Ankaranın böyük uğuru: Türkiyə-AB anlaşması

  • 02 dek 2015, 08:54

Politoloq: "Brüssel anladı ki, Türkiyəsiz bu problemi həll edə bilməyəcək...”

 

Türkiyə ilə Avropa Birliyi arasında uzun müddətdən bəri davam edən gərginliyi isti münasibətlər əvəzləyib. Noyabrın 29-da Brüssel şəhərində keçirilən ikitərəfli danışıqların müsbət sonluqla bitməsi Ankaranın diplomatik qələbəsi kimi qiymətləndirilir. 

Əldə olunan razılığa əsasən, Türkiyə Avropa Birliyi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərsə, gələn ilin oktyabr ayından etibarən bu ölkə ilə AB arasında vizasız rejim tətbiq ediləcək. Bundan əlavə, Türkiyə ilə AB arasında daha 3 məsələ öz həllini tapıb. Tərəflər arasında əldə edilən razılıqlar aşağıdakı kimidir: 1. Avropa Birliyi qaçqınların vəziyyəti ilə bağlı edilən yardımları nəzərdən keçirəcək. 2. Türkiyə burada yaşayacaq suriyalı qaçqınların işlə təmin edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik ediləcək. Hər il Avropa Birliyi ilə Türkiyə arasında bir toplantı keçiriləcək. 3. İl ərzində 2 sammit keçiriləcək.

Türkiyənin baş naziri Əhməd Davudoğlu AB-nin Türkiyəyə 3 milyard avro yardım göstərəcəyi barədə məlumatları şərh edərkən deyib ki, əslində bu, Suriya qaçqınlarına ayrılan vəsaitdir. Türkiyənin indiyədək 2,5 milyon qaçqını qəbul etməsini nəzərə alsaq, bu, qardaş ölkənin xərclərinin qarşılığında elə də böyük vəsait deyil. Yəni bu yardımın daha çox siyasi çəkisi var. Rusiya ilə qarşısdurma vəziyyətində olan və Kremlin sanksiyaları ilə üzləşən Türkiyənin Avropadan açıq dəstək alması çox mühüm məsələdir. 

Düzdür, bundan sonra Avropa Birliyinin öz qapılarını Türkiyəninü üzünə taybatay açması da inandırıcı görünmür. Çünki hələ də Türkiyəyə aqressiya ilə yanaşan qüvvələr az deyil. Elə bu arada Avropa Birliyinin (AB) Türkiyənin quruma üzvlüyü üçün müzakirələri bərpa etməsi İtaliya müxalifətini qəzəbləndirib. Sağçı Şimal Liqası (Lega Nord) Partiyasının lideri Matteo Salvini Türkiyə-AB zirvəsindən sonra twitter-də Türkiyə əleyhinə fikirlər paylaşıb. "Miqrantlar üçün Avropadan Türkiyəyə 3 milyard avroluq bir hədiyyə. Bəziləri də eyni Türkiyənin Avropa Birliyinə girməsini istəyir. Onlar Avropa Birliyinə girirsə, biz çıxaq” - partiya lideri yazıb. Üstəlik, Avropa Birliyi Türkiyənin qarşısına illərdir öhdəliklər qoyub və onların həllini tələb edir. Kipr probleminin çözülməsi də onlardan biridir.  

Fransanın keçmiş rəhbərliyinin "nə Türkiyə Avropa Birliyinə lazımdır, nə də Avropa Birliyi Türkiyəyə” yanaşmasından fərqli olaraq bu gün situasiya tam fərqlidir. Bəzi müşahidəçilər hesab edir ki, Türkiyənin qaçqın axınının qarşısında bufer ölkə rolunu oynaması, üstəlik, Rusiyaya qarşı açıq dirənişi onun önəmini artırıb. Hətta Türkiyə-Avropa Birliyi sammitinə Almaniyanın kansleri Angela Merkel də qatılıb. Hansı ki, Merkel bir neçə il öncə "Biz Türkiyənin tam hüquqlu üzvlüyünü istəmirik” demişdi. Türkiyə-Avropa Birliyi münasibətləri hara qədər inkişaf edə bilər? Ümumiyyətlə, AB-nin Ankaraya "yaşıl işıq” yandırmasının səbəbləri nədir?


