Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...

  • 19 noy 2019, 21:04

Hamı onu ittiham edir. Silahdaşları, tərəfdaşları, tərəfdarları olmuş şəxslər onu istefaya çağırır. Almaniya və Azərbaycan mətbuatı ondan yazır, "yutub” kanalları ondan veriliş verir, tamah məqsədi ilə Avropaya siyasi mühacir göndərməsi və onun qurduğu cinayət şəbəkəsi haqda iddialar ortalıqda meydan sulayır. O qədər rəzil bir durumdur ki, gerçək müsavatçıların vicdan və can ağrılarını sözlə ifadə etmək mümkünsüzdür. Adam hər gün özünü də, Müsavatı da daha çox batırır...

Radikal müxalifətin anası Xədicə İsmayıl başda olmaqla, özünü "gerçək" müxalifət sayan bir çoxları onu ələ salır, məzələnir, status yazır, şəbədə edir... Almaniya polisi bunun adamlarını həbs edir, arayış verdiklərini təyyarəyə basıb, geri qaytarır, adı cinayət dosyelərində, qəzet manşetlərindədir... Proses böyüsə, Almaniya hökuməti rəsmi Bakı qarşısında Müsavat Partiyasının bağlanması məsələsini qaldıracaq...

Bir sözlə, Azərbaycan cəmiyyəti və Avropadakı mühacirlərin çoxu cənab Hacılını eşşəyə tərs mindiriblər... O isə bütün bunları; xədicələri, alyaları, almanları, tərs mindirildiyi eşşəyin üstündəki halını görməzdən gəlir... Bizə yüklənir, ilişir. "Yeni Müsavat" bizə qarşı kampaniya aparır", deyir... Almaniya polisini də bu hakimiyyət idarə edirmiş, söyləyir. "Kim harada nə etsə də, bilin ki, arxasında bu hakimiyyət durur", deyib, gülünc bir fikrə mətərislənir.

Tam qərəz, kor bir nankorluqdur. Çünki bu hadisələr partlaq verəndən bir kəlmə belə, yazmadım. Heç yerə açıqlama vermədim. Bir zamanlar canım-həyatım bahasına qurduğum və böyütdüyüm bir partiya mövzubahis idi, ona görə... Məlumatlıyam və prosesin Müsavatın bağlanmasına səbəb ola biləcəyinin fərqindəyəm...

Çünki iddiaların bəziləri doğrudur, lakin bu doğrular təsdiqlənərsə, özü cəhənnəm, Müsavat bağlanacaq...

Üstəlik, illərdir Müsavat və milli dəyərlərimizə qarşı düşmənçilik edən xədicələr onun üstünə ayaq almasın, dost-düşmən bir donqili başqana görə Müsavatı alay yerinə qoymasın, təşkilat daha da dağılmasın deyə, hətta redaktor yazılarında dəstək belə, verdirdim...

Anlayan, qanan biri olsaydı, mərdimazar və kindar ürəyi imkan versəydi, batdığı yerdə ona uzanan xilas ağacını görə bilərdi.

Görmək istəmədi...

- "Əlini mənə bəsdərəcik",
- "Yox, yox, mən səndən küsdərəcik..."

Rauf ARİFOĞLU

Oxşar xəbərlər