Deputatlarımızdan Rusiyaya sərt etiraz

  • 29 noy 2016, 21:01
Deputatlar Kremllin düşmən ölkəyə hərtərəfli dəstəyini qəbul edildməz sayıb Bakıdan adekvat addımlar tələb etdilər.
Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açıq elan edən spiker Oqtay Əsədov cari məsələlərlə bağlı deputatlara söz verib. Çıxış edən deputatlar Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxmaq tələb ediblər.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, son günlər Rusiyanın Ermənistana "İsgəndər” raket kompleksləri verməsi, prezident Sarkisyanın Moskvaya dəvət olunması və oradan Azərbaycanı hədələməsi artıq Bakının ciddi mövqe ortaya qoymasını tələb edir. Deputat deyib ki, Sarkisyan aprel döyüşlərində  gizlənmək üçün özünə siçan dəliyi axtarırdı: "Mətbuatda oxudum ki, Ermənistan prezidenti Respublikaçılar Partiyasının qurultayında Azərbaycanı dolayısı ilə hədələyib və bildirib ki, lazım gələrsə onlar hətta Bakını işğal edə və Azərbaycanı kapitulyasiya aktına imza atmağa məcbur edə bilərlər. Biz yaxşı xatırlayırıq ki, aprel döyüşləri zamanı siçan kimi gizlənməyə dəlik axtaran Sarkisyan Moskvada, Kremldə özünə belə bir dəlik tapdı. İndi siçan çevrilib pişik olub və artıq bizə meydan oxuyur”.

O əlavə edib ki, Sarkisyan arxasında «İsgəndər» raketlərini hiss edir və özünü güclü sayır: "B ilirsiniz ki, mən uzun müddət Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış etmişəm. Hər zaman söyləmişəm ki, Ermənistanın arxasında Rusiya dayanır və Moskva İrəvanı müdafiə etdiyi üçün biz bu problemi çözə bilməmişik. Artıq Şoyqu da bu gün İrəvana gəlir və orada birgə qoşun yaradılması ilə bağlı saziş imzalayacaqlar. Bu baxımdan, Rusiyanın indiki mövqeyi onun vasitəçilik missiyası ilə uyğun gəlmir. Digər tərəfdən, Moskvanın atdığı addımlar Azərbaycanla münasibətlərin indiki səviyyəsinə də uyğun deyil. Azərbaycan Rusiya ilə münasibətlərini yüksək səviyyəyə qaldırmaq üçün əlindən gələni edir, onu strateji tərəfdaş adlandırır.  Amma nə belə vasitəçi, nə də belə strateji tərəfdaş olmaz. Ona görə də biz, Milli Məclis, hökumət olaraq Rusiyaya açıq formada müraciət etməliyik ki, sən, beynəlxalq hüquqa hörmət etmək üçün Azərbaycandan nə istəyirsən? Yəni biz Rusiya ilə açıq danışmalıyıq. Əgər Rusiya Ermənistanı yenə də bu formada dəstəkləyəcəksə və işğalın davam etməsinə çalışacaqsa o zaman Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Mən Azərbaycan təhsil nazirinin açıqlamasını oxudum. O bildirib ki, Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Biz Rusiya ilə birgə müxtəlif humanitar tədbirlər keçiririk. İndi iran, Rusiya və Azərbaycan birlikdə böyük qlobal strateji layihələr həyata keçirir. Belə olduğu halda Rusiyanın bu davranışları bizim arzuladığımız münasibətlərə uyğun gəlmir. Ona görə də düşünürəm ki, Rusiya ilə nəhayət açıq danışmaq lazımdır. Rusiya ya vasitəçi kimi bitərəf mövqeyini qoruyub saxlamalıdır, ya da Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır.  İsrail, Pakistan və Türkiyə ilə özünün  münasibətlərini, hərbi əməkdaşlığı strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə qaldırmalıdır. Nəhayət biz özümüzü o cür aparmamalıyıq ki, Rusiya həqiqətən də bu münaqişənin tənzimlənməsi prosesində vasitəçidir”.

Fazil Mustafa isə qeyd edib ki, Rusiyaya məxsus "Mir” telekanalı Azərbaycanda sərbəst yayımlansa da, bir dəfə də onun efirində Azərbaycanın ağrılı problemindən - torpaqların işğalından danışılmır: "Baxmayaraq ki, biz də həmin kanalın maliyyələşməsinə pul ödəyirik, bir dəfə də olsun orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Amma Ermənistan bürosu o ölkənin problemlərini daim işıqlandırır. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?! Biz niyə pul ödəyib əleyhimizə təbliğat apartdırırıq?”

