ABŞ İlqar Məmmədovu niyə türmədən çıxara bilmir?

  • 01 okt 2016, 09:33

Erkin Qədirli: "O, prezidentliyə iddialı olduğundan beynəlxalq təşkilatlar üçün bu hal əlavə çətinlik yaradır”; Mehman Əliyev: "Hakimiyyətlə İlqar Məmmədov arasında şəxsi problem var”

 

REAL Hərəkatının icra katibi Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında azadlığa çıxmasında ABŞ səfirliyinin rolunu yüksək qiymətləndirib. Bundan daha öncə isə mətbuatda jurnalist Xədicə İsmayılın həbsdən azad olunmasında ABŞ Dövlət Departamentinin rolu vurğulanırdı. 

Bəs görəsən, bir çox siyasi məhbusların azad olunmasında rol oynayan ABŞ hökuməti REAL-ın lideri İlqar Məmmədovun həbsdən çıxmasına niyə nail ola bilmir? 

Bununla bağlı sualımızı cavablandırarkən Natiq Cəfərli bildirmişdi ki, İlqar Məmmədovla bağlı ABŞ, Avropa Birliyi, Avropanın müxtəlif ölkələrinin dəfələrlə bəyanatı olub: "Bu yaxınlarda bununla bağlı ABŞ Dövlət Departamentinin 6-cı qərarı çıxdı. Ümid edirik ki, bu qərarların yaxın gələcəkdə bir bəhrəsi olacaq və İlqar Məmmədovun 3 il 8 aydır ki, qeyri-qanuni həbsdə saxlanılmasına son veriləcək. ABŞ səfiri də mənimlə görüşündə bununla bağlı ümidli olduğunu bildirdi”. 

İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova ilə əlaqə saxladıq. O, ABŞ səfirliyi tərəfindən İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı hər hansı iş aparılmasından xəbərsiz olduğunu bildirdi. 

İlqar Məmmədovun vəkili Fuad Ağayev də bu haqda məlumatsız olduğunu deyib. 
REAL Hərəkatının Məclis sədri Erkin Qədirli xarici dövlətlərin İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı məsələdə hökumətə təzyiq göstərməkdən çəkindiyini diqqətə çatdırıb: 
 
"İlqar Məmmədov müxalif siyasi təşkilatın, REAL-ın lideridir, prezidentliyə iddialıdır. Başqa siyasi məhbuslardan fərqli olaraq, beynəlxalq təşkilatlar üçün bu hal əlavə çətinlik yaradır. İlqar Məmmədovun prezidentliyə iddialı olması beynəlxalq təşkilatları və xarici dövlətləri İlqar Məmmədovun açıq müdafiəsinə girişməkdən çəkindirir. Onlara elə gəlir ki, İlqar Məmmədovu açıq və israrla müdafiə etməklə ölkəmizin siyasi səhnəsində İlqar Məmmədovun və REAL-ın tərəfini tutmuş kimi görünə bilərlər. Onlarsa bunu istəmir”.
"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev də "Yeni Müsavat”a açıqlamasında vurğulayıb ki, İlqar Məmmədovun azad olunması ilə bağlı əsas problem onun prezidentliyə iddialı olmasıdır: "Xədicə İsmayıl AzadlıqRadiosu-nun əməkdaşı olub, bu da Amerika üçün prinsipial məsələ idi. Natiq Cəfərli ilə bağlı isə elə də böyük problem yox idi. Referendum ərəfəsində onun həbsdən buraxılması bir jest kimi qiymətləndirilə bilər. Burada məhkəmə qərarı da yox idi, sadəcə olaraq, saxlanılmışdı. Ona görə də azadlığa buraxılması mümkün idi. İlqar Məmmədovla bağlı məsələ isə daha ciddidir. Hakimiyyətlə İlqar Məmmədov arasında şəxsi problem var. Xarici təşkilatlar da bunu başa düşürlər”.

Nərgiz LİFTİYEVA
Oxşar xəbərlər