“Müxalif partiyalarının sıraları narazı elektorat sarıdan güclənəcək”

  • 24 yan 2017, 08:23

Partiya sədrindən proqnoz; "Sosial-iqtisadi vəziyyətin gərginləşməsi, şübhəsiz, siyasi fəallığı yüksəldə bilən tətikləyici faktordur” 

 


Ölkədə baş verən devalvasiyaların və böhranın fonunda işsizlər ordusunun sıraları genişlənir. Neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin azalması iş yerlərində ixtisarlara və bir sıra müəssisələrin qapadılmasına, inşaat sektorunda durğunluğa gətirib çıxardı. Hakimiyyət bu durumdan mümkün qədər ağrısız keçmək üçün bir sıra addımlara getsə də hələ problemin ciddiliyi qalır. 


Bəzi iqtisadçılar, siyasilər iddia edirlər ki, bu proses daha ağır xarakter ala bilər. İqtisadi böhrana qarşı Nazirlər Kabinetinin xüsusilə ciddi tədbirlər görməsi zərurəti olduğu halda hökumət ləngiyir. Nazirlər Kabinetinin zəif fəaliyyəti nəticəsində əhalinin içərisində işsiz insanlar və aztəminatlı ailələrin sayı çoxalır. Artıq ən həssas sosial təbəqələrdən sayılan məcburi köçkünlərə verilən maddi imtiyazları da hökumətin ləğv etməyə hazırlaşdığı xəbərləri gəlməkdədir.  

Bir tərəfdən isə ölkədə durmadan bahalaşma davam edir. İdxal olunan məhsulların qiymətində artım daha fantastik müşahidə olunur ki, bütün bunlar da ailələrin dolanışı üçün əlavə problemlər yaradır. 

Bəzi siyasətçilər hesab edir ki, işsizlik, sosial-iqtisadi vəziyyətin ağırlaşması istər-istəməz insanlarda narazılıq yaradır, narazıların sayını artırır. Bu isə geniş xalq kütlələrinin müxalif partiyalar ətrafında birləşə biləcəyi ehtimalını artırır. 

Bəs proseslərin bu məcrada inkişafı həqiqətən də insanları müxalif partiyalara doğru "qova” bilərmi?

VİP sədri Əli Əliyev bildirdi ki, sosial-iqtisadi vəziyyətin gərginləşməsi, şübhəsiz, siyasi fəallığı yüksəldə bilən tətikləyici faktordur. Bu, bütün dünyada belə olub və bizim ölkəmiz də istisna deyil. Artıq bunun işartıları sezilməkdədir: "Artıq sadə insanlarla yanaşı, izafi pullara vərdiş etmiş daha mütəşəkkil çevrələr də maliyyə qıtlığı şəraitində narahat olmağa başlayıblar. Obyektiv olaraq da, ətraflarında dolandırdıqları təbəqələr də ehtiyac duymağa başlayıblar. Qrupların maraq dairələri də bu hərəkətlənməyə təsir göstərir. Bütövlükdə isə insanların güzəranı ağırlaşıb, bunu hakimiyyətə taxın deputatların da dilindən son vaxtlar eşidirik. Devalvasiya, onun törətdiyi inflyasiya cəmiyyətin bütün seqmentlərini vurub. Belə şəraitdə hökumətin tərəddüdlü mövqeyi situasiyanı ağırlaşdırır. İqtidar 2 seçimi ayarlayır: böhranı törətmişləri müxalifətin ağuşuna atmaq, yoxsa böhran müəlliflərini içəridə tutaraq, vəziyyəti normallaşdırmaq. Hələlik ikinci yol ortadadır. Bunun da davam etməsi ölkəni spontan qığılcımlara, proseslərə gətirə bilər. Bu, arzu olunmayan ssenaridir. Proses arzuolunmaz sosial partlayışa gətirməsə, təbii ki, narazılar etirazçıya çevriləcək və müxalifətin sıralarına bu durum təsir edəcək, partiyaların sıraları narazı elektorat sarıdan güclənəcək. Əslində bu, dövlətin ziyanına olmaz. Çünki proses spontan sosial partlayışsız keçəndə, kənar təhdidlərdən qorunmaq, dövləti qorumaq mümkün olur. İnsanların radikal meylli qruplara meyl etməsindən qorxmaq lazımdır, sivil müxalifətə üz tutmasından ehtiyatlanmaq lazım deyil”. 

E.SEYİDAĞA
Oxşar xəbərlər