Türkiyə-Ermənistan barışığı olacaqmı?

  • 25 iyul 2016, 21:12
Türkiyə hökuməti Ermənistanla barışıq prosesi və sərhədlərin açılmasına dair müzakirələri yenidən başlamağı nəzərdən keçirir. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat "Hürriyet” qəzetinin yazarı Fatih Çekirgenin son köşə yazısında yer alıb. Müəllifin yazdığına görə bu məsələdə Türkiyə hökuməti Azərbaycanın da mövqeyini öyrənməyə çalışıb. Xarici işlər naziri Mövlut Çavuşoğlu Bakya iyunda etdiyi son səfər zamanı Azərbaycan tərəfinin Ermənistanla barışıq prosesinin və sərhədlərin açılmasına dair müzakirələrin yenidən başlaması ilə əlaqəli "nəbzini yoxlayıb”.

Fatih Çekirge xarici işlər naziri Çavuşoğlunu iyunun 15-də Bakıya, daha sonra Tiflisə səfərdə müşaiyət edib. Onun yazdığına görə yol boyu xarici işlər naziri jurnalistin Rusiya ilə münasibətlərdəki böhranın aradan qaldırılmasına dair qeydinə belə cavab verib: "Bəli, baxarsınız, daha gözəl şeylər olacaq, sülh naminə çox gözəl xəbərlər gələcək”. Fatih Çəkirgə Çavuşoğlunun nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyə çalışsa da nazir əlavə detallar verməyib.
"Ancaq indi diplomat dostlarımdan öyrənirəm ki, iqtidarın düşmənləri azaldıb dostları artırmaq vədi Ermənistanla sərhədlərin açılmasını da əhatə edir. Çavuşoğlu barış həmləsinin ilk addımını iyunun 14-15-də Bakıya səfəri zamanı atıb. Ermənistanla yenidən və  köklü barış axtarışı üçün Baklda nəbz yoxlayıb. Müsbət ab-hava da var. Daha irəli getmək üçün zəmin hazırdır”-Çekirge yazır.
Türkiyəli yazarın bildirdiyinə görə hökumətin Ermənistanla müzakirələrə yenidən başlamaq və "bəlkə də sərhədlərin açılması” planları Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması kontekstində nəzərdən keçirilir.  "Lakin Azərbaycanla danışıb Ermənistanla yeni normallaşma təqvimi müəyyənləşdirmək barədə müzakirələr gedərkən xainlər daxildə demokratiyaya savaş açıblar”-Çekirge Türkiyədə baş tutmayan hərbi çevriliş cəhdinin hökumətin Rusiya və digər qonşularla münasibətlərini normallaşdırmaq səylərinə cavab ola biləcəyinə eyhamla yazır.
Xatırladaq ki, 2009-cu ildə Türkiyə hökuməti Azərbaycandan gizlədərək Ermənistanla barışıq prosesinə başlamışdı və bu proses Azərbaycan ərazilərinin işğaldan azad edilməsi şərtini kənara qoyurdu. Proses Sürix protokollarının imzalanmasına qədər gəlib çıxdı, lakin Azərbaycan hakimiyyətinin qətiyyətli addımları, cəmiyyətin sərt reaksiyası bu protokolların reallaşmasına imkan vermədi. Ondan sonra Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə paralel baş tuta bilər.
Oxşar xəbərlər