“Rusiya İlham Əliyevi yaxşı tanıyır...”

  • 26 fev 2016, 21:21

Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya” fraksiyasından olan deputatı Aleksandr Tarnavski prezidentlər Vladimir Putinlə İlham Əliyev arasında bir gün əvvəlki telefon danışığını şərh edib.

Virtualaz.org xəbər verir ki, deputat "Moskva-Baku” portalına müsahibəsində prezidentlərin Suriyaya dair atəşkəs razılaşmasını müzakirə etmələrinə münasibət bildirərək Bakının bu münaqişədə vasitəçilik imkanlarından danışıb.

"Əgər dəvət etsələr, Azərbaycan münaqişənin nizamlanmasında öz rolunu oynaya bilər. Çünki ölkənin danışıqlar prosesini aparmaq, sülhə nail olmaq vərdişləri var. Biz Qarabağ münaqişəsini müxtəlif cür qiymətləndirə bilərik, ancaq xatırlayırıq ki, situasiya hərbi münaqişəyə yaxın olanda Azərbaycan müəyyən kompromis tapa bilir və tarazlığı saxlayır”-deputat deyib.

A.Tarnavski Azərbaycanın Türkiyə və Rusiya arasında seçim etmək məcburiyyəti qarşısında qalması barədə fikirlərə toxunaraq bildirib ki, prezident İlham Əliyev müdrik siyasətçidir. Genində danışıqları diplomatik şəkildə aparmaq və ölkəni idarə etmək müdrikliyi var. "Ona görə də, Azərbaycan rəhbərliyinin müdrikliyi kifayət edəcək ki, sülh işinə xidmət edən düzgün mövqe tutsun. Bu mövqe necə olacaq? Başa düşürük ki, danışıqların açıq hissəsi olur, qapalı hissəsi olur. Bu, başqa məsələdir”, - Tarnavski bildirib.

Dövlət Dumasının deputatının fikrincə, necə olsa da, Türkiyə və Rusiya Azərbaycanın qonşusu olaraq qalacaq. Tarnavski kiminsə gərginliyin artmasında maraqlı olduğunu düşünmədiyini deyib. "Rusiya İlham Əliyevi yaxşı tanıyır və onun müdrikliyini, situasiyaya obyektiv qiymət vermək qabiliyyətini qiymətləndirir. Bu planda hamı öz milli maraqlarını güdəcək, ancaq eyni zamanda hansısa kompromisə nail olmağa da çalışacaq. Bilmirəm, Ərdoğanın hakimiyyəti dövründə Rusiya ilə belə kompromis mümkündürmü? Hələlik mən kompromis üçün məkan görmürəm”, - deputat əlavə edib.

 

Demokratik.Az