O həmçinin "Bakinskiy raboçi” qəzetinin də fəaliyyətinə ehtiyac olmadığını vurğulayıb. "Bu qəzet illərdir Azərabaycanda çap olunur. Hansı ki, onun tarixi Çar Rusiyasının dövrünə gedib çıxır. Qəzetin bizimlə heç bir bağlılığı olmayıb. Təsəvvür edin ki, onun ilk iki redaktoru erməni olub. Onlardan biri də xalqımızın qatı düşməni olan Şaumyandır. Sonradan isə rəhbərləri ruslar olub. İndi biz xalqımızın qatı düşməni olan Şamuyanınmı irsini davam etdiririk? Bu qəzetə dövlət büdcəsindən pul ayrılır. Ona bu qədər pul ayrılmasına nə ehtiyac var?”

O, son vaxtlarda Azərbaycanda erməni əsilli müğənnilərin konsertlərinin təşkil olunmasına da münasibət bildirib: "Sanki bir əl bu ermənilərin Azərbaycana mütəmadi səfərlərini təşkil edir. Kim onların bura sağlam niyyətlə gəlməsinə zəmanət verə bilər? Xüsusi xidmət orqanlarımız buna diqqət etməlidirlər. Həmçinin onların konsertlərinə verilən pullar ölkədən valyuta çıxışına səbəb olur. Həmin vəsaitlər isə sonradan Azərbaycanın əleyhinə yönəlir”.

Deputat Zahid Oruc isə bildirib ki, Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir.”Doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil, Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir. Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”

Deputat Qənirə Paşayeva isə xarici sənət, iş adamları, siyasətçilər və diplomatların Dağlıq Qarabağa qanunsuz səfərlərindən danışıb. O bildirib ki, həmin adamların böyük əksəriyyəti ora gedib tədbirlərdə iştirak etdikdən sonra Bakıya gəlir: "Hər dəfə də deyiblər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və s. Bir çoxlarının adları sonradan "qara siyahı”dan çıxarılır. Bu günlərdə Fransa parlamentinin "Fransa-Qarabağ” dostluq qrupunun üzvləri qondarma "DQR”ə qanunsuz səfər etdilər. Hesab edirəm ki, bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir”.

Deputat Asim Mollazadə isə bilsdirib ki, Ermənistan Rusiyanın bir hərbi əyaləti olduğundan Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlar aparmalıdır. "Müstəqil olmadığından da Ermənistan danışıqlar prosesində imitasiya edir. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan Ermənistanla münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan imtina edərək, ermənlərin həqiqi ağası olan Rusiya ilə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamalıdır”.

Deputat vurğulayıb ki, Xocalı faciəsinin günahkarlarının əksəriyyətinin Rusiyada gizlənib. O təklif edib ki, Azərbaycan Rusiyaya müraciət edərək Xocalı soyqrımını törədən 366-cı alayın hərbçilərinin və orada gizlənən ermənilərin Azərbayacana təhvil verilməsini tələb etməlidir. "Çünki Azərbaycanla Rusiya arasında cinayətkarların ekstradisyası haqqında saziş var. Biz bu sazişdən istifadə etməklə Rusiyadan bu cinayətkarların Azərbaycana təhvil verilməsinə və onlar üzərində xarici hakimlərin iştirakı ilə məhkəmənin təşkil olunmasına nail olmalıyıq”- deyə, o vurğulayıb. O əlavə edib ki, biz xarici hakim və vəkillərin iştirakı ilə belə bir məhkəməni təşkil etməklə Xocalı soyqrımının beynəlxalq hüquqi müstəvidə tanınmasına nail ola bilərik. "Əgər Rusiya iki ölkə arasında imzalanan sazişə əməl etməzsə, o zaman bu sazişdən imtina etməlidir” deyə, o bildirib.

Rasim Musabəyov isə Rusiyaya qarşı sərt çıxışlara etiraz edib, əksinə, bu ölkə ilə daha yaxın, dost münasibətdə olmaqla, problemin həllinə üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə keçilib. Əvvəlcə hökumətlərarası sənədlər ratifikasiya edilib. "Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında" və "Serbiya Respublikası E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında" sazişləri səsverməyə çıxarılaraq qəbul olunub.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər