Qarabağa dair köhnə sual- münaqişənin açarı kimdədir?

  • 20 yan 2017, 09:24

Status-kvonun uzanması sualı yenidən aktuallaşdırıb; Azərbaycan daha çox "dərd ortaqları” olan ölkələrlə əlaqələri möhkəmlətmək zorundadır; rusiyalı politoloq: "Kremlin Qarabağ məsələsində mövqeyi dəyişməyib...”

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ mövzusunda son açıqlamaları Kremlin "Yaxın xaric” ölkələrinə imperialist yanaşmasını bir daha ortaya qoydu. Bir daha aydın oldu ki, Rusiya, necə deyərlər, özünə rəva görmədiyini nəinki qonşu ölkələrə görür, üstəlik, bunu nümayişkaranə şəkildə etməkdən çəkinmir.  Erməni əsilli XİN rəhbəri Lavrov təbii ki, sıradan biri deyil və böyük ölçüdə öz ölkəsinin rəhbərliyinin yanaşmasını ortaya qoyur. Bu yanaşmanın mahiyyətində Moskvanın MDB ölkələrinə münasibətdə "parçala və hökm sür” klassik imperiya siyasəti dayanır. 


Diqqət edin, Rusiya onun siyasətini bölüşməyən keçmiş sovet respublikalarının hamısını "yaralayıb”, bu ölkələrdə etnik-ərazi konfliktləri yaradıb və idarə edir. Bir qismində (Azərbaycan) işğala ortaqlıq edib, digər qismində isə (Moldova, Gürcüstan, Ukrayna) şəriksiz işğalçı elə özüdür. O, hətta indi Baltikyanı ölkələri qarışdırmaq planları cızır.

*****   
Ukraynadan söz düşmüşkən, bu arada Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi  Forumu çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında iqtisadi əlaqələrlə yanaşı, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ problemi də müzakirə olunub. "Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb” deyən prezident İlham Əliyev Kiyevlə əlaqələrin önəmini qeyd edib.
İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər. Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibətilə İlham Əliyevi təbrik edib. 

O, Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib və dəvət qəbul edilib. Poroşenko həmçinin Ukraynanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacağını da bəyan edib. 

"Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krımla bağlı tutduğu analoji mövqeyi alqışlayırıq”, - deyə Ukraynanın dövlət başçısı qeyd edib. 


