Gəncədə seçki gəlişməsi! Kimlər bələdiyyə sədri olmaq istəyir?

  • 18 dek 2019, 10:03

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsinə sayılı günlər qalır. Bu seçki günü - 23 dekabr yaxınlaşdıqca xeyli maraqsız görünən bələdiyyə seçki marafonuna bir ilıqlıq gəlir. Amma seçicilərdə deyil, əsasən, yerli özünüidarə qurumunda təmsilçiliyə can atan namizədlərdə bir xeyli aktivləşmə və özünəinam hiss edilir.

"Demokratik.Az"-ın məlumatına görə, bütün ölkədə olduğu kimi, növbədənkənar parlament seçkilərinə hazırlıq dalğası Gəncənin bələdiyyə seçkilərinin keçirilməsinə də seçici aktivliyini xeyli zəiflədir. 

Gəncədəki mənbələrdən aldığımız məlumatlarda iddia edilir ki, Gəncədə bələdiyyə seçkilərinə YAP-ın yerli təşkilatı tərəfindən irəli sürülmüş namizədlər arasında maraqlı və müəmmalı karyeralı personalar yer alır. Bundan başqa, sabiq bələdiyyə sədrlərinin də yenidən namizədlər sırasına qatılmaları şəhər əhalisində ikrah doğurur.

Aşağıda adıkeçən YAP namizədlərinin bələdiyyə sədri ola bilmə (təyinat) ehtimalları hər bir halda yüksək qiymətləndirilir. 

Gəncə Şəhər Nizami rayon Bələdiyyəsinin hazırkı sədri Qoşqar Məmmədov yenidən Bələdiyyə sədri olmaq üçün real cəhdlər edir. Bu persona haqqında əhali arasında xeyli narazılıq əhvalı mövcuddur və xarakterizə olunarkən sədri olduğu 10 il ərzində Gəncə Şəhər Nizami rayon Bələdiyyəsinin torpaqlarını qeyri-qanuni olaraq biznesmen və ya digər imkamlı şəxslərə satması dilə gətirilir.

Vaxtilə ADAU rektorunun köməkçisi olmuş "zəif fəaliyyətli" bəyələdiyyə sədri Qoşqar Məmmədovun qanunvericiliklə nəzərdə tutulmuş halda hansısa tutarlı hesabatlarına belə rast gəlmək olmur. Sədrliyi dövründə Nizami bələdiyyəsi adına aldığı küllü miqdarda datasiya və subvensiyalar hesabına hansı işlər görüb seçicilərini məmnun etdiyinin də heç bir izahı yoxdur.

Təsadüfi deyil ki, KİV-lərdə və digər rəsmi bilgilərdə də Gəncənin yerli özünüidarə qurumunun real fəaliyyəti barədə dolğun bilgilərə rast gəlinmir. Bu bələdiyyə öz varlığını büdcə asılılığı ilə qoruyub və zərərlə işləyib.


Yayılan və Gəncədə danışılan informasiyalarla demək olar ki, Qoşqar Məmmədov sabiq icra başçısı Elmar Vəliyevin təkanı sayəsində bələdiyyə sədrinə çevrilmiş, Heydər Əliyev parkı və şəhərboyu dayanacaqlarda əsassız qəpik-quruş haqq yığdıran biri kimi yadda qalıb. Nizami rayonunun sabiq icra başçıs, Elmar Vəliyevin "qara kassası" Məharət Mustafayevin "torpaq baronluğu"na da yaxından köməkçilik edib. Bələdiyyə əmrləri və sənədləşmələr yoxlanılarsa hər şey gün kimi aydın olar.

Xatırlayırsınızsa, ölkə başçısının sərəncamı, Nazirlər Kabinetinin də qərarı ilə Gəncə şəhəri ərazisinin böyüməsilə 100 hektarlarla torpaq sahəsi bələdiyyə perspektivi yaradıb və Qoşqar Məmmədov yanaşması bu şansı uduzaraq seçicilərin qanuni yollarla torpaq almasını əngəlləyib.  

Q.Məmmədovun hazırda YAP-ın Gəncə təşkilatının sədri, Vəliyevçi millət vəkili Nafiq Həmzəyev tərəfindən alternativsiz dəstəkləndiyi bilinir. Yenidən seçilmək istəyən bələdiyyə sədrinin Gəncə Şəhərinin mərkəzinə yaxın, Gəncə çayının kənarında "Qızılgül" şadlıq sarayının qənşərində ikimərtəbəli dəbdəbəli ev tikdirməsini, ərazidə böyük bir torpaq sahəsini zəpt etməsini artıq hamı bilir. Dəbdəbəli həyat sürən Qoşqar Məmmədovun böyük məsrəflərini necə qarşılaması və qazanması, hansı pulla torpaq alıb evlər tikdirməsini sual etmək isə, onun şəxsi gəlir deklarasiyasından aşkar yayındığına işarədir.

