Qarabağ üçün mühüm dönəm - “Vəziyyət ciddiyə dəyişməsə...”

  • 07 okt 2019, 09:03

Azərbaycanlı və rusiyalı ekspertlər rəsmi Bakının yeni mesajlarından danışdılar; Soçidən düşmənə ünvanlanan nida ordumuzda ruh yüksəkliyi yaradıb...

Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında regiondakı münaqişə ocaqlarından biri kimi Dağlıq Qarabağ konflikti də diqqət mərkəzində oldu. Bu mövzuda danışan Rusiyanın xarici işlər naziri SergeyLavrov son zamanlar sülh prosesində durğunluq yaranmasını daha çox İrəvanın mövqeyi ilə əlaqələndirdi. Bu xüsusda o, Ermənistan baş naziri Nikol Paşinyanın iki ay öncə işğal altındakı Xankəndidə verdiyi  "Qarabağ Ermənistanındır və nöqtə” sərsəm bəyanatının nizamlama prosesinə ziyanlı olduğunu bildirdi.

Bir gün sonra çıxış edən Azərbaycan prezidenti İlham Əliyev dövlətimizin məsələdə prinsipial mövqeyini bir daha dünyaya, forum iştirakçılarına çatdırdı, konfliktin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllindən savayı hər hansı həll yolunun qalmadığına diqqət yönəltdi. Qarabağın tarixinə qısa ekskurs edən prezident düşmən tərəfinin Qarabağla bağlı ənənəvi yalanını çıxardı, "Dağlıq Qarabağ xalqı” adlı anlayışının mövcud olmadığını, aranlı-düzənli Qarabağın Azərbaycana məxsus olduğunu, dünyanın da Qarabağı Azərbaycan torpağı kimi tanıdığını xatırlatdı. "Qarabağ Azərbaycanındır və nida işarəsi” dedi. Bununla həm də Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti qurmaq sevdası ilə yaşayan avantüristlərin ağzından vuruldu. Onların boşuna gözlədiklərinin mesajı verildi.

"Prezident İlham Əliyevin Soçidəki çıxışı çox vacib, vaxtında edilmiş və önəmli bir çıxışdır. Bizim hamımızda, ictimaiyyətdə Nikol Paşinyanın məlum bəyanatından sonra bir növ gərginlik var idi. Çünki bu, çox təhrifedici və provokasion bir bəyanat idi. Prezident İlham Əliyev tərəfindən ona cavab verilməsi hesab edirəm ki, çox vacib məsələdir”.

"Yeni Müsavat”ın məlumatına görə, bunu teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. O qeyd edib ki, bu mesaj həm Azərbaycan ictimaiyyətinə, həm də Ermənistana və Paşinyana ünvanlanıb: "Yaddan çıxarmayaq ki, bu bəyanatı ilk sırada eşidənlərdən biri Rusiyanın və digər dövlətlərin başçıları idi. Bu, Paşinyana cavab idi. Paşinyanın bəyanatını biz çox şərh etmişik. Amma hesab edirəm ki, onun bəyanatının da bir faydası var. Fayda odur ki, Paşinyan Ermənistanın real siyasətinin məqsədlərini açıqlamışdı. Yəni bundan qabaq müxtəlif fikirlər var idi. Ay nə bilim, separatçı rejim, hansısa "Qarabağ xalqı” uydurub bizə xalqların öz müqəddəratını təyin etməsindən və sair məsələlərdən danışırdılar. İndi isə birmənalı şəkildə aydın olub ki, Ermənistanın məqsədi nədən ibarətdir. Paşinyanın bəyanatı bir növ çərçivə yaradır. Bu çərçivədə də real danışıqlar üçün heç bir potensial yoxdur. Sözün doğrusu, vəziyyət ciddi şəkildə dəyişməsə, mən danışıqların gələcəkdə hansısa real məcrada getməsinə inanmıram. Bu, bir növ artıq indiki mərhələdə danışıqların real olmadığını etiraf edən Rusiyanın xarici işlər naziri SergeyLavrova da cavabdır".

T.Zülfüqarovun fikrincə, bu bəyanat həmçinin, onu göstərir ki, Azərbaycan tərəfi hər bir vasitə ilə ərazi bütövlüyünün bərpasını təmin etmək niyyətindədir.Keçmiş XİN başçısı qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin Soçidə keçirdikləri görüş zamanı iki ölkə arasında münasibətlərin inkişafına daböyük yer verilib:"Bunu təkrar etməyə ehtiyac yoxdur. Deyilən fikirlərin əsas qayəsi ondan ibarətdir ki, bu bəyanatlar hər iki tərəfdən və məhz Vladimir Putinin Ermənistana getməsindən sonra verilib. Bir növ təzad yaradan mənzərə yaranıb. Yəni Rusiya-Ermənistan əlaqələri böhrana doğru daha çox getməkdədir".

