Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı

  • 13 noy 2019, 09:43

Sərdar Cəlaloğlu: "Müxalifət həmin dəyirmi masa ilə real birliyin qarşısını aldı”

Müsavat Partiyasının keçirdiyi dəyirmi masada keçmiş nazir Əli İnsanovun iştirakı onu sanki siyasi reanimasiyadan çıxarmış oldu. İlk dəfəydi ki, sabiq nazir praktik siyasi addım atması ilə nəzərləri özünə yönəltdi.

Hətta həmin dəyirmi masanın əsas fiqurantına çevrildi desək yalan olmaz. Baxmayaraq ki, orada Müsavat başqanı Arif Hacılı, AXCP lideri Əli Kərimli, Müsavatın keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, AXP sədri Pənah Hüseyn iştirak edirdilər, lakin Ə.İnsanov dəyirmi masanın başında görünürdü.

Üstəlik, martda verilmiş əfv fərmanı ilə azadlığa çıxmış eks-nazir o gündən bu yana yalnız adda-budda müsahibələri, səs-küy doğurmayan çıxışları ilə diqqət çəkməyə çalışırdı.

Müsavat Partiyasının qərargahına gəlişi isə İnsanovun siyasi reanimasiyası kimi nəticələndi.

Siyasi şərhçilər arasında İnsanovun müxalifətin yeni birləşdirici fiquru olduğunu söyləyənlər də var.

Halbuki İnsanov Müsavata gəlməsəydi, partiya ona siyasi pasport verməsəydi, hələ də elan edəcəyi "X” təşkilat üçün qərargah axtarışındaydı, elektorat toplamaqdaydı.

ADP sədri Sərdar Cəlaloğlunun "Yeni Müsavat”a bildirdiyinə görə, sabiq nazirin siyasətə gəlişində və müxalifətə qoşulmasında anormal hal görmür. Onun fikrincə, müxalifətçilik kiminsə monopoliyası deyil.

"Əksinə, iqtidardan ayrılıb müxalifətə keçənlər gərək əziyyət çəkməsinlər. Əli İnsanov nazir vəzifəsində olarkən elədiyi cinayətlərə görə cəzasını alıb.

İndi xalqa xidmət etmək istəyirsə, heç kəs onun fəaliyyətini məhdudlaşdıra və keçmişinə görə mühakimə edə bilməz. Necə ki, bu gün bəzi müxalifət liderləri sovet vaxtı kommunist sıralarında olublar", - deyə ADP sədri vurğuladı.

S.Cəlaloğlunun sözlərinə görə, Müsavat Partiyasındakı dəyirmi masa əhəmiyyət daşımır: "Xalqın birlik tələbi varıydı, onlar da guya yerinə yetirdilər. Əslində birləşmək istəmirlər, əksinə, həmin dəyirmi masa ilə real birliyin qarşısını aldılar.

Rəsulzadə deyir ki, birlik o vaxt olur, hamı eyni təhlükə ilə üzləşsin. Görünür, müxalifətdə hamının təhlükəsi bir deyil.

Digər tərəfdən, siyasiləşməmiş qüvvələrin bir araya gəlməsi mümkün deyil. Ərdoğan iqtidardadır, əlində ordusu, polisi, gücü var, amma MHP ilə birləşdi.

Azərbaycanın indiki müxalifəti hakimiyyətdə deyil, amma birləşmək istəmirlər. Sənin onsuz da gücün yoxdur, birləşməyin də əleyhinəsən.

Bu da ondan irəli gəlir ki, siyasi cəhətdən yetişməmiş adamlardır. Bunu kimsə intriqa, kimsə ambisiya adlandırır. Fakt budur ki, birləşməyin əleyhinədirlər. Gərək tam siyasiləşsinlər, yetkinləşsinlər, sonra nəsə alına bilər".

S.Cəlaloğlu Ə.İnsanovun müxalifətin birləşdirici fiquru olacağına inanmır: "Əvvəlcə gərək partiyası olsun. Məncə, İnsanov partiya yaratsa belə, onun böyük elektoratı olacağını, ciddi dəstək alacağını gözləmirəm”. /Y.M/

Oxşar xəbərlər