Bakıya gələn erməni jurnalistin “Ağ” yalanları… – Gəncəni “Qanzak” adlandırdı

  • 25 noy 2019, 23:15

Məlum olduğu kimi erməni jurnalistlər səssiz-səmirsiz Azərbaycana gəldilər, gəzdilər və getdilər. Eyni zamanda azərbaycanlı jurnalistlər ermənilər Bakıda olanda artıq İrəvanda idilər. 17-21 noyabr tarixlərində ATƏT-in vasitəçiliyi ilə təşkil edilən qarşılqılı səfərlərdə Azərbaycanlı jurnalsitlər Dilican, İrəvan, Xankəndi və Şuşada oldular. Erməni jurnalistlərsə öz növbəsində Bakıda, Gəncədə və Qubada…

Qarşılıqlı səfərlər başa çatandıqdan sonra erməni və azərbaycanlı jurnalistlər öz növbələrində qarşılaşdıqları olaylar, səfər təəsüratları və Dağlıq Qarabağ problemi ilə əlaqədar məqalələr yazdılar.

Bakıya səfəri haqqında məqalə yazmış erməni jurnalistlərdən biri də David Alaverdiyan (Davud Allahverdiyan?) oldu. Bu şəxsin Bakya səfərlə bağlı yazdığı məqaləsinin adına diqqət yetirdikdə artıq məqalənin provakativ məqsədlərlə yazıldığını müəyyən etmək olar: "Miflə qarşılaşma və ya Azərbaycanda 4 gün”.

 

Allahverdiyanın məqaləsində adından savayı məni ilk narahat edən məqamlardan biri tarixi və əbədi torpağımız olan, cumhuriyyətimizin ilk paytaxtı, Gəncəmizi "Qanzak” adlandırması oldu. Təsəvvür edin ki, bu adam sülh mühitinin yaradılması məqsədilə hazırlanan proqram çərçivəsində Bakıya səfər edib, ancaq ölkədən çıxar-çıxmaz Gəncəmizin adını "erməniləşdirib”.

 

Alahverdiyan yaşda və peşəkarlıqda məni üstəliyə bilər, lakin ona məsləhət görərdim ki, Gəncənin adındansa öz soy adını araşdırsın, maraqlansın ki, onun necə Allaverdi adında babası ola bilir? Onun soyu həqiqətənmi "hay”lardan gəlir, yoxsa bu ad imperyalist siyasətətin nəticələrindən biri kimi ona miras qalıb?!

Alahverdiyan həmçinin Dağlıq Qarabağı təmsil edən Edqar Elbakyanın son 10 ildə Bakıya səfər etmiş ilk Qarabağ ermənisi olduğuna diqqət çəkib. Alahverdiyan Qarabağdan olan ermənilərin Azərbaycana səfərini şişirtməklə Azərbaycanda yeni bir polimika yaratmağı çalışdığı gün kimi aydındır.

Yeri gəlmişkən, oxucuları maraqlandıra bilər ki, Dağlıq Qarabağdan olan və seperatçı rejimi dəstəkləyən bir erməni jurnalistin Bakıda nə işi var idi? Bu şəxs niyə ölkəyə buraxıldı? Azərbaycan dünyanın dörd bir tərəfindən olan diplomatları, incəsənət xadimlərini, dövlət adamları və başqa nüfuzlu şəxsləri sırf Qarabağa qeyri-qanuni səfər etdiyinə görə ittiham edir və bu şəxsləri özünün "qara siyahı”sına daxil edərək, onları Azərbaycana buraxmır. Belə olan halda bəs nə üçün işğalda olan torpaqlarımızdan gələn bir erməni jurnalistin Bakıya gəlməsinə icazə verib?

Bu suallara cavab tapmaq üçün Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ilə əlaqə saxladıq. Leyla xanımın bu suallara cavabı həm maraqlı, həm də diplomatik idi:

"Azərbaycana səfər edən erməni jurnalistlərinin arasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən jurnalistin olması ilə bağlı sualınıza cavab olaraq bildirmək istərdim ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin tərkib hissəsini təşkil edir və bildiyiniz kimi bu ərazidə yaşan əhali iki icmadan erməni və azərbaycanlı icmalardan ibarətdir. Hazırda müvəqqəti olaraq işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır və bölgənin erməni icmasını təşkil edirlər. Ümumilikdə, erməni jurnalistlərinin ölkəmizə səfərinə gəldikdə isə, fikrimcə bu səfər Azərbaycan, ölkəmizdə gedən inkişaf prosesləri, rifah, multikultural dəyərlər və s. haqqında qarşı tərəfin yerindəcə məlumat əldə etməsi baxımından önəmli idi”.

