SEÇKİYƏ İLBƏİL ARTAN İNAMSIZLIQ – Bizi hara aparır?...

  • 26 dek 2019, 00:08

Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 23-də baş tutan bələdiyyə seçkilərində açıqladığı seçici fəallığı günün ən ciddi hadisəsi idi. Bütün seçkilərdə yüksək rəqəmlər təqdim edən MSK, bu dəfə cəmi 32 faizlə kifayətləndi. Bu, 5 il əvvəlki seçkilərdən 6 faiz daha aşağı nəticə idi. Deməli, əhalinin seçkilərə və bələdiyyələrə inamı getdikcə azalır.

Məntiqlə bələdiyyə seçkilərində yüksək seçici fəallığı olmalıdır. 1600-dən çox bələdiyyəyə 15 mindən artıq üzv seçilməlidir. Bu seçimlər Azərbaycanı kənd-kənd əhatə edirsə, yerli özünü idarəçilikdə iştirak etməyə minlərlə namizəd varsa, vətəndaşlar niyə bu rəqabətdə, yeni imkanlar yaradan şanslardan istifadə etmək istəməyiblər? Yaxud, insanlar niyə yerli hakimiyyətdə kimlərin olacağına bu qədər biganədirlər?

Əlbəttə, bunlar ritorik suallardır - ölkədəki ictimai-siyasi ab-havanı bir az duysaq, problemləri, onun səbəbələrini sıralamaq olar.

Azərbaycanda seçkilərin keçirilmə mexanizmləri inzibati amirlik sisteminin tələbatına uyğunlaşdırılıb və illərdir dəyişməyən nəticələr bu institutun zəifləməsinə gətirib çıxarıb. Artıq cəmiyyət seçilmə, seçmə yox, bütün sahələrdə təyinetmə prinsipinin işlədiyinə alışıb. Bu reallığı dəyişəcək siyasi qüvvələr və ya başqa vətəndaş təşəbbüsləri, alternativlər ya yoxdur, ya da çox zəifdirlər. Odur ki, siyasi qüvvələrin əhəmiyyətli bir hissəsi təklif olunan təyinetmə üsulundan yararlanmağa cəhd edir. Onların təsəvvürünə görə, formalaşan ictimai-siyasi mühitdən kənarda siyasi həyat yoxdur, oradan aralanıb çəkisizlik şəraitinə düşməkdənsə, zamanın diqtəsi ilə ayaqlaşmaq lazımdır. Bunun əksini iddia edənlərin maksimalist yanaşması var. Amma onları həyata keçirmək üçün mühitə daxil olub, yaxud, kənardan onu zədələyib yıpratmaq cəhdləri işə yaramır. Cəmiyyət hər iki təklifə biganə olduğuna görə oyun qaydalarını diqtə edən hakim siyasi qüvvə yaratdığı şəraitdə özünü rahat hiss edir.

İkinci əsas məqam bələdiyyələrin yerli özünüidarəetmə institutu kimi özünü doğrultmamasıdır. Yaranmasından 20 il ötməsinə baxmayaraq, bələdiyyələrin normal fəaliyyəti üçün hüquqi, siyasi imkanlar yoxdur. Yerlərdə əsas idarəçilik rıçaqları icra hakimiyyətlərindədir, dövlət bu qurumu dəstəkləyir və onun fəaliyyətini daim gücləndirir. Bunun fonunda bələdiyyələrin səlahiyyətləri, maliyyə imkanları yoxdur, onlar dövlət dotasiyasına möhtacdırlar, heç bir təşəbbüslə çıxış edə bilmirlər. Ötən ilin statistik məlumatlarına görə, bütün bələdiyyələrin gəlirləri cəmi 36 milyon manat olub. Bu, 50 milyard dollara qədər ÜDM olan Azərbaycan üçün olduqca simvolik rəqəmlərdir və bələdiyyələrin real hakimiyyətini, maliyyə durumun özündə əks etdirir.

Azərbaycanda bələdiyyə institununun zəif olmasını şərtlədirən vacib problemlərdən biri də paytaxtda və iri şəhərlərdə yerli özünüidarə qurumlarının olmamasıdır. Avropa Şurasının 20 ildir tələb etməsinə baxmayaraq, nə Bakıda, nə ölkənin başqa şəhərlərində böyük şəhər bələdiyyələri yaradılmır. Hakimiyyət bütün rıçaqları bilavasitə əlində saxlayır və burada ictimai iştirakçılığı, vətəndaş idarəçiliyini yaxın qoymur.

Cəmiyyəti dərindən məyus edən, seçkidən və idarəçilikdən uzaqlaşdıran əsas faktorlar bunlardır və bu tendensiyanın çox pis nəticələri də ola bilər. Azərbaycan dövlətininin Konstitusiyasında Respublika quruluşu təsbit olunub və əsas Qanuna görə ölkənin idarə olunması bilavasitə xalqın iradəsi ilə həyata keçirilir. Real vəziyyətdə cəmiyyətin bələdiyyələrdən, parlamentdən uzaq düşməsi, seçkili orqanların formal mahiyyətə gətirilməsi ciddi kataklizmlərə yol aça bilər. Bu gün ölkədə sabitlikdir, siyasi qarşıdurma, vətəndaş itaətsizliyi və s. mənfi tendensiyalar yoxdur. Amma əhalini narahat edən ciddi sosial problemlər var, ölkənin bir hissəsi işğal altındadır, qlobal ziddiyyətlərin toqquşduğu həssas bölgədə yerləşir. Habelə, müxtəlif radikal dini cərəyanların ayaq açdığı, yuva qurduğu ölkəyik. Yaxın illərin təcrübəsi göstərir ki, cəmiyyətimiz yaxın-uzaq bölgələrdə baş verən hadisələrdən tez təsirlənir. 

Bu reallıqlar ölkənin milli təhlükəsizliyinin qorunması üçün mühüm addımların atılmasını diqtə edir. İlk növbədə xalqın hakimiyyət qollarına inamı bərpa olunmalıdır, yerli mediaya inanmalıdır və güclü siyasi institutlaşma baş verməlidir. Bu, ölkədə vətəndaş birliyinin, milli həmrəyliyin, ictimai rəyin formalaşmasının başlıca təməlidir. Ki, onu atmaq üçün ölkədə etimad doğuran seçkilər keçirilməli, demokratik prinsiplərə uyğun balanslı siyasi idarəçilik bərəqrar olunmalıdır. Yalnız belə güclü siyasi sistemlər daxildən və xaricdən dövlətə qarşı olan təhdidləri neytrallaşdıra bilər.

Elçin Rüstəmli 

Oxşar xəbərlər