Ərdoğanın Moskva səfərində Qarabağ mövzusu - gözlənti

  • 06 avq 2016, 10:45

Elxan Şahinoğlu: "Rusiya-Türkiyə münasibətlərinin normallaşması və yeni inkişaf mərhələsinə qədəm qoyması Azərbaycanın da maraqlarına cavab verir”; Elxan Mehdiyev: "Bu görüş dağılmış Rusiya-Türkiyə münasibətlərini yenidən dirçəltmək məqsədi güdür” 

 

"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Rusiyaya rəsmi səfəri və bu ölkənin prezidenti Vladimir Putinlə görüşü hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir”. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri "Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. 

Ekspert Türkiyə liderinin uzun sürən gərgin münasibətlərdən sonra şimala səfər etməsinin bir neçə aspektdən faydalı olduğunu vurğuladı: "Birincisi, iki ölkə faktiki 8 ay küsülü qaldı. Belə vəziyyət hər iki dövlətə zərər vururdu. Çünki iqtisadi, ticarət, enerji və regional əməkdaşlıqdan hər iki ölkə qazanırdı. Ona görə də sonda Ərdoğan vurulan təyyarəyə görə Rusiyadan üzr istədi. Münasibətlər normallaşma mərhələsinə qədəm qoyduqdan sonra bu, iki liderin ilk görüşüdür. Böyük ehtimalla, Peterburq görüşündə Ərdoğanla Putin münasibətləri əvvəlki vəziyyətə qaytaracaqlar. Bu sırada ”Türk axını" layihəsinə start verilməsi, Rusiyanın Türkiyədə AES tikintisinə başlaması, turizm əlaqələri, vizaların yenidən yumşaldılması, tikinti sektorunun canlanması kimi mövzular yer alır. İkincisi, Ərdoğan həm Amerikadan, həm də Avropadan narazıdır. Amerika Fətullah Güləni Türkiyəyə ekstradisiya etmir, Avropa Birliyi ölkələri isə hərbi çevriliş cəhdinə, Türkiyə parlamentinin bombalanmasına və bu zaman yüzlərlə insanın qətlinə ikiüzlü yanaşma ortaya qoyur. Putin Ankaranın Vaşinqton və Brüssellə əməkdaşlığının soyumasından öz məqsədləri üçün istifadə etməyə tələsir. O, yenidən Türkiyəni qazanmağa çalışır və uğurları var. Birincisi, Türkiyədə hərbçi çevrilişə cəhddən sonra Ərdoğana ilk zəng edən məhz Putin oldu, ona dəstək ifadə etdi, ikincisi, üstündən bir neçə gün sonra Rusiya prezidenti türkiyəli həmkarını ölkəsinə dəvət etdi. Mən şübhə etmirəm ki, Rusiya-Türkiyə münasibətləri əvvəlkindən daha sıx olacaq". 

Qeyd edək ki, Putin-Ərdoğan görüşü Rusiya prezidentinin Bakıya səfərindən bir gün sonra baş tutacaq. Yəqin ki, regionun iki nəhəng ölkəsinin liderlərinin görüşündə Azərbaycan məsələsi də müzakirə mövzusu olacaq, işğal altındakı Qarabağdan bəhs ediləcək. Ən azı ona görə ki, Qarabağ münaqişəsinin varlığı bütövlükdə regiona təhlükə yaradır. Digər tərəfdən, həm Ankara, həm də Moskva Azərbaycanın Rusiya-Türkiyə barışığına nail olunması istiqamətindəki cəhdlərindən xəbərdardırlar. Hətta Türkiyə rəsmiləri bir neçə dəfə Azərbaycan rəhbərliyinə barışdırıcı mövqeyinə görə təşəkkür ediblər. Bu mənada Moskva görüşü ilə bağlı bizi daha çox maraqlandıran müzakirələrdən Azərbaycan üçün hansı nəticələr əldə olunacağı ilə bağlıdır. 

 

Elxan Şahinoğlu hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması və yeni inkişaf mərhələsinə qədəm qoyması Azərbaycanın da maraqlarına cavab verir: "Bu, Cənubi Qafqazda müsbət atmosfer yarada bilər. Doğrudur, bunun hələ ki Qarabağ münaqişəsinin həllinə müsbət təsirini söyləmək çətindir. Ancaq güman edirəm ki, Ərdoğan Putinlə görüşdə Kreml sahibinə belə bir mesaj da çatdıracaq ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli mərhələsi başlayarsa, yalnız Azərbaycan Ermənistanla kommunikasiya xətlərini açmayacaq, eyni addımı Türkiyədə də atacaq. Bu isə münaqişənin həllinə kompleks yanaşmadır. Yəni Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaldarsa, Türkiyə Ermənistanla sərhədi açmağa və bu ölkə ilə diplomatik münasibətlər qurmağa hazırdır. Ərdoğanın Putinə ünvanlayacağı bu təklif Azərbaycanın da maraqlarına cavab verir, yetər ki, rəsmi İrəvan birinci addımı atsın. Buna baxmayaraq, hələ ki, Moskvanın İrəvana təsir etməsinə hazır olmadığını düşünürəm”. 

 

Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sərkisyan bu ərəfədə Ermənistana çağırılıb. Putin-Ərdoğan görüşündən sonraya təsadüf edən görüşdə Rusiya liderinin tabeliyində olan Sərkisyana Qarabağla siyasəti ilə bağlı da "ev tapşırıqları”nı verəcəyini güman etmək olar.

Politoloq: "Bəli, Putin Ərdoğanla görüşdən bir gün sonra Ermənistan prezidenti ilə görüşəcək. Putinin iki seçimi var: birinci seçim odur ki, Putin Bakıda İlham Əliyevlə, Sankt-Peterburqda Ərdoğanla görüşlərinin detalları haqqında Sərkisyanı məlumatlandıracaq və ona Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağı məsləhət görəcək. İkinci seçim isə odur ki, Putin Sərkisyanla ancaq Ermənistandaxili vəziyyəti müzakirə edəcək və ona hər cür dəstəyini ifadə edəcək. Nəsə mən Putinin birinci seçimə üstünlük verəcəyini porqnozlaşdırmıram”.

"Bu görüş Türkiyənin  dağılmış Rusiya - Türkiyə münasibətlərini yenidən dirçəltmək məqsədindən doğur. Türkiyə prezidenti Ərdoğan dünyada izolə edilib. Onun antidemokratik addımları Türkiyəni də izolyasiyaya salıb və Türkiyə indiki zamanda təhlükəsizlik, iqtisadi və etibar baxımından öz tarixinin Birinci Dünya savaşından sonra ən pis dövrünü yaşayır. NATO üzrə müttəfiqlər, o cümlədən ABŞ və Almaniya ilə  münasibətlər də arzu olunmayan ən aşağı səviyyəyə düşüb. Çevriliş cəhdindən sonra Türkiyədə baş verən repressiyalar bu vəziyyəti daha da ağırlaşdırıb”.

Bu fikirlər isə konfliktoloq Elxan Mehdiyevə məxsusdur. Ekspert düşünür ki, indiki zamanda Ərdoğan özünə müttəfiq axtarır və Rusiya ilə dərin münasibətlər qurmağa hazırdır: "Bu münasibətlər iqtisadi münasibətləri də aşacaq. Ərdoğan Putinin etibarını qazanmaq üçün daha da dərinə gedəcək. Ancaq onun Putinlə ən səmimi münasibətləri dövründə də erməni işğalı məsələsi ikitərəfli gündəmə gətirilməyib. İndiki bu həssas və psixoloji durumda bu məsələnin gündəmə gəlməsi heç ağlabatan deyil və gəlsə də, ümumu ifadələrdən kənara çixmaz”. 

E.Mehdiyev hesab edir ki, hazırda Ərdoğanı Qarabağdan da çox narahat edən məsələlər var: "İkinci tərəfdən, Rusiya erməni-Azərbaycan məsələsini Türkiyə ilə müzakirə etmir və ikitərəfli rus-türk münasibətlərindən asılı olmayaraq səylərini davam etdirir. Rusiyanın hər hansı jestinin olacağına inanmıram, çünki normallaşmanı daha çox arzu edən Türkiyə tərəfi idi”. 

Ekspertin fikrincə, Sərkisyanın səfərinə daha çox Putin-İlham Əliyev görüşündən sonraya təsadüf etməsi baxımından diqqət yetirmək lazımdır: "Bu səfərin Putin-Ərdoğan görüşü ilə bağlılığı yoxdur. Rusiya prezidenti bu işə qoşulmuşsa, burada nəticə gözləməyə ümid artır”.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri avqustun sonunda Türkiyəyə səfər edəcək. Məlumatlara görə, Kerrinin səfərində Ankaranın təhvil verilməsini tələb etdiyi Fətullah Gülənin ekstradisiyası, habelə digər məsələlərin müzakirə ediləcəyi gözlənilir. Şübhəsiz ki, bu səfər həm də Vaşinqtonun Ankara-Moskva münasibətlərinin normal məcraya düşməsindən narahatlığını nümayiş etdirir. 

15 iyul çevriliş cəhdindən sonra Türkiyə rəhbərliyinin ABŞ-la bağlı bir sıra sərt ifadələr işlətməsi fonunda Ankara-Moskva münasibətlərindəki yumşalmalar Qərbi təbii ki, razı salmır. İddialar var ki, cənab Ərdoğanın Moskva səfərində rusiyalı həmkarı ona Avrasiya İqtisadi Birliyinə üzvlük təklifi edə bilər. Hətta İncirlik hərbi bazasından Rusiya ordusunun istifadəsinə icazə verilməsi barədə müzakirələrin olması da istisna edilmir. 

Cavid TURAN

Oxşar xəbərlər