Əli Kərimli ilə Xədicənin pul davası: `Cəmil Həsənli ağılsızdır...`

  • 01 noy 2016, 22:51

Müxalif düşərgədə yeni qalmaqal yaşanır. Bu dəfə mövzu "siyasi məhbus” biznesi, davanın "qəhrəmanları” isə jurnalist Xədicə İsmayılla AXCP sədri Əli Kərimlidir. Bir vaxtlar Kərimlinin müdafiəçisi qismində çıxış edən Xədicə İsmayıl həbsdən çıxandan sonra nədənsə cəbhəçilərlə yola getmir. Gah onun bostanına daş atır, gah da bunun. Xanım jurnalist bu dəfə elə yerə daş atıb ki, səs-küyü hələ uzun müddət davam edəcək.


Qalmaqal haqda qısa qeyd: Xədicə İsmayılın ətrafında cəmləşən bir qrup "hüquq müdafiəçisi” 94 nəfərlik "siyasi məhbus” siyahısı elan edib. Bu da "məhbus” biznesini monopoliyada saxlayan Əli Kərimlinin xoşuna gəlməyib.

"Burada mənəm, Bağdadda kor xəlifə” deyib öz bandasını başına toplayan Kərimli Xədicə İsmayılın acığına 166 nəfərlik siyahı hazırlatdırıb və radikallar arasında döz duelinə səbəb olub. Bu, heç kimə sir deyil ki, Azərbaycanda "siyasi məhbus” söhbəti yeni deyil. Vaxtilə bu sahə Leyla Yunus, Emin Hüseynov kimilərinin gəlirli biznesi idi. Hərəsi bir siyahı elan edərək, hansısa narkomanın, cibgirin, dələduzun "siyasi məhbus” olduğunu iddia edir, bu yolla yaxşıca pul qazanırdılar. 

Əslində burada kimin haqlı olub-olmaması müzakirə mövzusu deyil. Azərbaycanda dövlət rəsmilərinin dediyi kimi, heç kim siyasi baxışına görə təqib olunmur. Yəni ölkəmizdə "siyasi məhbus” yoxdur. 

Siyahı qalmaqalının gedişində Əli Kərimli öz qəzetində X.İsmayılın əleyhinə işə başlayır. Ardınca rəqibinə qarşı hücumlara keçir. Nəhayət Milli Şuranın sədri Cəmil Həsənli bəyan edir ki, Xədicəgilin hazırladığı siyahı natamamdır və bunu dəstəkləmir. Maraqlıdır ki, cəbhəçilər arasında bu fikirlərinə görə Cəmil Həsənliyə qarşı çıxanlar da var. 

"Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Facebook səhifəsində Kərimlinin adını çəkmədən yazıb: "Cəmil müəllim 94 nəfərlik "siyasi məhbus” siyahısına "natamam" deyib, tez-tələsik hazırlanan, sanki 94-ün qarşısına çıxarılan 166 nəfərlik siyahı da tam deyil axı. 94-ü hazırlayanlar siyahının niyə 94 olmasının açıqlamasını da vermişdilər, ikitirəlik salmaq heç də yaxşı hərəkət deyil, bunu bir az ayıb da saymaq olar..."

X.İsmayılın cavabı gecikməyib. O, rəqiblərini ara qatmaqda suçlayıb, Cəmil Həsənlinin, Əli Kərimlinin ağılsız olduğunu söyləyib: "Ambisiyaları var e, ağılları yoxdur. Sınıq barmağa tibbi yardım göstərməkləri yox, qoyasan elə ara qarışdırsınlar”.

 

Xədicə İsmayıl Əli Kərimliyə ziyanvericilər həştəqi ilə paylaşdığı statusda qeyd edib: "Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı, İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər”. 

X. İsmayıl cavabında Əli Kərimlini uşağa bənzətməkdən belə çəkinməyib: "Nolar, gedin o yanda oynayın, uşaqlar!”

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Əli Kərimli-Xədicə İsmayıl arasında davam edən qalmaqala münasibət bildirərək bunun kökündə qrant pullarının durduğunu deyib:

"Bu gün Azərbaycana yönəlik milyonlarla dollar qrantlar ayrılır. Burada söhbət milyonardan gedir. Eyni zamanda burada çoxsaylı beynəlxalq təşkilatların maraqları var. Çünki onların maliyyə mənbələri məhz belə hadisələr üzərində qurulub. Belə siyahıları hazırlayanların məqsədi bu qrantlara yiyələnməkdir. Yəni, hansısa bir şəxsin azad edilməsi və ya həbsdə qalması onların ümumiyyətlə marağında deyil”. 
 

Ə.Nuriyev qeyd edib ki, başlanan savaşın digər bir səbəbi isə beynəlxalq qrantların bölüşdürülməsində Azərbaycan üzrə koordinator rolunu oynamaqdır: "Hər iki tərəf hesab edir ki, Azərbaycana gələn qrantlarla bağlı hər kəs onun fikrini almalı, onunla razılaşmalıdır. Yəni onlardan rəy alınmalıdır ki, kimlərə qrant verilsin, kimlərə yox. Mübarizənin səbəblərindən biri də budur”. 

QHT rəhbəri daha bir maraqlı məqama diqqət çəkərək deyib: "Nədən siyahılar ard-arda müxtəlif sayda elan olundu? Hər iki tərəf çalışır ki, siyahıları daha böyük olsun. Çünki, siyahı nə qədər böyük olsa, onlar gündəmdə qalacaqlar. Eyni zamanda beynəlxalq təşkilatlardan qidalanacaqlar. Həmçinin adları "məhbus siyahısı”na salınanların yaxınlarından, ailə üzvlərindən əlavə pullar tələb edirlər. Bu Azərbaycanın yaxın tarixində baş vermiş faktdır. Hazırda da bu tendensiya davam etməkdədir”.

 

Demokratik.Az

Oxşar xəbərlər