İlham Əliyev siyasi dustaqları niyə buraxmadı – operativ şərh

  • 29 dek 2015, 20:17
Prezident gözlənilən əfv sərəncamını imzaladı, siyahı dərc olundu. Lakin orada siyasi dustaqların adları yoxdur! Bu fakt bir çoxları kimi, "Yeni Müsavat” qəzetinin kollektivini də məyus etdi. Çünki siyasi və vicdan məhbusları arasında bizim də yaxınımız var -  yazarımız Tofiq Yaqublu.

Bunun belə olacağını hələ parlamentin ötən həftədəki iclasında Milli Məclisin spikeri Oqtay Əsədov anons etmişdi. O, demişdi ki, Kris Smit kimilər imkan vermir ki, Azərbaycan dustaq problemini həll etsin. Sitat: "Bu il 31 dekabrda əfv fərmanı olacağı gözlənir. Bununla onlar qəsdən istəyirlər ki, əfv fərmanına kimsə düşməsin. Bundan sonra Azərbaycana qarşı istifadə etmək niyyətləri var. ” 

Buradakı məntiq də bu idi ki, ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı təqdim etdiyi qanun layihəsi iqtidara meydan oxumaqdır. Tarixdə ilk dəfə olaraq, Amerika Azərbaycan rəsmilərinə sanksiya tətbiq etməyi qanun layihəsi şəklində müzakirəyə çıxardıb. Bunun olmaması üçün də şərtlər qoyub. Şərtlərin də başında Qərbin siyasi və vicdan məhbusları kimi tanıdığı şəxslərin, ictimai-siyasi fəalların azadlığa buraxılması dayanır. Azərbaycan hakimiyyəti, xüsusi ilə də prezident bu cür təzyiqləri sevmir. Və hər dəfə də Qərb paytaxtlarından gələn bu cür təzyiqlər tərs təpir. 

Bu dəfə də belə oldu. Bunu Oqtay Əsədov, digər iqtidaryönümlülər anons etmədən də təxmin etmək mümkün idi. Azərbaycan hakimiyyəti Qərb ölkələrinin təzyiq və tələbləri qarşısında bir duruş  -  taktika müəyyənləşdirib, bunu pozmağa da həvəsli və niyyətli görünmür.  

Musavat.com-un yazarı Əfv Komissiyasının üzvləri, iqtidar yönümlü deputatlardan fikir alıb. Onların bir-birindən xəbərsiz ortaq fikirləri də bu yazının indiyə qədər düzülən cümlələrindəki məntiqə uyğundur: hər kəs hesab edir ki, Kris Smit məlum layihəni Konqresə təqdim etməsəydi, ilin sonunda Azərbaycan iqtidarına Vaşinqtondan bu cür təzyiq gəlməsə idi Tofiq Yaqublu da, Xədicə İsmayılova da, Rauf Mirqədirov da azadlıqda olacaqdı (sonuncu məhkəmə vasitəsi ilə, Yunuslarda olduğu kimi, zaldan azadlığa buraxılacaqdı). Lakin bu baş vermədi.

Bu, o deməkdir ki, şəxsən prezident Əliyev başda olmaqla, Azərbaycan hakimiyyəti Amerikanın sanksiya hədələrinə dəvətnamə yolladılar, ondan qorxub-çəkinmədiklərini nümayiş etdirməklə yanaşı, həm də özlərini əsas zərbə nöqtəsinə çıxartdılar. Çox yox, günü sabahdan başlayaraq, artıq Qərb paytaxtlarında Azərbaycan hakimiyyətinə daha sərt, daha kəskin mövqelər sərgilənəcək. Çünki burada təkcə Azərbaycan hakimiyyətinin deyil, Amerika başda olmaqla, Qərbin də qürur məsələsi ortalıqdadır. 

Azərbaycanın siyasi müxalifəti isə bu prosesdən dirilmə, yenilənmə və yenidən formatlanma şansı qazandı. Ölkədə Qərbin işləyə biləcəyi başqa format, komponentlər olmadığı üçün, məcbur, yenə də ənənəvi müxalifətlə işləyəcək, onun reanimasiyası üçün mümkün olan hər şeyi edəcəklər. Lakin bunun Azərbaycana, buradakı demokratiya səviyyəsinin yüksəlməsinə, Azərbaycan hakimiyyətininsə geri çəkilməsinə səbəb olub-olmayacağı qeyri - müəyyəndir. Azərbaycan iqtidarı, maliyyə krizisi, iqtisadi siyasətindəki böhranlı hala baxmayaraq, asanlıqla uyum göstərəcək qəbildən qüvvə sayılmır. Təkcə ABŞ-a qarşı sanksiyalar tətbiq etməklə bağlı aparılan kampaniya və MM-ə qanun layihəsinin təqdim edilməsi dediklərimizə bariz sübutdur. 

Nə oldusa, siyasi dustaqlara, vicdan məhbuslarına və onların yaxınlarına oldu. Azərbaycana oldu. Daha bir gözlənti özünü doğrultmadı. Dəyərli, ölkəsini sevən vətənpərvər insanlarımız boş yerə həbsxanalarda qaldılar. 

Onlardan biri də yazarımız Tofiq Yaqubludur. 

Lakin Tofiq bəy və digər bir sıra vicdan məhbusları harada olmalarından asılı olmayaraq, bu ölkənin yaraşığı, vicdanı və mərkəzi fiqurudurlar. 

Rauf Arifoğlu
Oxşar xəbərlər