Dağlıq Qarabağda "əzələ nümayişi" aktuallaşır

  • 24 iyun 2016, 09:59

Qarabağ məsələsində hərbi güc amilinin rolu artır; münaqişə ilə bağlı ABŞ-Rusiya anlaşması niyə baş tutmur? Politoloq: "Rusiya konfliktə dair yol xəritəsini bəyan etməlidir...”

 

Aprel döyüşlərindəki uğurdan sonra Azərbaycan toplumunun Peterburq görüşü ilə bağlı gözləntiləri də doğrulmadı. Sanki hər şey köhnə qapalı dairəyə qayıtmış kimidir və apreldəki 4 günlük müharibənin əsas dərsi və nəticələri də artıq unudulub. Əsas nəticə isə budur ki, Dağlıq Qarabağ məsələsində kardinal dönüşün vaxtı çatıb və konfliktin bir az da uzanması münaqişə zonasında böyük müharibəni labüd edəcək. 

Müharibə isə məntiqlə Ermənistanla birgə vasitəçi dövlətləri də qane eləmir. Elə isə onun qarşısının alınması da məntiqlə daha çox işğalçı və vasitəçilərin problemi olmalıdır. Yolu bəllidir: təcavüzkarı beynəlxalq hüquqa hörmət etməyə, nəhayət, zəbt elədiyi Azərbaycan torpaqlarından tədricən, mərhələli şəkildə çıxmağa məcbur eləmək, nəinki söz oyununu, danışıq imitasiyasını davam eləmək. 

Konflikt ətrafındakı son gəlışmələr də göstərdi ki, Qarabağ ixtilafı üçün mərhələli həll modelinin alternativi yoxdur. Yetər ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusən də münaqişənin çözümündə aparıcı rola malik Rusiya iradə ortaya qoysun.
 
*** 

 

Doğrudur, Sank-Peterburq görüşləri ilə bağlı müəyyən nikbin bəyanatlar da səslənir. Belə iddialar var ki, üç prezidentim təması zamanı məhz mərhələli həll variantının startı verilib. Bunun həqiqətən də belə olduğunu söyləmək üçün yəqin ki, bir az gözləmək lazım gələcək. Ola bilsin prezidentlərin növbəti görüşünədək və ya növbəti yüksək səviyyəli görüş zamanı nələrsə bəlli olsun, real mənzərə üzə çıxsın. 


Ən betəri o olardı ki, bu kimi optimist açıqlamaların arxasında, sadəcə, Azərbaycanın güc yolu ilə öz ərazilərini boşaltmağa mane olmaq üçün növbəti təbliğati gediş niyyəti dayansın. Yəni real olaraq onların arxasında heç nə durmasın. Çünki Azərbaycan xalqının işğala dözüm limiti bitib, səbri artıq tükənib. Bunu kim bilməsə də, üç həmsədr ölkədə - Rusiya, ABŞ və Fransada yaxşı bilirlər. 

Bu üzdən də Azərbaycan haqlı olaraq özünün hərbi və döyüş qabiliyyətini durmadan artırmaqdadır. Prezidentlərin Peterburq görüşündən bir gün qabaq başlamış və hələ də davam edən genişmiqyaslı hərbi təlimlər bunun növbəti təzahürü idi və sözsüz ki, həm də cəmiyyətin çağırışları və gözləntilərindən qaynaqlanır. 

Müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi və 25 min şəxsi heyətin, 300-dən çox tank və zirehli döyüş maşınının, 100-dən artıq raket və artilleriya qurğusunun, 40-dək hərbi aviasiya və 30-dan çox  hava hücumundan müdafiə sistemlərinin, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsinin və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb olunduğu həmin təlimlər bu gün yekunlaşacaq. Bu gün təlimin gedişini jurnalistlər də izləyə biləcək. 

Bu təlimlər daha çox cəbhəyanı zonalarda keçirildiyi üçün qüvvələrin böyük qismi bu zonalara cəlb edilib. Bu da təbiidir və düşmənə, cəmi bir neçə on kilometr məsafədə - Xankəndinə oğrun yolla gəlmiş Ermənistan prezidenti Serj Sərksiyana və onun separatçılarına ciddi bir xəbərdarlıq mesajıdır. 


Ermənistanla sərhəd olan anklav Naxçıvanda da Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilir. Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin sədrinə raport verib. Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb.

