Virtual mübarizənin virtual üzvlüyü-müxalifət

  • 09 dek 2016, 08:39

Tural Abbaslı: "Siyasət virtualdan daha çox, real hadisədir, mübarizədir”

 


Ölkə müxalifəti uzun müddətdir fəaliyyətini yalnız sosial şəbəkələr, mətbuat səhifələri üzərindən qurub. İctimai-siyasi hadisələrə yalnız sosial şəbəkə üzərindən reaksiya verən müxalifət liderləri, bəzi hallarda xalqı da onlara dəstək vermədikləri üçün qınayırlar. 

Son olaraq Tarif Şurasının elektrik enerjisinin və təbii qazın qiymətini artırmasına da müxalifət nümayəndələri sosial şəbəkə vasitəsi ilə etiraz bildirdilər. Üstəlik, xalq sosial şəbəkə üzərindən partiyaya üzv olmağa çağırılır. Belə ki, AXCP sədri Əli Kərimli sosial şəbəkə vasitəsi ilə məhz belə bir müraciətdə bulunub.

Məsələ barədə danışan yeni AXCP-nin sədri Razi Nurullayev öncə partiyaların sosial şəbəkədən geniş istifadə etməsində hər hansı qəbahət görmədiyini dedi: "Bu gün Azərbaycanda siyasi mübarizə elə sosial şəbəkələr üzərindən gedir. Bunun da ən böyük səbəblərindən biri odur ki, cəmiyyət bir qədər rəqəmləşib və sosial şəbəkələr artıq bütün dünyada siyasətçilər tərəfindən istifadə olunur. İkinci səbəb isə odur ki, Azərbaycanda siyasətçilər televiziyalara buraxılmır. 


Image result for Razi Nurulayev

Digər ölkələrdə də siyasi partiyalar sosial şəbəkələr üzərindən üzvlər cəlb edirlər. Siyasətçilərin sosial şəbəkələr üzərindən siyasət aparmaları ona görə tənqid olunur ki, sanki onlar öz kabinetlərindən kənara çıxmır və xalqla təmas yaratmırlar. Bunun da səbəbləri var. Bir səbəb ondan ibarətdir ki, siyasətçilərin xalqın içərisinə çıxıb normal dialoq aparmaları üçün sosial və siyasi şərait yoxdur. İkinci səbəb də odur ki, xalqın özü də siyasətçilərlə belə təmasdan çəkinir və qorxur”.
Ağ Partiyanın lideri Tural Abbaslıya görə, son zamanlar texnologiyanın inkişafı siyasi fəaliyyətə də təsir edib: "Vaxtilə təbliğat və təşviqat işləri daha çox televiziya və radiolardan asılı idi, indi isə sosial şəbəkələr müxalifətin işini xeyli yüngülləşdirib. Bütün bunlar məsələnin müsbət tərəfidir. Ancaq təəssüf ki, mənfi tərəflər də var. Bu,  yeniliklərin müxalifətin, ümumiyyətlə, siyasi kəsimin insanlarla birbaşa ünsiyyətinin qarşısını almasıdır. Real siyasi mübarizələr, daha çox virtual siyasi mübarizələrlə əvəzlənir. Hətta bu gün bəzi ”siyasi liderlər"in həyat və fəaliyyətinə baxdıqda görürsən ki, siyasi fəaliyyəti olmasa belə, virtual aləmdə, sosial şəbəkələrdə 2-3 status yazdıqları üçün özlərini lider hesab edirlər. Bu, günümüzün acı həqiqətidir. Sosial şəbəkələrdən, müasir texnologiyadan faydalanmaq üstünlük olsa da balansı itirməmək lazımdır. Siyasət virtualdan daha çox, real hadisədir, mübarizədir. Üzvlərin cəlb olunması məsələsinə gəldikdə isə deyərdim ki, ilkin ünsiyyət üçün sosial şəbəkələr faydalı bir yerdir. Ancaq sonradan həmin üzvü sosial şəbəkədən real siyasi fəaliyyətə adlada bilməyəcəksənsə, bu ancaq özünü aldatma olacaq. Sadəcə olaraq sosial şəbəkədə "bəyənmə” sayın artacaq və sənə elə gələcək ki, lidersən. Sabah isə mitinqinə bir statusuna yığdığın "bəyənmə” saylarından belə az adam gələcək. İnsanlar var ki, sosial şəbəkədə statuslarını 2-3 min adam bəyənir, ancaq mitinqə çağırdıqları adamlardan 200-300 nəfəri gəlir. Bu, o deməkdir ki, sosial şəbəkədəki fəaliyyət bəzən reallıqla uyğunlaşmır".
T.Abbaslı hesab edir ki, siyasətçi gərək balansı itirməsinlər: "Bizim nizamnamədə sosial şəbəkədə üzvlük haqqında anlayış yoxdur. İnanmıram ki, hansısa partiyada da hüquqi baxımdan belə bir anlayış olsun. Ədliyyə Nazirliyində də bu məsələ hələ təsbit olunmayıb. İstənilən halda sən sosial şəbəkədən partiyaya üzv cəlb edə bilərsən. Ancaq sonradan onunla şəxsi görüş mütləq olmalıdır, həmin şəxs üzv olmaq üçün öz imzası ilə müraciət ərizəsi yazmalıdır, fotosunu təqdim etməli, partiya bileti əldə etməlidir. Bunların hamısının virtual formada olması mümkün deyil. Ancaq bir məqam da var ki, təşkilatlanmış azlıq, təşkilatlanmamış çoxluqdan daha güclüdür. Hər bir partiyada sıfır özəkləri var. Yəni adları partiyanın üzvüdür, özləri isə tədbirlərə gəlmir, heç bir üzvlük haqqı vermirlər. Bu gün Azərbaycan siyasi müxalifətində demək olar ki, bütün partiyalarının üzvlərinin ümumi sayının 80 faizindən çoxu bu cür sıfır özəyindədirlər. Balansı doğru-düzgün ölçməyən təşkilat uğur qazanmayacaq”.

Əli RAİS
Oxşar xəbərlər