Obamanın elçisi İrəvandan Bakıya xüsusi mesajla gəlir

  • 19 noy 2016, 09:31

Amerika Azərbaycandan işğalçının xahişini edəcək?; Azərbaycan rəsmiləri ilə görüşlərdə Qarabağ, atəşkəs məsələsi də diqqət mərkəzində olacaq; rəsmi Bakı üçün əsl fürsətdir amerikalı diplomatdan soruşsun ki... 

 


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks gələn həftə ölkəmizə gələcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib. Məlumata görə, görüşlər bazar ertəsi gününə təsadüf edəcək. Xanım Brinksin Azərbaycan rəsmiləri ilə təmasları planlaşdırılır. 

Amerika rəsmisi hazırda Ermənistandadır. Burada o, artıq işğalçı ölkə rəsmiləri ilə bir araya gəlib. Əsas müzakirə mövzularından biri isə Dağlıq Qarabağ məsələsi olub. Erməni qaynaqlarının məlumatına görə, ABŞ diplomatı bu xüsusda təmas xəttində gərginliyin davamlı olması və yeni mümkün hərbi eskalasiyalardan dolayı ölkəsinin narahatlığını dilə gətirib.   
            
"Aprel hadisələri göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qeyri-stabildir”. Bunu Bricit Brink ABŞ-ın Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı bildirib. "Biz həqiqətən hesab edirik ki, status-kvo sabit deyil. Etimadın möhkəmləndirilməsi və danışıqların bərpa edilməsi üzrə işlərin aparılması vacibdir”, - deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

*** 

Erməni siyasi analitiklərinə görə, diplomatın ön plana çəkdiyi "etimadın möhkəmləndirilməsi üzrə işlərin zəruriliyi”nin arxasında ABŞ rəsmisi məhz təmas xəttidə silahlı insidentlərin araşdırılması və atəşkəsin daha möhkəm edilməsi üçün yeni monitorinq-müşahidə mexanizmlərinin tətbiqini nəzərdə tutur - nə barədə ki, xeyli vaxtdır müzakirələr və mübahisələr səngimir. 

Xatırladaq ki, aprel döyüşlərindən sonra belə bir mexanizmin tətbiqi ideyasını ABŞ ortaya atıb - ki, müharibə ehtimalı aradan qalxsın, eyni zamanda Rusiyanın Qarabağ ixtilaflından öz maraqları naminə sui-istifadə edib tərəfləri təhdid etmək imkanları minimuma ensin. 
Təbii ki, Azərbaycan belə bir mexanizmə o vaxt razılıq verə bilərdi ki, Ermənistan məsələdə konstruktiv mövqe tutsun və ərazilərimizi boşaltmağa başlasın...

Əks halda, bu, sadəcə, işğal rejiminin uzanması və Azərbaycanın əl-qolunun bağlanması, onun zor gücü ilə öz torpaqlarını azad etmək hüququnun əlindən alınması, ən betəri, mövcud işğal sərhədlərinin rəsmiləşməsi demək olardı. Hansına ki, Azərbaycan heç vaxt razılıq verə bilməzdi və vermədi də. Prezident İlham Əliyev səviyyəsində bu məkrli ideya rədd edildi. Çünki Ermənistan nəinki konstruktiv mövqeyə gəlmədi, üstəlik, az sonra daha radikal ritorika sərgiləməyə başladı.  


Bunun bir səbəbi Rusiyadan alınan yeni silahlar, o sırada "İsgəndər” sistemləri idisə, digər mühüm səbəbi az sonra bəlli olduğu kimi, məhz ABŞ-ın ermənilərə təmas xəttinin dərinliklərinə nəzarət eləmək üçün C4İSR adlı güclü və müasir hərbi kəşfiyyat-müşahidə sistemi satması idi (Belə sistemləri yalnız Amerika istehsal edir). "Apreldə bizdə ön xətdə kifayət qədər müşahidə kamerası yox idi. İndi biz təmas xəttindəki mövqelərimizdə müasir C4ISR sistemi quraşdırırıq, bu da bizə bütün təmas xətti boyu müşahidə aparmağa imkan verir”, - deyə o vaxt qondarma "DQR-in baş nazirinin” sözçüsü Artak Bəyləryan məsələ ilə bağlı amerikalı jurnalistə sevincək bildirmişdi.
C4İSR adlı güclü və müasir hərbi kəşfiyyat-müşahidə sistemi 

***    

Yəni belə çıxdı ki, Amerika həmsədr dövlət olaraq, faktiki şəkildə və birtərəfli qaydada, habelə Bakıdan gizli şəkildə işğal rejiminin möhkəmlənməsinə texniki yardım edir. Bu, əslində ABŞ tərəfindən Azərbaycana qarşı böyük bir təxribat idi.

Bu mənada rəsmi Bakı üçün əsl fürsətdir ki, məsələni Barak Obamanın emissarının qarşısında qaldırsın və ondan həmin sistemlərlə bağlı cavab tələb eləsin. Çünki heç şübhə yox ki, xanım Brinks Bakıya həm də etimad mexanizminə Azərbaycan rəhbərliyinin nəhayət, razılığını almaq üçün gəlir. Yəni xüsusi mesajla təşrif buyurur. Ən azından, buna bir daha cəhd ediləcəyi şübhə doğurmur.    

   
Düzdür, Bricet Brinks artıq siyasi ömrü bitməkdə olan indiki Obama administrasiyasını təmsil edir. Ayrı sözlə, çox şey yəqin ki, yeni dövlət katibinin kimliyindən, onun Azərbaycan və Ermənistana münasibətindən və əlbəttə ki, yeni prezident Donald Trampin Azərbaycana, Dağlıq Qarabağ məsələsinə yanaşmasından və formalaşdıracağı komandadan asılı olacaq. 

Təki daha betər olmasın. Bu isə həm də rəsmi Bakının Tramp dönəmində diplomatik çevikliyindən asılı olacaq.   
      
Siyasət şöbəsi
Oxşar xəbərlər