Diplomatlar üçün "qorxulu qanun" qüvvəyə mindi

  • 02 noy 2015, 19:53

 

Azərbaycan prezidenti İlham Əliyev "Diplomatik xidmət haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Qanuna edilən dəyişikliklərə görə Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir, diplomatların məsuliyyət hissi artırılır.

Konkret olaraq xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Qeyd edək ki, müvafiq maddənin köhnə variantı belə olub: "Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər".

Əlavədən sonra qanunun 11.2-ci maddəsi belə olub: "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər".