Növbəti illərdə referendum keçirilə bilər - səbəb

  • 11 dek 2019, 09:52

Növbədənkənar seçkilər yeni vəziyyət yaradıb

9 fevrala parlament seçkisinin təyin edilməsi o deməkdir ki, 2025-ci ilin fevralında və aprelində ard-arda seçkilər olacaq. Parlament və prezident seçkiləri. Bəs, bu iki mühüm seçkinin demək olar ki, üst-üstə düşməsindən çıxış yolu necə tapıla bilər? Yoxsa hər iki seçkini də ard-arda keçirmək mümkündür?

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə "Yeni Müsavat”a bildirdi ki, parlamentin 5 il müddətinə seçildiyini nəzərə alsaq 2020-ci il fevralın 9-da keçiriləcək seçkilərin nəticəsi olaraq formalaşacaq parlamentin səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatacaq. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsində isə birmənalı olaraq göstərilib ki, Milli Məclisin hər çağırışının seçkiləri 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir: "Bu o deməkdir ki, 2025-ci ildə parlamentin səlahiyyətləri fevral ayında bitir, növbəti parlament seçkiləri isə Konstitusiyaya müvafiq olaraq təxminən 9 ay sonra, noyabr ayında keçirilməlidir. Onu da nəzərə almaq lazımdır ki, qanunvericilikdə heç bir orqanın parlamentin səlahiyyət müddətini artırmaq hüququ yoxdur. Belə olan halda konstitusion müddəa olduğu səbəbindən parlament seçkilərinin Konstitusiyada müəyyən edilmiş konkret gündən fərqli vaxtda keçirilməsi üçün Konstitusiya düzəlişlərini özündə ehtiva edən ümumxalq səsverməsi-referendum keçirilməsi zərurəti yaranır.

Deməli, 2025-ci ildə keçiriləcək parlament seçkilərinə qədər Milli Məclisə seçkilərin gününü təyin etmək məqsədi ilə referendum keçirilməlidir. Prezident seçkilərinə gəldikdə isə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü prezident seçkiləri keçirilir. Göründüyü kimi, bu məsələdə də qanunvericilikdə müvafiq dəyişiklik edilməsi zərurəti yaranır. Lakin, prezident seçkilərinin keçirilməsi günü ilə bağlı müddəa yalnız Seçki Məcəlləsi ilə təsbit edildiyindən bu dəyişikliyin edilməsi proseduru daha asandır, yəni bu məqsədlə referendum keçirilməsinə ehtiyac yoxdur”.

Beləliklə, görünən odur ki, növbəti 5 ildə həm konstitusiya dəyişikliklərini nəzərdə tutan ümumxalq səsverməsinin-referendum keçirilməsinə, eyni zamanda Seçki Məcəlləsində müvafiq dəyişikliklərin ediləcəyinə şahidlik edəcəyik.

Oxşar xəbərlər