Referendum: hikkəli vitrin müxalifəti yol ayrıcında…

  • 04 sen 2016, 11:09

Vitrin müxalifəti və ya ənənəvilərin ənənəvi fəaliyyəti, yaxud tamaşa siyasəti ya da naftalin iyi verənlərin sirki və s. ilaxır çərşənbə…
Azərbaycanda demokratik düşərgə adlanan siyasi dərnəklərin əvvəlcə vəziyyətinə diaqnoz qoymaq lazımdır, sonra müalicə etmək. Çünki "demokratik düşərgə” ifadəsi nə qədər qüsurludursa, siyasi dərnəklərin ovqatına bir o qədər tərs mütənasibdir. Necə yəni demokratik düşərgə? Kim bu rütbəni, adı onlara verib? Ölkənin siyasi Dədə Qorqudu kimdir? Bəs qeyri-demokratik düşərgə hansıdır? Hakim Yeni Azərbaycan Partiyası? Yaxşı, deyək ki hakim partiyada totalitar təfəkkür var və qərarlar yekdilliklə qəbul olunur.
Demokratik düşərgədəki partiyalarda hansı demokratik mozaika var? Müsavatda varmı? – qurultaydan sonrakı repressiyalardan bəlli olur. Bəs AXCP-də? – qurultayda bir nəfərin hər dəfə sədr seçilməyindən aydın olur. Bu təşkilatlarda əks mövqe bildirənləri hansı cəza gözləyir? – Göz qabağındadır. Və illərdir ki demokratik düşərgə adlanan siyasi dərnəklərin fəaliyyətində demokratik düşüncənin zərrəsi də görsənmir.
Nəhayət, bu qüvvələrin ümummilli maraqlar naminə şəxsi ambisiyalarını kənara qoymasına gəlincə, mənəvi lider saydıqları Əbülfəz Elçibəyin məzarı üstünə birgə getməyənlərdən referendumda hansı əmrəylik gözləmək olardı?
Xalqın mənafeyindən, milli dövlətçilik maraqlarından bar-bar bağıran siyasi müxalifət təşkilatları belə mərhələdə də iddialarını boğa, hikkələrini azalda, ambisiyalarını uda bilmirlər.
Referendum əleyhinə mitinqlərdə birgə hərəkət etməyən qüvvələrə niyə kimsə inanmalıdır? Birlikdə mitinq keçirilsə təşkilatlar nə itirir? Zatən, birgə mtinqdə belə kütləvilik təmin oluna bilməz. Bu aksiyalarda yalnız müxalifətçilər iştirak edir. Xalqın narazı təbəqəsi etirazlara qoşulmur. Həm lidersizlik, həm etimadını itirmiş təşkilatlar toplumun ruhunu dəfn edib. Cəmiyyətin yenidən özünü reabilitasiya etməsi üçün siyasi reanimasiyadan çıxması, naftalin iyi verən siyasətçiləri yeni avanqardın əvəzləməsi zərurətdir. Bu gözləntilər gənclər sektorunda NİDA, orta nəsildə isə REAL-a idi.
Gözünü bu iki cinaha dikən narazı, savadlı kəsim onların da eyni yolun davamçısı olduğunu gördü. NİDA Müsavat və AXCP-nin çiyinlərində özünü saxlayır, REAL nə istədiyini belə bilmir. Natiq Cəfərlinin həbsi ilə müdafiəyə çəkilən hərəkat üzvləri referendumla bağlı lazımi imzanı toplaya bilmədi. Nəticə fəlakətdir. Demokratik düşərgə yumruğu eyni hədəfə vurmaq istəsə də, ayrı-ayrı rinqlərdə döyüşməkdə qərarlıdır. İqtidar nə dərəcədə vahid və birləşmişdirsə, müxalifət ona adekvat deyil, dağınıqdır. Buyurun, müxalifət referendum mitinqlərinə də parçalanmış şəkildə gedir
Milli Şura sentyabrın 11-də icazəli aksiya keçirmək qərarı verib, Müsavat Partiyası isə 18-də mitinq vaxtını təyin edib. 2013-cü ildən bəri birləşə bilməyən müxalif qüvvələr yenə də pərakəndə şəkildə mübarizəyə start verib.
Ümumxalq səsverməsinə müxalif təşkilatlar ümummilli maraqlar naminə vahid mövqedən çıxışa edə bilmirlər.
Milli Şura platforması altında AXCP öz mitinqini keçirir, Müsavat isə ayrıca nümayişə hazırlaşır. REAL-ın isə hansı planları olduğu qeyri-müəyyəndir. Xalqı öz taleyi ilə bağlı səsvermədə iştiraka çağıran müxalifət elə bu xalq qədər həmrəylik nümayiş etdirməyi bacarmır. Sadəcə, xalqı seçkilərdə iştirak dəvət etməklə göstərdikləri prinsipsizlik, qətiyyətsizlik tərs mütənasibdir. Xalqın gözü tərəzidir və 1993-cü ildən bəri vahid qüvvəyə çevrilə bilməyən müxalifətə daha şans vermək istəmir. Ona görə də bu mitinqlərin də seyrək keçəcəyi, kütləviliyin təmin olunmayacağı aydındır.
Xalq Milli Şuranın yoxsa Müsavatın mitinqlərində iştirak etsin, bilmir. Beləliklə, müxalifət parçalanıb, dağılıb, pərən-pərən düşüb. Üstəlik xalqın mənafeyi ilə bağlı məsələdə də birgə mitinq keçirmək qərarı verə bilmir. Sanki birlikdə mitinq keçirilsə, hansısa qüvvə daha üstün görünəcək.

Çingiz Coşqun, Cumhuriyyet.az

Oxşar xəbərlər