"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Avropa Birliyinin Türkiyə ilə yaxınlaşmaq istəyi Türkiyə-Rusiya gərginliyi ilə bağlı deyil: "Bunun üçün NATO var. Avropa Birliyi-Türkiyə sammiti Rusiya təyyarəsinin vurulmasından öncə razılaşdırılmışdı. Bu haqda ”Böyük iyirmilərin" Antalya toplantısında razılıq əldə edilmişdi. Avropa Birliyi çox çətin durumda olduğundan Türkiyəyə müraciət etdi. Yoxsa miqrant axını Avropada problem yaratmasaydı, Brüssel Ankara "gəl, oturaq, ortaq mövzuları müzakirə edək” kimi təklif irəli sürməzdi. Avropa Birliyi illərdir Türkiyə ilə müzakirəyə ehtiyac duymurdu, qapılarını qardaş ölkənin üzünə qapatmışdı, birliyə üzvlük məsələsini arxa plana keçirmişdi. Digər tərəfdən Suriyada başlayan müharibə nəticəsində 2 milyon qaçqın Türkiyəyə yerləşdirildikdə də Brüssel susurdu, Türkiyəyə heç bir maddi və mənəvi dəstək vermirdi və düşünürdü ki, "bundan bizə nə?” Ancaq elə ki, həmin qaçqınların bir hissəsi müxtəlif yollarla Avropaya axın etdi, Parisdə terror aksiyası oldu, Brüssel anladı ki, Türkiyəsiz bu problemi həll edə bilməyəcək". 

E.Şahinoğlunun sözlərinə görə, hazırda vəziyyət Türkiyənin xeyrinə dəyişib: "Birincisi, Avropa Birliyi Türkiyədəki qaçqınlara 3 milyard dollar yardım ayıracağını açıqlayıb. Əslində Brüssel bunu Türkiyəyə minnət etməməlidir. Çünki Türkiyənin özü qaçqınlara artıq 7 milyard dollar xərcləyib. İkincisi, Avropa Birliyi gələn il Türkiyə vətəndaşlarına vizasız gediş-gəliş vədi verib. Və ən nəhayət, üçüncüsü, Avropa Birliyi Türkiyə ilə üzvlük məsələsini yenidən müzakirəyə çıxaracaq. Əlbəttə, bunlar önəmli addımlardır. Ancaq Brüssel ikili standartlarından da əl çəkmir. Türkiyəyə ayıracağı 3 milyarda belə bir şərt qoşur ki, ”xərclərin monitorinqini aparacağıq". Yaxud Avropa Birliyi Türkiyənin üzvlüyü üçün "Türkiyə Kirp probleminin həllini sürətləndirməlidir” deyilir. Aydındır ki, Kipr probleminin həllində Ankara bəlkə də Brüsseldən çox maraqlıdır. Ancaq Ankara Kipr türklərinin haqlarının pozulması və ya nəzərə alınmaması hesabına Brüsselin tələbini yerinə yetirməyəcək". 

Buna baxmayaraq, politoloq əmindir ki, Brüssellə münasibətlərdə iplər Türkiyənin əlindədir: "Türkiyə mirqant axınının Avropaya yön almaması üçün ciddi nəzarət tətbiq edəcək. Bu yolla Avropa İŞİD üzvlərinin köhnə qitəyə istiqamətlənməsinin də qarşısını ala biləcəyini proqnozlaşdırır. Türkiyə bunu bacararsa, Brüssel Ankara ilə üzvlük məsələsini ciddi şəkildə müzakirə etməli olacaq. Əks halda, Ankaranın nə marağı olacaq ki, suriyalı qaçqınların tamamına təkbaşına nəzarət etsin?”

Cavid TURAN
Oxşar xəbərlər