Leyla xanımın bəyanatı diplomatik cəhətdən doğrudur və gərəklidir. Həmçinin Bakıya səfər etmiş Qarabağ ermənisi olan Elbekyanın da ataları biz azərbaycanlılara çox yad ola bilməz. Bir erməninin soy adı niyə türk mənşəli olsun ki? (Elbekyan- Elbəy – yan)

Məqalədə Allahverdi kişinin nəslindən gələn David daha bir iddia irəli sürüb. Guya jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etmək üçün qondarma rejimin (DQR) "xarici işlər nazirliyi” ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında birbaşa kontak yaradılıb. Bu iddia ilə bağlı ölkədəki rəsmi və etibarlı mənbələrdən məlumat aldıq və öyrəndik ki, bu iddia "ağ yalandır”. Dövlət rəsmiləri bu iddianı qəti şəkildə təkzib etdilər…

Əlbəttə Alahverdiyanın nə üçün belə yalan iddialar irəli sürdüyünü anlamaq çətin deyil. Onun məqsədi Qarabağdakı seperatçı və işğalçı rejimin Azərbaycan hökuməti tərəfindən "tanındığı” yalanına Azərbaycan ictimaiyyətini inandırmaq və hökumətlə vətəndaşlar arasında etibar mühitini sarsmaq idi. Alahverdiyanın bu niyyəti bir daha onun Bakıya hansı məqsədlərlə gəldiyini gözlər önünə sərir, görün biz hansı səviyyədə təxribatçıları ölkəmizə buraxmışıq…

Alahverdiyan sözügedən məqaləsində bir neçə yerdə yerli vətəndaşlarla heç bir ünsiyyət qura bilmədiyini, bu imkanın yaradılmadığını vurğulayıb. Ancaq maraqlıdır ki, jurnalist heç bir sosial sorğu aparmadan azərbaycanlıların eynilə ermənilər kimi mövcud status-kvodan razı olduqlarını, sülhə hazır olduqlarını və müharibə istəmədiklərini bəyan edib. Çox qəribədir, görəsən jurnalist bunu hardan müəyyən edib? Bu fikir hansı araşdırmanın, hansı tədqiqatın nəticəsində formalaşıb?

Bu arada erməni jurnalisti 3 nəfərlik erməni qrupunun 12 nəfər muhafizəçi tərəfindən qorunmasına da istehza ilə yanaşıb. Həqiqətən adamlar yaxşılıq başa düşmür…

Bütün bunlara rəğmən erməni jurnalistin Bakı təəssüratları ilə bağlı məqaləsində hardasa həqiqət qırıntıları da var idi. Belə ki, o, Azərbaycan xalqının rifah səviyyəsindən danışıb, ölkədəki vətəndaşların kifayət qədər yüksək gəlir qazanmasından bəhs edib. Eyni zamanda o, bizim rəsmilərlə görüşünü şərh edərkən Azərbaycan hökumətinin Dağlıq Qarabağ problemi ilə əlaqədar mövqeyində heç bir dəyişiklik olmadığını, rəsmi Bakının güzəşt addımının sadəcə Dağlıq Qarabağa ən yüksək statuslu muxtariyyat verməklə kifayətlənəcəyini ifadə edib…

Ümumilikdə, bu yazıda Alahverdiyanın əsassız iddiaları və provakativ açıqlamalarına rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlar əsasında cavab verməyə çalışdıq. Lakin qeyd etmək istəyirəm ki, erməni jurnalist məqaləsinin sonunda Qarabağın bir daha Azərbaycan torpağı ola bilməyəcəyini iddia edib. Düşünürəm ki, bu iddiaya mən yox, AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ cavab verməlidir.

Beləliklə, Qarabağdan və Ermənistandan gələn erməni jurnalistlərin səfəri sülhə heç bir töhfə vermədi, əksinə yuxarıda qeyd etdiyimiz kimi daha çox provakativ xarakterli idi və ictimaiyyətdə qıcıq yaratdı. Ona görə də yaxşısı budur, onlar bir də əziyyət çəkib, Bakıya gəlməsinlər, az qalıb, yaxın zamanda biz özümüz gələcəyik, tankımızla, topumuzla, üzü doğma yurdumuza dönəcəyik!!!…

Politoloq və tədqiqatçı jurnalist Nicat İsmayılov

Oxşar xəbərlər