ReAL Partiyası növbədənkənar qurultay keçirəcək

  • 03 noy 2019, 22:22

Azər Qasımlı: "İlqar Məmmədov islahatlar aparmaq istəyirsə, ona kart-blanş verlməlidir”

Respublika Alternativ Partiyası (ReAL) növbədənkənar qurultayla bağlı İdarə Heyətinin 5 üzvündən ibarət Təşkilat Komitəsi yaradıb. Partiyanın Ali Məclisi 3 noyabr tarixində növbədənkənar qurultayla bağlı qərar qəbul edib.

Bu barədə Meydan TV-yə danışan məclis başqanı Azər Qasımlı xatırladıb ki, sədr İlqar Məmmədov partiyanın indiki strukturuyla gələn il parlament seçkilərində qələbə qazana bilməməsi barədə status yazmışdı: "Ona görə də İlqar Məmmədov bunun məsuliyyətini daşıya bilməyəcəyini və yeni nizamnamə təklif edəcəyini əlavə etmişdi. Yeni nizamnamə də qurultayda qəbul oluna bilər. Çünki nizamnaməyə dəyişikliyi yalnız qurultayda həyata keçirmək mümkündür. Bugünkü məclis toplantısında növbədənkənar qurultaya getmək üçün iştirakçıların üçdə ikisinin səsinə ehtiyac vardı, bunu əldə etmək həddən artıq çətindir. Ona görə mən məclis başqanı olaraq hər bir məclis üzvündən xahiş etdim ki, sədrin təklifinə səs versinlər”.

Ancaq Azər Qasımlı İlqar Məmmədovun təklifini bölüşmədiyindən Təşkilat Komitəsində təmsil olunmayacaq: "Hesab edirəm ki, sədrin təklifləri partiya üçün o qədər də uyğun deyil. Mən avtoritar struktur təklifini gördüm, ona görə razılaşmadım, hələ əhatəli danışmaq istəmirəm. Ancaq İlqar Məmmədov islahatlar aparmaq istəyirsə, ona kart-blanş verlməlidir. Mən İlqar Məmmədovun təkliflərinə müsbət yanaşmasam da, hər kəsdən xahiş etdim ki, onun növbədənkənar qurultay keçirmək təklifinə səs versinlər. Məclis üzvlərinə də buna görə təşəkkür etdim. Hər halda görəcəyik ki, İlqar bəy necə partiya quracaq”.

Azər Qasımlı qurultayın nə zaman keçiriləcəyi sualına konkret cavab verməyib: "Bu barədə qərarı Təşkilat Komitəsi verəcək, yəqin ilin sonunda qurultay baş tutacaq”.

2009-cu ilin yanvar ayında bir qrup gənc intellektual və yeni nəsil siyasətçilər tərəfindən Respublikaçı Alternativ Hərəkatı təsis edilib.

Təşkilatın yaranmasının əsas səbəbi Azərbaycanda "bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsinə” qoyulan Konstutsiya qadağasının referendum vasitəsilə ləğv olunmasına qarşı etiraz idi.

7 və 8 aprel 2018-ci il tarixlərində 2 mərhələli şəkildə Real Alternativ Hərəkatı I təsis Qurultayını keçirərək Real Partiyasını yaradıb. Partiyanın seçkili orqanlarına səsvermə yolu ilə 40 nəfər Məclis üzvü, İlqar Məmmədov isə səs çoxluğu ilə partiya sədri seçilib.

Partiyanın daimi icraedici orqanı - İdarə Heyətidir. Təşkilatın əsas proqram sənədlərini və ayrı-ayrı sahələrə aid təkliflər paketlərini hazırlayan daimi orqanı - Məclisdir. Təşkilatın ali orqanı – Qurultaydır.

Oxşar xəbərlər