dairələrə, eyni zamanda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan xalqına ünvanlanmış mesajdır. 

Şübhəsiz ki, cənab prezidentin hərbi hissənin açılışında səsləndirdiyi fikirləri Lavrov və Sərkisyana cavab kimi qiymətləndirənlər də var. Lavrova və Sərkisyana Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi səviyyəsində gərəkli olan cavab verilmişdi. Hesab edirəm ki, Sergey Lavrova verilən sual və onun cavabı nə qədər təsadüfi idisə, rəsmi Bakının da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz prioritetlərini yenidən ifadə etməsi bir o qədər öncədən planlaşdırılmamışdı.

Azərbaycan prezidentinin hərbçilər qarşısındakı çıxışı isə kifayət qədər çoxşaxəli idi və dövlətimizin bundan sonra ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində atacağı addımları, həyata keçirəcəyi fəaliyyəti ifadə edirdi".

Ekspert vurğuladı ki, bu baxımdan, prezidentin Pirəkəşküldə hərbi hissənin açılışında səsləndirdiyi fikirləri yaxın dövrdə dövlətimizin, eləcə də Silahlı Qüvvələrimizin qarşısında duran prioritet vəzifələr kimi qəbul etmək daha doğru olar.


Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, prezident hərbçilər qarşısında çıxışında Sergey Lavrovun və Serj Sərkisyanın adını çəkmədən hər ikisinin cavabını verdi: "Prezidentin ”Erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT qətnamələrini kimsə unudubsa, biz bunu yada sala bilərik. Ermənistan bu qətnamələrə məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir" açıqlaması Lavrova mesaj idi. Lavrov bu qətnamələri unuda bilməz, çünki uzun illər Rusiyanın BMT-dəki nümayəndəsi olub. İlham Əliyevin hərbçilər qarşısında çıxışı zamanı dediyi "Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində, sadəcə olaraq, formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir” cümləsi də Rusiyaya aiddir. Ermənistanın hansı dövlətdən asılı olduğunu hamı bilir.

Prezidentin "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya belə qəbul edir” fikri isə bir daha Serj Sərkisyana xəbərdarlıqdır.
Bu mənada xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya dünən başlanan səfərindən real nəticə gözlməyə dəyməz. Sadəcə, Lavrov bir neçə gün əvvəl erməni həmkarı Edvard Nalbəndyanı Moskvaya dəvət etmişdi, "balans” pozulmasın deyə, indi də azərbaycanlı həmkarını fikir mübadiləsi üçün çağırıb. Lavrov münaqişənin həllinə baxışını məlum mətbuat konfransında bildirib və bu "həll” Azərbaycanın maraqlarına cavab vermir. Lavrovun mövqeyində bir neçə günün içində dəyişiklik gözləmək yersizdir. Ona görə də Lavrov həmkarları ilə görüşdə onlara atəşkəsə riayət etməyə çağıracaq. Bu da Azərbaycanın maraqlarına ziddir. İşğalçı daima təzyiq altında saxlanılmalıdır. Münaqişənin həlli prosesi başlamadan atəşkəsin uzanmasına verilən dəstək rəsmi İrəvanın maraqlarına xidmət edir".

Etibar SEYİDAĞA
Oxşar xəbərlər