*****

 

"Prezident İlham Əliyev ”Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çox yaxşı çıxış etdi. O, çıxışı zamanı Rusiya ilə Azərbaycanın ən vacib və aktual məsələlərdə bir-birini dəstəklədiyini vurğuladı". Bunu isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksey Tokarev deyib (Report). O, İlham Əliyevin nitqinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hissəsini, xüsusilə də dövlət başçısının "Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini diqqətə çatdırıb.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin rəhbəri Eduard Solovyov isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin ilə görüşdə iki ölkə arasında münasibətlərdəki müsbət dinamikanı qeyd edib: "Məsələn, Rusiyadan Azərbaycana turist axını artıb və 2018-ci ildə 880 min nəfərə çatıb, qarşılıqlı investisiyalar artıb (Azərbaycandakı Rusiya sərmayələri 4,6 milyard dollara çatıb). Humanitar sahədəki əməkdaşlıq da durmadan inkişaf edir. Azərbaycan prezidenti ölkənin ali məktəblərində 25 mindən çox tələbənin rus dilində təhsil aldığını xüsusi qeyd edib. Uzun illərdir Azərbaycanda bir sıra Rusiya universitetlərinin filialları fəaliyyət göstərir, ölkədə rus dili tədris olunan yüzlərlə məktəb var”.

Politoloq onu da vurğulayıb ki, təhsil sahəsində əməkdaşlıq, Azərbaycanda rus dilinə xüsusi münasibət gələcəkdə iki ölkə və xalq arasında əlaqələrin inkişafı üçün əla imkanlar yaradır: "Prezident İlham Əliyevin nitqinin yarısından çoxunu həsr etdiyi Dağlıq Qarabağ münaqişəsinin nəticələri olmasaydı, bu əlaqələr tam ideal olardı”.

O, prezident İlham Əliyevin Azərbaycanın Şimal ilə Cənubu, Qərb ilə Şərqi birləşdirən mühüm geosiyasi mərkəz və nəqliyyat-logistika körpüsü olması ilə bağlı fikirlərinə də diqqət çəkib: "Amma prezident İlham Əliyevin forumda çıxış etməsi faktı və onun Vladimir Putinlə ikitərəfli görüşlərinin intensivliyi şimal qonşu ilə əlaqələrin inkişafının rəsmi Bakının xarici siyasətində mühüm yer tutmaqda davam edəcəyini təsdiqləyir”.

Qeyd edək ki, prezident İlham Əliyev Şoçidə "İnterfaks”a verdiyi müsahibədə Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bəyan edib. Ancaq bu da faktdır ki, düşmən ölkənin və onun rəhbərliyinin Dağlıq Qarabağ məsələsində təxribatçı mövqeyi müstəsna olaraq Rusiyaya görədir. Rusiya isə əfsuslar olsun  ki, münaqişəni çözmə tələsmir - əlində unikal rıçaqlar ola-ola. Çünki konfliktin nizamlanmasını özünün bölgədəki maraqlarına əngəl sayır. 

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiyanın Güney Qafqazla bağlı planları strateji əhəmiyyət daşıyır. "Bu baxımdan, bölgədəki maraqlarını qorumaq istəyən Rusiyanın Qarabağ münaqişəsinin həllində atacağı addımlar irəliləyişə gətirib çıxara bilər”, - deyə o bildirib.

Onun fikrincə, son günlər Kreml rəsmilərinin verdikləri açıqlamalarında müəyyən qədər Qarabağla bağlı fikirlərə rast gəlinir: "Hesab edirəm ki, Rusiya münaqişənin Azərbaycan sərhədləri daxilində həllinə çalışsa, bölgədəki nüfuzunu qoruyub saxlaya bilər. Amma münaqişəyə ikili standartlardan yanaşsa, buradakı təsir dairəsi xeyli zəifləyəcək. Görünən budur ki, Putin Rusiyanın qlobal əhəmiyyətli ölkə olması yolunda konfliktlərin həllində maraqlı görünür. Putin uzaq Fars körfəzində münaqişələri yoluna qoymağa çalışırsa və plan hazırlayırsa, Qarabağ məsələsi ilə bağlı strategiyasında dəyişikliyə getməsi mümkündür”.

*****

Bütün hallarda Qarabağ ixtilafının ədalətli həllini yaxınlaşdırmaq üçün Azərbaycan öz ordusunun döyüş hazırlığını durmadan gücləndirməkdədir. Bu arada Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2019-cu ilin 3-cü rübünün yekunlarına dair Bakı Qarnizonunda döyüş hazırlığının və hərbi nizam-intizamın vəziyyətinin təhlilinə dair müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər. Müşavirədə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və qarnizonda döyüş hazırlığının, hərbi nizam-intizamın yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqları vəzifəli şəxslərin diqqətinə çatdırıb.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi ilə qarşılandığını müdafiə nazirinin müavini xüsusi vurğulayıb.

General-leytenant K.Vəliyev şəxsi heyətin nizam-intizamının möhkəmləndirilməsi, yanğın təhlükəsizliyinin və yanğına qarşı tədbirlərin yerinə yetirilməsinin təmin olunmasına nəzarətin gücləndirilməsi, eləcə də keçirilən praktiki dərs və təlimlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına  ciddi riayət etməsi, sürücü heyətin peşəkarlığının artırılması və yol hərəkəti qaydalarına əməl edilməsi məqsədilə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub./Y.M/

Oxşar xəbərlər