***** 
Ukrayna prezidentinin bu mövqeyi Rusiya xarici işlər naziri Sergey Lavrovun məlum açıqlamaları fonunda xüsusilə əhəmiyyətlidir. Yəni iki dövlət sözsüz ki, ən əvvəl dərd ortaqlarıdır. Azərbaycan məhz bu dövlətlərlə - ərazi bütövlüyümüzü nala-mıxa vurmadan, qeyd-şərtsiz müdafiə edən dövlətlərlə, ələlxüsus da bu mövqeyə malik nüfuzlu dövlətlərlə, dost-müttəfiq ölkələrlə əlaqələrin inkişafına ciddi diqqət ayırmalıdır və ayırır da. 
Hərgah, rusiyalı tanınmış politoloq, prezident Vladimir Putinin etibarlı şəxsi kimi tanınan Sergey Markov iddia edir ki, nazir Sergey Lavrovun məlum fikirləri KİV-lərdə bir qədər yanlış anlaşılıb və Rusiya da Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir. Musavat.com-un məlumatına görə, bu barədə o, Lavrovun illik mətbuat konfransında Dağlıq Qarabağ mövzusunda söylədiyi fikirləri şərh edərkən deyib. Yəni faktiki şəkildə Rusiya XİN başçısını korrektə edib. Nə dərəcədə bu uğurlu olub, alınıb, onu politoloqun sözlərindən görmək olar.
Məsələn, Markov deyib ki, Azərbaycan özü Dağlıq Qarabağ probleminin həlli üçün beynəlxalq birliyi, beynəlxalq strukturları, o cümlədən Rusiyanın da daxil olduğu ATƏT-in Minsk Qrupunu vasitəçi qismində dəvət edib və vasitəçilərin dəvət olunması tamamilə düzgün qərar olub, nədən ki, Dağlıq Qarabağa dair məsələlər beynəlxalq prinsiplər çərçivəsində həll olunur. "Biz hamımız gözəl bilirik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - ekspert ardınca qeyd edib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan-Ermənistan nizamlanması çərçivəsində nə edirsə, hər iki tərəfin razılığı ilə edir. Bu xüsusda Markov hesab edir ki, Rusiya XİN başçısının sözlərini Moskvanın Azərbaycanın öz daxili işləri ilə məşğul olmasına qadağa kimi, Dağlıq Qarabağ konfliktini daxili işlər müstəvisindən çıxarmaq kimi təqdim eləmək yanlışdır. 
Markova görə, Rusiyanın mövqeyi əvvəlki kimi qalır: "Bu mövqe ondan ibarətdir ki, Azərbaycan və Ermənistan münaqişə ilə bağlı kompromisə gəlməlidir. Özü də prezident Vladimir Putinin dediyi kimi, konfliktin nizamlanması nəticəsində tərəflərdən heç biri özünü nə məğlub, nə də qalin hiss etməməlidir. Kompromis hər iki ölkənin həyati maraqları nəzərə alınmaqla tapılmalıdır, güzəştlərə hər iki tərəf getməlidir”. Üstəlik, o hesab edir ki, "Kazan formulu” indi də kompromislər üçün tam zəmin yaradır və Moskva münaqişənin həllinə Türkiyəni də cəlb edəcək, çünki nizamlama baş tutacağı halda, Ankara Ermənistanla sərhədləri açmalı olacaq: "Ona görə də Türkiyənin iştirakı müəyyən mənada vacibdir”.
Markovun fikrincə, həmin sözlər onu sübut edir ki, Rusiya həm Azərbaycan, həm də Ermənistan üçün eyni dərəcədə faydalı olan vasitəçiliyə can atır. "Moskva dəfələrlə qeyd edib və qeyd edir ki, konfliktin həlli Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmasını nəzərdə tutur” - politoloq vurğulayıb.
Lakin o, konfliktin həll açarının Moskvada olması barədə fikirlərlə razılaşmır: "Rusiya Ermənistanın sahibi deyil, hərçənd o, xeyli dərəcədə Rusiyadan asılıdır. O, sadəcə olaraq, Şərkisyana təzyiq edə bilməz ki, necə deyərlər, əraziləri qaytar. Ermənistandakı mürəkkəb siyasi və iqtisadi situasiyanı nəzərə almaq lazımdır - harada ki, radikal ovqatlı qruplar istənilən an güc yolu ilə hakimiyyəti ələ keçirə bilər. Bax, o zaman bütün Cənubi Qafqaz alovlana bilər... Hesab eləmək ki, Rusiya İrəvana təzyiq üçün bütün rıçaqlara malikdir, düz deyil. Konfliktin həll açarı isə müstəsna olaraq, münaqişə tərəflərini özündədir. Həll isə - onların kompromisə gəlməsidir”, - deyə ekspert iddia edib.

***** 
Əlbəttə ki, Ermənistana Rusiyanın təzyiq rıçaqları ilə məsələdə cənab Markov gerçəyi, yumşaq desək, kamifulyaj edir. Hər halda, belə bir daşlaşmış həqiqət var ki, Moskva doğrudan da istəsə, Ermənistanı asanca konstruktiv mövqeyə gətirə bilər. Lakin o, bunu etməyə tələsmir. Zira, belə bir rəy də var ki, Rusiya işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycandan Qarabağ konfliktindən dolayı istədiyini hələ ala bilməyib. Kəsəsi, həll açarı Moskvadadır. Hələ ki...
Oxşar xəbərlər