İvanişvili azərbaycanlıların səslərini Saakaşvilidən oğurlayıb

  • 01 fev 2016, 22:07
Gürcüstanın azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda ötən həftə baş tutmuş növbədənkənar rayon başçısı seçkilərində namizədliyi hakim «Gürcü arzusu» partiyası tərəfindən irəli sürülmüş Qoça Camarauli «Vahid milli hərəkat»ın (VMH, keçmiş prezident Mixail Saakaşvilinin partiyası, müxalifətdədir) namizədi Besik Kaxabrişvilini 9 min səs qabaqlayıb. Lakin Gürcüstanın əsas müxalifət partiyası hesab edir ki, seçkilərin gedişi və nəticələri saxtalaşdırılıb.

Haqqın.az saytına müsahibə vermiş Mixail Saakaşvili hökumətində probasiya, cəzaların yerinə yetirilməsi və hüquqi dəstək naziri, maarif və elm naziri, müdafiə naziri vəzifələrində çalışmış Dmitri Şaşkin deyib ki, «Gürcü arzusu» ədalətli qələbə qazanmayıb.

Onun fikrincə, hakim partiya Qardabanidə VHM üzvlərinə və tərəfdarlarına qarşı şantaj və təxribat üsullarından istifadə edib, qələbə qazanmaq üçün inzibati gücünü tam mənada işlədib və qələbəni müxalifət partiyasından oğurlayıb.

«Buna baxmayaraq, biz Gürcüstanın gələcəyi naminə mübarizəmizi davam etdirəcəyik və mütləq qalib gələcəyik. Ədalətli seçkilər Gürcüstan xalqının haqqıdır», - Şaşkin belə deyib.
Oxşar xəbərlər