Moskva Azərbaycana da “İsgəndər” verə bilər

  • 19 dek 2016, 09:37

Elxan Şahinoğlu: "Bakıda müzakirələrin aparıldığını zənn edirəm”; Üzeyir Cəfərov: "Rusiya Azərbaycana qarşı həmişə qeyri-səmimi olub” 

 


Ötən həftə Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıda olması bəzi müzakirələr yaratdı. Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın iclası çərçivəsində Azərbaycana səfər edən Roqozin ölkə iqtidarı ilə əsas məsələlər barədə müzakirələr apardığını qeyd etdi.


Rusiya baş nazirinin müavininin Bakı səfərinin vaxtı məlum olandan sonra politoloq Elxan Şahinoğlu bildirmişdi ki, Kreml rəsmisi Bakıya yeni və cəlbedici müqavilələrlə gəlməli və son vaxtlar Ermənistana peşkəş verdikləri "İsgəndər” raketlərinin Azərbaycan tərəfdən alınmasına "yox” deməməlidir. 

Politoloqun bu fikirləri Rusiya rəsmisinin səfəri başa çatandan sonra bir daha gündəmə gəlib. Belə iddialar var ki, onun Bakı səfərində müzakirə edilən məsələlər sırasında əsas yerlərdən birini də "İsgəndər” raketləri tutub. 


E.Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında məsələ ilə bağlı bunları dedi: "Dmitri Roqozinin Bakı səfəri zamanı Rusiyanın Azərbaycana ”İsgəndər" raketlərinin satılıb-satıla bilməyəcəyi sualı ətrafında müzakirələrin aparıldığını zənn edirəm. Sadəcə, bu məsələ Roqozinin səlahiyyətində deyil. Bu qərarı Rusiya hərbi sənaye kompleksin ilə Kreml birlikdə verməlidir. Ancaq rəsmi Bakı bu cavabı gözləmədən artıq İsraillə anlaşıb və bu ölkədən alacağımız raket müdafiə sistemləri "İsgəndər” raketlərini neytrallaşdırmağa imkan verəcək".


Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan Rusiyadan "İsgəndər” raketlərini almamalıdır: "Bu gün Rusiya üçün fərqi yoxdur, təki malı satılsın. Bir növ insanların bədbəxtliyi üzərindən bu ölkə öz xoşbəxtliyini qurur. Roqozin Bakıya gəlib və sözsüz ki, bu məsələ müzakirə edilib. Yəqin ki, böyük ehtimalla Azərbaycan tərəfin könlünü almaq, bir növ üzrxahlıq etmək üçün bu təklifi edib. Düşünürəm ki, Azərbaycan tərəfin Roqozinə o qədər diqqət yetirməsinə böyük ehtiyac yox idi. Dekabrın 17-də səhər saatlarında 15-20 maşının Roqozini şimal istiqamətə, yəni sərhədə aparmasının şahidi idim. Sanki o sərhədə getməklə rus gömrükçülərinin Azərbaycandan bu ölkəyə gedənləri incitməsinin qarşısını alacaqdı. Roqozin bu gün gəldi, getdi, üç gündən sonra eyni vəziyyət yenə təkrar olunacaq. Rusiya Azərbaycana qarşı hər zaman qeyri-səmimi olub. Ola bilər ki, bəzi siyasətçilərimiz və dövlət rəsmiləri Rusiyadan nəyisə gözləsinlər, amma son 20 il göstərdi ki, Dağlıq Qarabağ məsələsinin həll olunmamasının birbaşa səbəbkarı odur. Rusiya bu məsələnin həllində maraqlı deyil. İndiyə qədər bir dəfə də olsun, Rusiya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini dilinə gətirməyib. Roqozinin Bakı səfəri İsrailin baş nazirinin bundan öncə ölkəmizdə olması və Azərbaycan prezidentinin İsraildən silah alınması prosesinin davam edəcəyi ilə bağlı fikirlərindən qaynaqlanırdı - baxmayaraq ki, burada eyni vaxtda Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyaların iclası nəzərdə tutulmuşdu. Rusiya maliyyə imkanları kifayət qədər yüksək olan Azərbaycanı itirməmək üçün bu təklifləri irəli sürür. Məni sevindirən odur ki, Azərbaycan ordusunda rus istehsalı olan silahların sayı 90-cı illərdə 100% idisə, indi bu dəfələrlə aşağı düşüb, düşməkdə də davam edir. Rusiya ikibaşlı oyun oynayır, işğalçını silahlandırır, işğalçıya mənəvi dəstək olur, onunla birlikdə hərbi birləşmə yaradır. Roqozinin səfəri ölkəmizə heç nə verəsi deyil. Bu səfər Rusiyanı bu gün düşdüyü iqtisadi vəziyyətini düzəltmək üçündür. Çalışırlar ki, Azərbaycanın da maddi imkanlarından yararlansınlar. Sözdə Azərbaycana, əməldə isə hər addımbaşı Ermənistanın yanındadırlar. Roqozinin Bakı səfərini sırf Rusiya maraqları çərçivəsində qiymətləndirmək lazımdır”.

Cavanşir ABBASLI
Oxşar xəbərlər