Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib-Londonda

  • 21 fev 2016, 10:45
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan-Britaniya Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Londonda yürüş-mitinq keçirilib. Modern.az saytı xəbər verir ki, yağışlı hava şəraitinə baxmayaraq bir neçə saat davam edən yürüş-mitinqdə Britaniyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə yanaçı, xarici tələbələr də iştirak edib.  

Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, "Xocalıya ədalət!”, "Rədd olsun erməni terrorizmi!”, "Biz ədalət tələb edirik”, "Biz sülh istəyirik”, "Sarkisyan terrorçudur”, "Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.   Trafalqar meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.  

Yoldan keçərkən aksiyanı görən və soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçiləri həmvətənlərimizə dəstək olduqlarını bildiriblər.   Aksiya Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.    
 
Demokratik.Az