Şəkildəki - Yaşar Abdullayev

Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin hazırki sədri Yaşar Abdullayev də yenidən bələdiyyə sədri olmaq istəyir. Onun da namizədliyi üzvü olduğu YAP Gəncə şəhər təşkilatı tərəfindən irəli sürülüb.

Yaşar Abdullayev ismi də yerli bələdiyyə adına hansısa qeyri-adi müsbət fəaliyyətilə yaddaş yazmayıb. Əksinə, o da Kəpəz rayonu ərazisində mövcud torpaqların qanunsuz olaraq İHB orqanı tərəfindən sərəncamlar əsasında vətəndaşlara satılmasına susqun mövqeyilə seçilib.

2012-14-cü illərdə Elmar Vəliyevin dəstəyilə Gəncə İHB-də müxtəlif vəzifələr tutub. Dövri mətbuatda Kəpəz bələdiyyəsi və sədri haqqında da geniş məlumatlar qıtlıq təşkil edir. Adıkeçən adayın da YAP-ın Gəncə ş, təşkilatının sədri, Vəliyevçi deputat Nafiq Həmzəyev tərəfindən şəxsən dəstəkləndiyi iddia edilir.

Daha bir iddiaya görə, Yaşar Abdullayev bu kəs bələdiyyə sədri olmaya da bilər. Bunu şərtləndirən mühüm bir məqam var.

"Demokratik.Az"-a verilən məlumata görə, Kəpəz rayonu Bələdiyyə sədrliyinə ən real namizədlərdən biri xanımdır və Gəncədə bələdiyyə sədrlərindən birinin xanım olacağı artıq rəsmi kluarlarda müzakirə edilərək "razılaşdırılıb". YAP namizədlərin bir çoxunun xanım olması da bu iddianın əsaslılığına diqqət çəkir.  

İddialara inansaq, Kəpəz rayonu Bələdiyyə sədrliyinə ən şanslı xanım namizəd ADAU rektorunun köməkçisi Rüfanə Əliyevadır. Rektor köməkçisinin son aylardakı aktiv siyasi sıçrayışı və müəmmalı revanşı maraqlıdır. Nəzərə alınmlıdır ki, O, rektorun şəxsi təşəbbüs və dəstəyilə birdən-birə YAP Gəncə təşkilatında şura üzvü təyin edilərək fövqəl söz sahiblərindən birinə çevrilib.

İctimaiyyətə və YAP-ın ən üst rəsmilərinə bəlli olmayan bacarıq və siyasi fəaliyyəti sayəsində YAP şəhər təşkilatında mövqe tutan bir xanımın bələdiyyə sədri də ola bilmə şansının yüksəkliyi başadüşüləndir.

Məlumata görə, bu xanım da YAP-ın Gəncə şəhər təşkilatının sədri, Vəliyevçi millət vəkili Nafiq Həmzəyev tərəfindən dəstəklənir.

Maraqlı məqam həm də ondan ibarətdir ki, iddialar doğrularsa Gəncədəki hər iki yeni bələdiyyə sədri ADAU-nun sabiq köməkçiləri ola bilər.

Bundan başqa, kənardan görünən odur ki, rektor köməkçisinin namizədliyinin Nizami rayonundan deyil, məhz Kəpəzdən irəli sürülməsi də təsadüfə oxşamır. Nizami rayonunun bələdiyyə sədri Qoşqar Məmmədovun ADAU rektoru İbrahim Cəfərovla kirvə olmaları nəzərə alınarsa, hesab etmək olar ki, bu bələdiyyə sədri ola biləcək "real namizədlər üçün toqquşmama" şəraitinin öncədən qurulmasıdır. Deputat Naqif Həmzəyevlə rektorun dostluğunu sübut etməyə və əlaqələrinin çox sıx olduğunu deməyə isə ehtiyac qalmır. Hər iki rayon üzrə bələdiyyə seçkilərinə namizədlərin bir neçəsi də rektorun razılığı ilə ADAU ailəsinin üzvüdür...


Rəsmi məlumata görə, Gəncədə bələdiyyə seçkilərinə YAP tərəfindən ümumilikdə 145 namizəd qeydə alınıb. Onlardan 71 nəfəri Nizami, 74 nəfəri isə Kəpəz bələdiyyəsi üçün güclərini sınayırlar.

İddialara və ehtimallara rəğmən, Bələdiyyə seçkilərinin nəticələrinin Gəncə seçicilərinə və şəhərin formalaşacaq hər iki özünüidarə qurumuna düşərli olacağına, seçkilərin şəffaf və ədalətli keçiriləcəyinə inanırıq!   

Osman Nərimanoğlu

Demokratik.Az 

Oxşar xəbərlər