Əli Həsənova REAL SUAL: "“Prezidentin 5-6 köməkçisi 10 milyon vətəndaşın dərdini necə dinləyəcək?”

  • 22 okt 2019, 20:21

Natiq Cəfərli: "Oturuşmuş sistemlərdə vətəndaşın problemini məmur deyil, qanunlar, ədalətli məhkəmələr həll edir”

REAL partiyasının icra katibi Natiq Cəfərli, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dünən AzTV-dəki çıxışı zamanı səsləndirdiyi bir fikrə münasibət bildirib. N.Cəfərli Ə.Həsənovun "Azərbaycan vətəndaşlarına çağırış edirik ki, əgər sizin bu hakimiyyətlə, iqtidarla probleminiz varsa, gəlin bu problemləri müzakirə edək, problemlərin kökünü araşdıraq. Biz hakimiyyət olaraq hər bir Azərbaycan vətəndaşını dinləməyə borcluyuq və hazırıq”, - çağırışına öz "Facebook” səhifəsində belə cavab verib:

"Hörmətli Əli müəllim, Siz sistemə, qanunlara, qaydalara, haqlara inanmırsınız, düşünürsünüz ki, problemləri fərdi qaydada həll etmək olar, Sizin təsəvvürünüzdə problemləri həll olunan vətəndaş etiraz edə bilməz, Sizin dünya görüşünüzdə etiraz maddidir, düşünürsünüz ki, etiraz siyasi, fəlsəfi və ideoloji ola bilməz.

Tutalım səmimisiniz, bəs bunun mexanizmi nədir?! Prezidentin özü və Sizinlə birgə digər köməkçiləri (Ə.Həsənov 5-6 köməkçinin olduğunu demişdi – red.) 10 milyon vətəndaşı necə dinləyəcək? Bunun fiziki formulu nədir? Siz dediyiniz populizmdir, yaxşı sağlıqdır, amma real deyil. Gəlin, Sizə real yolu deyim:

1) Oturuşmuş sistemlərdə vətəndaşın problemini məmur deyil, qanunlar, ədalətli məhkəmələr həll edir;

2) Normal ölkələrdə vətəndaşların maraqlarını qoruyan vətəndaş cəmiyyəti təşkilatları olur. Məsələn, taksi sürücüləri birliyi, çörəkçilər dərnəyi, fermerlər birliyi, nəhayət sahələr üzrə həmkarlar təşkilatları. Onlar toplumun müxtəlif kəsimlərini narahat edən problemləri ictimai müzakirəyə çıxarır, hökumətlə masaya oturur, məsələləri həll edir. Siz isə düşünürsünüz ki, QHT düşmən qüvvələrdir, bu seqmenti zəiflətdiniz, indi bunun acısını çəkirsiniz;

3) Oturuşmuş ölkələrdə güclü və müstəqil media olur, onlar vətəndaşın sözünü hökumətə çatdırır, problemləri işıqlandırır, hökumət də dərsini alıb onları həll edir. Siz bu sahəni də zəiflətdiniz, medianı öz funksiyasını yerimə yetirməyə qoymadınız;

4) Nəhayət, normal ölkələrdə seçki olur, siyasi partiyalar yarışır, insanların özləri fiziki deyil, ideyaları toqquşur, proqramlar müzakirə olunur, ideoloji kəsimlər formalaşır, seçki nəticəsinə görə vətəndaş öz problemlərini həll edə biləcəyini düşündüyü hökuməti seçir, ya da vətəndaşların böyük qruplarının təmsilçiləri parlamentdə təmsil etdiyi öz maraq qrupunun problemlərini həll etməyə çalışır.

Mənim problemim azad seçkidir, ədalətli məhkəmədir, dürüst mediadır, işlək vətəndaş cəmiyyətidir - həll edəcəksiniz bu problemləri?

Bütün problemlərin səbəbi Sizin institutlara inanmamağınızdır, Siz fərdin sistemdən üstün olduğunu düşünürsünüz - dərd budur. Yeri gəlmişkən, bu, tək Sizin probleminiz deyil, təəssüf ki, bəzi siyasi təşkilatlar da eyni düşüncə daşıyıcılarıdır”.

Oxşar xəbərlər