Əli Kərimli, yoxsa Razi Nurullayev?

  • 13 noy 2015, 19:02
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son qurultayının nəticələrini geri qaytarıb. Bu barədə AXCP sədri Əli Kərimli məlumat verib. 

O qeyd edib ki, Ədliyyə Nazirliyi keçmiş müavini Razi Nurullayevin yaratdığı qeyri-qanuni AXCP-ni tanımaq niyyətindədir. Bəs Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini tanıyacaqsa, başqa partiyalar onunla əməkdaşlıq edəcəkmi? 

Modern.az saytı bu sualla partiyalara müraciət edib. 

Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirib ki, bu məsələdə vacib olan ictimaiyyətin rəyidir: 

"Heç bir şübhə yoxdur ki, Azərbaycan ictimaiyyəti AXCP adına iddia edənləri deyil, məhz Əli Kərimlinin sədrlik etdiyi partiyanı AXCP hesab edir. Hazırda kiminsə adına partiya qeydiyyatdan keçirilməsi bizim və ictimaiyyətin siyasi mövqeyinə təsir edə bilməz”. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Ədliyyə Nazirliyi ola bilər ki, nizamnamə və yaxud da prosedur qaydaları ilə əlaqədar hansısa düzəlişlər edilməsi ilə üçün nəticələri geri qaytarıb: 

"Heç nə konkretləşmədən məsələyə münasibət bildirmək istəmirəm. Təşkilatla bağlı yekun qərar verildikdən sonra biz, məsələyə siyasi münasibət bildirəcəyik”. 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı AXCP ilə əməkdaşlıq etmədiklərini söyləyib: 

"Biz, Ana Vətən Partiyası olaraq AXCP ilə əməkdaşlıq etmirik. Onlar radikal mövqedə duran, bir sıra hallarda xarici anti-Azərbaycan qüvvələrinin yanında yer alan partiyadırlar. Bu səbəbdən də, uzun illərdir ki, onlarla əməkdaşlıq etmirik. Ona görə də qeydiyyata alınıb-alınmamağından asılı olmayaraq, onlarla hər hansısa bir şəkildə əməkdaşlıq etmək niyyətində deyilik”. 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovməsələ ilə bağlı hər hansı bir fikir söyləmək üçün erkən olduğunu bildirib: "Təşkilat qeydiyyatdan keçəcəyi halda, bu məsələyə baxmaq olar. İndidən nəsə fikir söyləmək tezdir”. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Əli Kərimli ilə yaxından hər hansı bir münasibətləri olmadığını bildirib: 

"Əli Kərimlinin mövqeyinə görə, dövlət orqanı Azərbaycandakı qanunvericiliyə yanlış yanaşmalı deyil. Uzun müddətdir ki, Əli Kərimli o təşkilata rəhbərlik edir. Təşkilatın da qanunu təmsilçisi Əli Kərimlidir. Əgər Əli Kərimlinin haqqında məhkəmə qaydası ilə təsdiq olunmuş qərar yoxdursa, kimsə təşkilatın başqa birinə məxsus olduğunu deyə bilməz”.
Oxşar xəbərlər