Məmmədyarov Nalbandyanla görüşəcək

  • 27 okt 2016, 19:24

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqda keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilə bilər. 

 

Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

"Hamburqda münaqişənin həlli ilə bağlı əsas məsələlər istiqamətində vacib danışıqların davam etdirilməsi üçün nazirlərin öz aralarında da görüşməsini səbirsizliklə gözləyirik”, - deyə o bildirib.

 

Ceyms Uorlik Hamburq görüşünə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı görüşün nəzərdə tutulması sualına isə belə cavab verib: "Biz prezidentlər və nazirlərlə mütəmadi kontaktdayıq və istənilən vaxt görüşməyə hazırıq”.

 

Xatırladaq ki, həmsədrlərin regiona səfəri ilə bağlı bəyanatında Hamburqda həmsədrlərlə nazirlərin görüşə biləcəyi qeyd olunub.

 

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburq görüşü dekabrın 8-9-da keçiriləcək.

 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

 

Demokratik.Az