Azərbaycan anti-Rusiya koalisiyasına qoşula bilər?

  • 21 fev 2016, 18:06

Elmar Məmmədyarovun bəyanatı prezidentin mövqeyi ilə ziddiyyət təşkil edir.

Ərəstun Oruclu: «Araz Əzimov Əsədin dəstəkləndiyini bildirir, Məmmədyarov İslam koalisiyasına qoşulmağın mümkünlüyünü bəyan edir»

Azərbaycan Suriyada antiterror İslam koalisiyasına qoşula bilər. Bu barədə  xarici işlər naziri Elmar Məmmədyarov türk həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirərkən deyib. 
E.Məmmədyarov Azərbaycanın İslam koalisiyasına qoşulması barədə hələlik qərar qəbul olunmadığını deyib. "Koalisiyaya qoşulmaq üçün təklif almışıq. Qərar hələ qəbul olunmayıb. Azərbaycanın koalisiyada hansı şəkildə iştirak edə biləcəyini müzakirə edirik".

Səudiyyə Ərəbistanı 2015-ci il dekabrın 15-də terrorizmlə mübarizə üzrə İslam Hərbi Koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyaya 34 ölkə daxildir. Ərəbistan yarımadası ölkələrindən hərbi ittifaqda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt, Yəmən iştirak edir.  Afrika ölkələrindən koalisiyaya Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Fil Dişi Sahili, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger və Nigeriya qatılıb.

Bundan başqa, ittifaqda İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları və Malayziya var.

Səudiyyə Ərəbistanının regiondakı əsas rəqibi və şiə dövləti olan İran və regionun əhalisinin əksəriyyəti müsəlman olan Suriya, İraq və Oman kimi dövlətlər koalisiyaya daxil olmayıb.
Koalisiyanın yaradılmasında əsas məqsəd Səudiyyə Ərəbistanı başda olmaqla bu birliyə daxil olan ölkələrin terrorizmlə mübarizə üzrə hərbi ittifaqını formalaşdırmaq, hərbi əməliyyatları uzlaşdırmaq və dəstəkləməkdir. Müştərək əməliyyat mərkəzi Ər-Riyadda yerləşəcək.

Qeyd edək ki, Azərbaycan üçün "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulması barədə təklif Səudiyyə Ərəbistanından gəlib. Bu məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında ötən ilin dekabr ayında telefon danışığı olub. Həmin vaxt  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirmişdi ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir.
Politoloq Ərəstun Oruclu hesab edir ki, Elmar Məmmədyarovun açıqlaması yayındırıcı bəyanatdır. "Yəni "qoşula bilərik" qoşulmaq demək deyil və diplomatik bir cavabdır. Məsələ ondadır ki, bu gün faktiki olaraq hər iki tərəf Azərbaycandan mövqe gözləyir. Türkiyə bunu yumşaq şəkildə edir, Azərbaycanı öz tərəfinə çəkmək, onu özü ilə birlikdə görmək istədiyini ifadə edirsə, Rusiya bunu daha sərt üsullarla həyata keçirir. Yəni ənənəvi üsulları var. Gah sərhəddə maşınlara problem yaradırlar, gah Rusiya mətbuatında təhdid xarakterli yazılar dərc edirlər, Kreml politoloqlarının ritorikasında müharibə hədələri səslənir və s. Amma Azərbaycan prezidenti İlham Əliyev Gəncədəki çıxışında bildirdi ki, bizə aidiyyatı olmayan məsələlərə qatmaq istəyirlər, ancaq bizim aidiyyatı olmayan işlərə qarışmaq fikrimiz yoxdur. "Bizə aidiyyatı olmayan məsələlər" dedikdə yəqin ki, Suriya  problemini, antirerror koalisiyasını nəzərdə tutur. Hansı ki, qoşulma təklifi ilk olaraq dekabr ayında Səudiyyə Ərəbistanının XİN rəhbərindən gəlib. Rusiya da öz növbəsində bir antiterror koalisiyası yaradıb. Hələlik Rusiyanın koalisiyasında özüdür, İrandır, Hizbullahdır, Əsəddir. Özlərini bəyan etdiklərinə görə İŞİD-lə mübarizə aparırlar. Qərb iddia edir ki, əslində, İran və Rusiya heç də İŞİD-lə mübarizə aparmır,  əksinə, İŞİD-ə qarşı olan digər silahlı birləşmələrlə mübarizə aparırlar. Müxtəlif hesablamalara görə, bu gün faktiki olaraq Suriyada 4-5 silahlı tərəf var ki, onlar öz aralarında müxtəlif bölgü, mövqe döyüşləri aparırlar, ərazilərə nəzarəti artırmağa cəhd edirlər. Belə olan halda, Azərbaycanın İslam koalisiyasına qoşulacağını düşünmürəm. İlham Əliyevin bəyanatı daha ciddi idi, nəinki Elmar Məmmədyarovun açıqlaması. Bundan başqa, son günlərdə üçüncü bir bəyanat da olub. Xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyanın "Die Presse" qəzetinə müsahibəsində Bəşər Əsəd rejiminə dəstək ifadə etmişdi. Yəni 3-4 gün ərzində hökumətin 3 mövqeyi olub. Mövqelərdən biri deyir ki, Əsəd rejimini dəstəkləyirik, digəri deyir ki, biz koalisiyaya qoşulmaqla buna qarşı ola bilərik, üçüncüsü isə deyir ki, biz qarışmırıq. İndi burdan nə qənaətə gəlmək olar? Mən bu qənaətdəyəm ki, bu məsələlərlə bağlı rəsmi Bakının konkret qərarı yoxdur və olacağı da gözlənilmir. Amma Elmar Məmmədyarovun bəyanatı ilə bağlı əminəm ki, Rusiyadan reaksiyalar görəcəyik və bundan sonra yenə Azərbaycan geri çəkiləcək, yenə qarışmayacaq bu işlərə. Bu düzdür, ya səhvdir, artıq başqa mövzunun söhbətidir" - deyə Ə.Oruclu bildirdi.

Qeyd edək ki, Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iki gün əvvəl keçirdiyi brifinqdə bildirib ki, İslam koalisiyasına qoşulmaq haqqında qərar vermək Azərbaycanın suveren hüququdur. "Bu, Azərbaycanın suveren hüququdur. Azərbaycan dövlətinin səlahiyyətində olan məsələdir. O ki qaldı Rusiyanın yeni yaradılan koalisiyalara münasibətinə, deyə bilərəm ki, bu günə kimi ABŞ-ın rəhbərlik etdiyi koalisiya mövcud olub. Yeni koalisiyanın yaradılması hansı ehtiyacdan irəli gəlir, məlum deyil. Yeni koalisiyanın yaradılması proses xatirinə prosesdir" - M. Zaxarova deyib.  

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər