"Azərbaycan-Rusiya münasibətləri zamanın sınağından çıxıb"

  • 28 dek 2016, 19:20
"İlk növbədə, Ümumrusiya Azərbaycanlılar Konqresinin IV qurultayının bütün iştirakçılarını salamlamaq, sizə səmərəli iş arzulamaq istərdim. Bugünkü tədbirdə iştirak edən Rusiya Federasiyası dövlət orqanlarının nümayəndələrinə də təşəkkür etmək istərdim. Əminəm ki, budəfəki forum ÜAK tarixində mühüm mərhələ olacaq, Rusiyada yaşayan həmvətənlərimizin mədəni-mənəvi cəhətdən daha sıx birləşməsinə şərait yaradacaq və əlbəttə, iki ölkə və iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun dərinləşməsinə xidmət edəcək”. 

Report xəbər verir ki, bunu Rusiya paytaxtında Ümumrusiya Azərbaycanlılar Konqresinin IV qurultayında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra diasporun təşəkkülü və inkişafı, onun milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi, tarixi vətənlə əlaqələrin güclənməsi respublikamızın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub: 

"Ümummilli lider xarici ölkələrə çoxsaylı səfərlərinin gedişində hökmən həmvətənlərimizlə görüşür, onların həyatı və problemləri ilə maraqlanırdı. Nəticədə, 2001-ci ildə diaspor təşkilatlarının inkişafının əsas vektorlarını və onların fəaliyyət perspektivlərini müəyyən edən Dünya Azərbaycanlılarının I qurultayı keçirildi; dövlət komitəsi yaradıldı, bu, xaricdən yaşayan həmvətənlərimizin sıx birləşməsi, xalqın mədəni irsinin qorunub-saxlanması, ölkəmizlə geniş əlaqələr qurulması prosesinə şərait yaratdı.

Həyata keçilmiş tədbirlərin heç də tam olmayan bu siyahısı həmvətənlər məsələsinin diqqət mərkəzinə çəkilməsi barədə təsəvvür yaradır. Bu, Prezident Heydər Əliyevin böyük rolu və xidmətdir. Onun təşəbbüsü ilə dünyanın praktiki olaraq bütün ölkələrində həmvətənlər təşkilatları yaradılmağa başlandı. O cümlədən Rusiya Federasiyasında Ümumrusiya Azərbaycanlılar Konqresi yaradıldı. Hazırda 70-dən çox regionda ÜAK-ın bölmələri fəaliyyət göstərir. Xüsusi qeyd etməliyəm ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu təşəbbüsü dəstəkləyib”.

Prezidentin köməkçisi vurğulayıb ki, mövcud olduğu illər ərzində ÜAK nüfuzlu ictimai təşkilata çevrilib, o, milli bənzərsizliyin qorunub-saxlanması, bizim multikultural ənənələrin təbliği, Azərbaycan haqqında obyektiv informasiyanın yayılması və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük iş aparır:

"Ötən illər ərzində Konqres Rusiyanın dövlət hakimiyyət orqanları, aparıcı siyasi partiyaları ilə konstruktiv qarşılıqlı fəaliyyəti tənzimləməyə nail olub. O, digər xalqların Rusiya ərazisində fəaliyyət göstərən birlikləri ilə də səmərəli əməkdaşlıq edir. Əlamətdar haldır ki, ÜAK xeyriyyə aksiyalarında iştirak edir, təhsil və mədəniyyət sahəsində layihələr həyata keçirir.

Azərbaycanlıların gənc nəsli də ÜAK-ın diqqət mərkəzindədir. Konqres Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinə yönəlmiş layihələr həyata keçirir, bu layihələr Azərbaycanın və Rusiyanın taleyinə laqeyd qalmamaq hissləri formalaşdırır, gəncləri xalqlarımızın tarixi və mədəniyyəti ilə tanış edir. 

Konqres həm də sədri Leyla Əliyeva olan Rusiya Azərbaycanlı Gənclər Birliyi ilə fəal əməkdaşlıq edir. Konqresin fəaliyyətində mühüm amillərdən biri odur ki, bu təşkilat yüzilliklər boyu sülh və həmrəylik şəraitində yaşamış iki xalq arasında əlaqələndirici həlqədir. Ənənəvi səmimi Azərbaycan-Rusiya münasibətləri zamanın sınağından çıxıb. Bu münasibətlər həmişə qarşılıqlı hörmət prinsipləri üzərində qurulub və mehriban qonşuluq xarakteri daşıyıb.

Müasir mərhələyə gəldikdə, qeyd etməliyəm ki, bizim əlaqələrimiz bütün istiqamətlər üzrə durmadan inkişaf edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dəfələrlə qeyd ediblər ki, onlar ikitərəfli əməkdaşlığın genişlənməsində, tərəfdaşlığın möhkəmlənməsində maraqlıdırlar. 

Ümumrusiya Azərbaycanlılar Konqresi və Azərbaycanın Rus İcması bu nəcib işə öz töhfələrini verir. Yeri gəlmişkən, Cənubi Qafqazda ən böyük rus diasporu bizim ölkədə yaşayır, onun nümayəndələri dövlətimizin ictimai-siyasi həyatında çox fəal iştirak edir. Əminəm ki, ÜAK bundan sonra da ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığa kömək edəcək”.
 
Demokratik.Az
Oxşar xəbərlər