Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...

  • 21 okt 2019, 22:29

Və ya "islahatçılar”ın islahatdan qorxmasının səbəbi...

Dünyanın iki siyasi qütbü və hər qütbün də öz maraqları, öz oyunları, öz oyunçuları var. Azərbaycan kimi ölkələr isə bu münasibətlər müstəvisində, qurulmaqda olan yeni dünya düzənində çox həssaslıqla və çox çətinliklə balansı - özünü, öz təhlükəsizliyini, daxili sabitliyini, iqtisadiyyatını, maraqlarını qoruya bilirlər...

Çox maraqlı bir tendensiya isə odur ki, qütblərlə tam normal, ölkənin çıxarları, milli maraqlar çərçivəsində əlaqələr qurulduqda, xüsusən sivil dünya ilə münasibətlər istiləşəndə, əməkdaşlıq yüksələndə, genişlənəndə qəfildən hansısa pozuculuq missiyasını daşıyanlar da peyda olur: Zaman-zaman görünən, müşahidə olunan budur ki, onlar hansısa maraqlı tərəfin, dairənin işarəsi ilə tozanaq qoparırlar.
Uzağa getməyək, hazırda izlədiyimiz bir prosesin üzərində mülahizələri bölüşək: Məsələn, bir də görürsən ki, 14 ildirdir icazəsiz aksiyaya, hətta BŞİH-in qarşısında oktyabrın 8-də keçirilən icazəli piketə çıxmayan "lider" birdən-birə taktikasını dəyişərək razılaşdırılmayan mitinqə çıxır, qarşıdurmaya gedir, xaotik proseslərə zəmin yaradır...

Burada əlbəttə ki, adamın yadına 2005-ci ilin 26 noyabr aksiyasında baş verənlər düşür. Onda da Əli Kərimli demokratiya, islahat əleyhinə oyunda baş rol alaraq, "Qələbə” meydanındakı dinc mitinqi qanunsuz aksiyaya çevirmişdi və bununla da gözlənilən bütün pozitivləri yox etmiş olmuşdu...

İndi də ölkədə ciddi pozitivlər müşahidə olunur – kadrlar yenilənir, çevik iqtisadi komanda qurulur, sosial-iqtisadi sferada heç zaman görünməmiş, xalqa yönəlik addımlar atılır, qərarlar verilir, sərəncamlar, fərmanlar imzalanır. Digər tərəfdə isə daha bir pozitiv var: Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalaması üzrə danışıqlar intensivləşib, Qərblə münasibətlərdə gərginlik xeyli müddətdir aradan qalxıb.

Belə bir vaxtda "lider”, qeyd etdiyimiz kimi, uzun müddətlik icazəsiz aksiyalara qatılmamaq taktikasını, strategiyasını pozur və tam əksini edir. Özü də Milli Şura adı ilə... O Milli Şura ki, 2013-cü ildə Rusiyadakı Azərbaycanda qarışıqlıq yaratmayan istəyən dairələr tərəfindən təşkil olunub və bugünədək öz mövcudluğunu qoruyub saxlayıb...

Və bu son qəfləti "başaçılmayan” proseslər ölkədə kadr və iqtisadi-sosial islahatların gücləndiyi bir dövrə təsadüf edir. Elə vəziyyət yaranır ki, Avropa İttifaqı bir bəyanat verir, Amerika səfirliyi oxşar digərini...
Son dərəcə düşündürücüdür...

İslahat tələb edənlərin "islahatçıların” (bir vaxtlar Əli Kərimli "AXCP-nin islahatçılar qanadı”nın sədri kimi təqdim olunurdu) ölkədəki islahat prosesindən narahat olması da qətiyyən diqqətdən yayınmır. İslahat aparılır və bunu uzun müddətdir əldə bayraq, şüar edənlər faktiki olaraq sürətlənən bu reformalardan narahat olurlar. İslahat çarxına pəl vurmaq nəyin göstəricisidir? Qeyri-səmimiliyin, hansısa oyunlarda oyunçuluğun, yoxsa başqa nələrsə də var?!..

Beyinləri həm də o məşğul edir ki, biriləri hələ yaydan "payızda Azərbaycanda inqilab olacaq” kimi şayiələr yaymağa başlamışdılar. Bu "birilərini” isə hələ aylar öncə ifşa etmişdik: "Kentavr” ləqəbli mühacirin Rusiyada xüsusi xidmət orqanlarına bağlılığı haqqında kifayət qədər detallı, konkret faktlarla yazmışdıq.

Belə fikirlər də söylənilir və ilk baxışdan kütlə üçün haradasa inandırıcı görünə bilər. Ki, aksiyaya çıxanları polis saxlayıb, onlara zor tətbiq edib, əgər asayiş keşikçiləri sərt davranmasaydı, məlum mənzərə yaranmazdı.

Ancaq nəzərə alaq ki, polis siyasətçi, politoloq, nəzəriyyəçi deyil. Onun işi asayişi qorumaqdır. Hətta qanunla da fiziki zor tətbiq etmək ixtiyarı var. Məsələn, İspaniyada, Fransada, Amerikada, Rusiyada da icazəsiz aksiyaların dağıdılması səhnələrini hətta "Euronews”də aşkar göstərirlər. (Bax, mətndən sonrakı fotolara). İnternet resurslarında kifayət qədər belə materiallar var. O ölkələrdə də polis siyasətçi deyil, siyasi konyukturları, konturları, ümumən siyasi dəngələri hesablamır. Eləcə aksiyanı yatırır...

Bizdə də polislər belə edirdi. O başqa mövzudur ki, Əli Kərimli ilə başqa cür də davrana bilərdilər. Lakin məsələ ondadır ki, bu cür vəziyyətin yaranmasının köhnənin siyasətçisi olan Əli Kərimli və bağlı olduğu dairələr üçün lazım olduğu şübhə doğurmur. O bilirdi ki, şəhərin mərkəzinə doğru yürüş etdikcə polislər onu saxlamaq istəyəcək, bu zaman siyasətçi olmayan polis təbii olaraq öz görməli olduğu işini görəcək və məlum situasiya avtomatik yaranacaq. Bunu öz ənənəsinə, missiyasına uyğun olaraq bacardı...

Ancaq bununla Azərbaycan dövlətinə, demokratiyaya, islahat prosesinə qətiyyən fayda gətirmiş olmadı. Əksinə, kifayət qədər ziyan vurdu...
Heç şübhəsiz, bu kimi təxribatlar Azərbaycan dövlətini tutduğu kursdan döndərəsi deyil. Ancaq növbəti bu cür cəhdlərin olacağı istisna deyil, odur ki, ehtiyatlı davranışlar çox vacibdir, zəruridir...

 

Elşad məmmədli

 

Bu fotolar Bakıda çəkilməyib, Avropa ölkələrində mitinqçilərə qarşı polis tərəfindən tətbiq olunan şiddətin nümunələridir! Bunların hansı oktyabrın 19 da Bakıda gözə çarpıb?









 



Oxşar xəbərlər