***

Azərbaycanın sülh danışıqlarında ciddi irəliləyişin olmadığı dönəmdə öz hərbi güc və qüdrətini artırması ilə məşğul olması təbii ki, indi ikiqat önəm daşıyır. Çünki aprel hadisələrindən sonra konfliktin həllində siyasi güclə yanaşı, hərbi güc amilinin rolu heç vaxt olmadığı qədər artıb. Bu amil ta o vaxta kimi əhəmiyyətini itirməyəcək ki, prezidentlərin görüşündə, nəhayət, ciddi irəliləyiş qeydə alınacaq, işğalçı Ermənistan konstruktiv mövqeyə gətiriləcək.   

Ancaq belə görünür, bu prosesə mane olan mühüm əngəllərdən biri Qarabağ məsələsində davam edən Rusiya-Qərb (ABŞ) rəqabətidir. Məsələn, Peterburq görüşünün tam məqsədinə nail olmadığını deyən sabiq dövlət müşaviri Qabil Hüseynlinin qənaətincə, Rusiya bununla iplərin tamamilə onun əlində olduğunu və bir növ supergüc kimi müəyyən bölgələrə nəzarət etdiyini sanki Qərbə nümayiş etdirib (axar.az):"Həmsədrlərin görüşün yalnız son raunduna buraxılması, onlara səlahiyyətlərini tam icra etməyə imkan verilməməsi bütün Qərb dünyasına siyasi bir mesaj idi. Putinin bir neçə gün öncə dünyanın taleyinin ABŞ-dan asılı olduğunu etiraf etməsinə baxmayaraq, əslində bu, Rusiyanın Amerikaya yenidən barmaq silkələməsi və əzələ nümayişidir. Əgər Moskva bu görüşlər silsiləsini belə ağır və istəklərinə uyğun şəkildə apararsa, bu xətt bir yerdə qırılacaq. Çünki Bakı görüş naminə görüş keçirmək fikrində deyil və bütövlükdə Azərbaycanın taleyini həll etmək kimlərəsə tapşırılmayıb. Rusiya Qarabağın iqtidarını tamamilə əlinə almaq prinsipi ilə bu məsələni həll edə bilməz. Görüşün təfərrüatı ilə bağlı bəzi detallar hələ açılmayıb. Yəni diplomatik bəyanat hələ heç nə demək deyil. Söhbət problemin mərhələli, yoxsa paket həll variantından gedir. Moskvanın dərdi ermənilərlə birlikdə Dağlıq Qarabağın statusu məsələsidir. Çox güman ki, danışıqlar bu kontekstdə gedib. Ancaq rayonların qaytarılmasının açıq və birmənalı formada vurğulanmaması və bunun yekun nəticədə elan edilməməsi görüşün əhəmiyyətini heçə endirdi”.

Politoloqa görə, hazırda əsas vurğu, diqqət tərəflər arasında etimad mühitinin yaradılmasına və böyük sülh sazişinə yönəldilməlidir: "Rusiya danışıqların gedişi ilə bağlı açıq bəyanat verməli və yaxın vaxtlarda sülh yaratmaq prosesinin yol xəritəsini bəyan etməlidir. Ən azından Azərbaycan ictimaiyyətinə bəlli olmalıdır ki, işğal edilmiş ərazilərimizin azad edilməsinin xəritəsi necə təşkil olunub. Yəni söhbət 5+2 prinsipindən, yoxsa başqa məsələdən gedir. Ermənilərin işğal edilmiş ərazilərimizdən çıxarılmasının dəqiq yol xəritəsini bilməliyik. Əks təqdirdə, əlaqələr üzülə, ordu quruculuğa daha ciddi sürət ala bilər.

Azərbaycan müharibə tərəfdarı deyil. Biz əlverişli beynəlxalq şəraitin yetişməsini gözləyirik. Hadisələrin inkişafı, yeni dünya düzəninin formalaşdırılması ilə bağlı Qərbin cəhdləri göstərir ki, Rusiya yavaş-yavaş geri çəkilməkdədir. Bu prosesdə isə Azərbaycan üçün yeni perspektiv və şanslar açılır. Çox da uzaq olmayan bir vaxtda bunun şahidi olacağıq və o zaman Azərbaycan hökm edən tərəf olacaq”.

Siyasət şöbəsi
Oxşar xəbərlər