Mehriban Əliyevanın Rusiyaya səfəri yaddaqalan oldu

  • 23 noy 2019, 15:02

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri ciddi siyasi hadisə kimi yadda qaldı. 

Demokratik.Az "Yeni Sabah”a istinadən xatırladır ki, Birinci vitse-prezidentin şimal qonşumuza rəsmi səfəri noyabrın 20-də baş tutub. Bu, Mehriban Əliyevanın ölkənin rəsmi ikinci şəxsi kimi Rusiyaya ilk səfəri olduğunudan mühüm önəm daşıyırdı. 

Səfər çərçivəsində Birinci-vitse prezidentin Rusiyanın siyasi dairələrində, o cümlədən bu ölkənin Baş naziri Dmitri Medevedevlə və Prezident Vladimir Putinlə yüksək səviyyəli görüşlər keçirməsi ilk gedişin kifayət qədər uğurlu olduğunu göstərir. 

Fəqət, bu yazıda Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərinin politoloji portretini yaratmaq niyyətində deyilik. Bizim diqqətimizi çəkən Birinci vitse-prezidentin görüşlərdən öncə Kreml divarı yaxınlığında, Aleksandr bağında Naməlum əsgərin məzarını ziyarət etməsidir.

Azərbaycanda Böyük Vətən Müharibəsi veteranlarına qayğı göstərildiyi məlumdur. Nasizmlə mücadilənin Həzi Aslanov, Mehdi Hüseynzadə kimi qəhrəmanlarının adının əbədiləşdirilməsi, sağ qalan veteranlara hər cür imtiyazların tanınması Azərbaycanın dövlət səviyysəində nasizmə olan mənfi münasibətini ifadə edir. Mehriban Əliyeva Rusiyada keçirəcəyi görüşlərdən əvvəl Naməlum əsgərin məzarını ziyarət etməklə bunu bir daha ortaya qoydu. Birinci vitse-prezidentin bu addımı həm də Ermənistanla Azərbaycanın nasizmə münasibətində dərin fərqinin yüksək səviyyədə nümayişi hesab edilə bilər.

Azərbaycanda nasizm nifrətlə qarşılandığı və bu qeyri-insani ideologiyaya qarşı mücadilə aparan insanlara qayğı göstərildiyi halda Ermənistanda bunun əski baş verir, faşistə abidə ucaldılır. Söhbət Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyanın abidəsindən gedir. Olay böyük hay-küyə səbəb olsa da, Sarkisyan hökuməti Qaregin Njdenin xatirəsini əbədiləşdirməkdən çəkinmədi. Bu həm də erməni nasizminin görsənişi sayıla bilər.

Yada salaq ki, Azərbaycan Prezidenti  İlham Əliyev bu ilin iyununda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində bu məsələyə toxunmuşdu. "MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur” bəyanatını verən İlham Əliyev Ermənistanın yeni hakimiyyətini Qaregin Njdenin abidəsinin sökülməməsinə görə qınamışdı. "Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hal baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş cəllad və xain Qaregin Ter-Arutyunyanın abidəsi ucaldılıb” - deyə Prezidenti vurğulamışdı.

Qarabağ münaqişəsinin həllində vasitəçi olan nasizmə qarşı müharibədə milyonlarla qurban vermiş Rusiyanın bu fərqi gözardı edəcəyini düşünmək belə istəməzdik!

Oxşar xəbərlər