İranda “ABŞ-ı alçaldan” abidə

  • 21 mart 2016, 11:39
"The Daily Mail” qəzeti yazır ki, İran bu ilin əvvəllərində onun ərazi sularında həbs edilmiş ABŞ dənizçilərinin abidəsini ucaldacaq.

Bu barədə bəyanatı İran İnqilab Keşikçiləri Korpusunun komandanlarından biri verib.

"The Daily Mail” yazır ki, bu xəbər böyük bir ehtimalla ABŞ-ı hiddətləndirəcək və prezident Obamanın İranla nüvə sazişinin və Tehran üzərindən sanksiyaların qaldırılmasının əleyhinə olan respublikaçıların əlinə girəvə verəcək.

İnqilab Keşikçiləri dəniz qüvvələrinin komandanı Əli Fədəvi deyib ki, abidə amerikalıların İraq qüvvələrinə təslim olduqları anı əks etdirəcək. O bildirib ki, "ABŞ dəniz piyadalarının Fars körfəzindəki həbsini göstərən çoxsaylı fotolar var və biz bunlardan öz donanma abidələrimizin ansamblında yeni bir rəmz yaradılması üçün istifadə edəcəyik”.

Britaniyanın bir sıra başqa qəzetləri yazırlar ki, abidənin Fars körfəzindəki Xərq adasında qurulacağı deyilir. Bu abidənin həm də İranın hərbi-tarixi vətənpərvərlik turist səfərləri marşrutuna daxil ediləcəyi gözlənilir.

İran ötən yanvarda həbs edilmiş 10 Amerika dənizçisinin İran sularında casusluq etdiyini bildirmiş, lakin hərbçiləri 16 saatdan sonra azad etmişdi. Xəbər verilirdi ki, Amerikanın iki hərbi katerindən birinin mühərrikində nasazlıq olduğu üçün o dayanmalı olmuş və inqilab keşikçiləri tərəfindən məhz həmin vaxt həbs edilmişdi.

Dənizçilər gecəni İranın Farsi adasındakı hərbi dəniz bazasında keçirmiş və sonradan yaxınlıqdakı ABŞ hərbi gəmilərindən birinə təhvil verilmişdilər. General Fədəvi deyib ki, Amerika dənizçiləri həbs edilənədək 40 dəqiqə ərzində çox "qeyri-peşəkar” hərəkətlərə yol vermişdilər.

Hadisə baş verəndə ABŞ-da respublikaçılar prezident Obamanın İran siyasətini bir daha tənqid etmişdilər, Trump isə prezidenti İran qarşısında acizlikdə günahlandırmışdı.

Amerika Birləşmiş Ştatları və BMT İrana qarşı əksər sanksiyaları həmin ərəfədə qaldırmış və respublikaçılar administrasiyasını tənqid atəşinə tutmuşdular. (bbc.com/azeri)
Oxşar xəbərlər