Müsavatın mitinq məktubuna meriyadan cavab verildi

  • 07 noy 2019, 08:52

Noyabrın 6-da Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Paytaxt meriyası aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

Müsavat Partiyası aksiya üçün Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, "Dərnəgül” metro stansiyasının çıxışında olan meydan, yaxud "Məhsul” stadionunda yer ayrılmasını istəmişdi. BŞİH-dən verilən cavabda isə deyilir ki, "Məhsul” stadionunda təmir işləri gedir, metro stansiyalarının qarşısında olan meydanlar isə nəqliyyatın sıx hərəkət etdiyi ərazi olduğu üçün burada aksiyanın keçirilməsi məqsədəuyğun sayılmır. 

Müsavat Partiyası rəhbərliyi bəyan edib ki, BŞİH-in bu cavabını qanunsuz sayır və buna etiraz olaraq paytaxt meriyasının qarşısında aksiya keçirəcəklər. Bunun üçün noyabrın 12-də saat 15:00-da BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndəriləcək.

Qeyd edək ki, Milli Şura da mitinq keçirilməsinə verilən cavablardan qane olmadıqlarına görə  bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirilməsi üçün müraciət etmişdi. BŞİH heç kimin gözləmədiyi halda 8 oktyabrda piket keçirilməsinə razılıq vermişdi. Milli Şura isə həmin gün həm BŞİH binası qarşısında piket keçirmişdi, həm də binaya yaxın bütün küçələrin ətrafında tərəfdarlarının kütləvi toplanmasını təşkil etmişdi. Nəticədə polislə gərgin anlar yaşanmışdı.

Bu təcrübənin yaxın keçmişdə baş verdiyini nəzərə alsaq, BŞİH-in Müsavatın piketinə razılıq verəcəyi inandırıcı hesab edilmir. /musavat.com/

Oxşar xəbərlər