ATƏT PA rəhbəri Azərbaycana gələcək

  • 20 yan 2016, 20:23
ATƏT-in Parlament Assambleyasının prezidenti İlkka Kanerva yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə bildirib.

İ.Kanerva Azərbaycan parlamentində və digər rəsmi orqanlarda görüşlər keçirəcək.
Görüşdə ATƏT PA ilə münasibətlər, ATƏT -in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.

"Azərbaycan ATƏT ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək”, -  B.Muradova bildirib. 

O, qeyd edib ki, Azərbaycanla ATƏT-in Parlament Assambleyası arasında heç bir problem yoxdur.

"Biz Azərbaycan tərəfi olaraq ATƏT ilə münasibətlərə hər zaman önəm vermişik. Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti yalnız həmin təşkilatlar üçün deyil, Azərbaycan üçün də vacibdir. Düzdür, ATƏT PA-dan Azərbaycanda parlament seçkilərini müşahidə etməyə gəlmədilər, lakin ATƏT PA ilə Azərbaycan arasında heç bir problem yoxdur. Amma bu, bir siyasətdir, münasibətlərdə enmələr də, qalxmalar da olur. Əməkdaşlığa mane olan məsələlər nədirsə, onu açıq şəkildə vurğulamaq lazımdır” (Turan).