Bakı erməni-bolşevik işğalından necə azad edildi

  • 15 sen 2019, 13:13

15 sentyabr Azərbaycan xalqının tarixində böyük dəyərə malik səhifə kimi daim xatırlanır və xatırlanacaq.

Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsindən 99 il ötür. Həmin gün Azərbaycan xalqının tarixində böyük dəyərə malik səhifə kimi əbədiləşib və daim xatırlanır. Bu şanlı hadisənin ildönümündə tarix elmləri doktoru, professor Anar İsgəndərovun AZƏRTAC üçün yazdığı məxsusi məqaləni təqdim edirik.

Rusiyanın Birinci Dünya müharibəsindən yarımçıq çıxması, başsız qalan rus ordusunun bir neçə cəbhədə başıpozuq vəziyyətdə fəaliyyət göstərməsi, ermənilərin Şərqi Anadoluda törətdikləri vəhşilikləri və soyqırımını Azərbaycanda da həyata keçirmələri burada yaşayan türkləri Osmanlı dövlətindən yardım istəməyə sövq etdi. Bu məqsədlə Qafqaz türklərindən təşkil olunan nümayəndə heyəti 1917-ci ilin oktyabrında Mosul şəhərində 6-cı ordunun rəhbərliyi ilə görüşdü. Altıncı ordunun rəhbərliyi Qafqazdakı vəziyyəti yerində öyrənmək məqsədilə üç zabitini həmin nümayəndə heyəti ilə ora göndərdi. Qafqazdan qayıdan zabitlər Osmanlı qüvvələrinin bu əraziyə əlverişli yürüşü üçün münbit şəraitin yarandığını təsdiq etdilər. Beləliklə, bolşevik çevrilişinin Rusiyada yaratdığı sarsıntı, Qafqazda rus hakimiyyətinin iflasa uğraması, Azərbaycanın demokratik qüvvələrinin Osmanlıdan yardım tələb etməsi, burada hərbi hərəkata başlamaq üçün əlverişli şəraitin yaranması Ənvər paşaya müharibənin əvvəlindən bəri gözlədiyi tarixi fürsəti həyata keçirməyə imkan verdi.

1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Qafqazda türk və İslam əhalisinin yaşadığı bölgələrdə təşkilatların yaradılması və bu xalqların nümayəndələrindən ibarət İslam ordusu təşkil etmək üçün podpolkovnik Nuru bəyin təşkil etdiyi nümayəndə heyətinin Azərbaycana göndərilməsi Ənvər paşa tərəfindən məsləhət görüldü.

1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid təlimatnaməni təsdiq etdi. Bu təlimatnamə Qafqaz İslam Ordusunun qarşısında duran vəzifələri və fəaliyyət istiqamətlərini müəyyənləşdirirdi.

Ənvər paşa son dərəcə gizli saxladığı Qafqaz əməliyyatını Osmanlının əsas müttəfiqi olan alman dövlətinə və onun qərargahına da bildirməməyə çalışırdı. Çünki Almaniyanın Bakı nefti ilə bağlı siyasi planları Osmanlı qüvvələrinin Azərbaycanla bağlı Qafqaz yürüşünün həyata keçirilməsi üçün ciddi əngəllər yaradırdı. Buna görə də, Ənvər paşa Qafqaz yürüşünü Osmanlı ordusunun hərbi əməliyyatı kimi yox, qurulacaq ordunun azərbaycanlılardan təşkil edilməsi kimi təbliğ edirdi. Qurulan orduya Qafqaz İslam Ordusu adının verilməsi Almaniyanı şübhələndirməmək üçün seçilmiş bir fənd idi.

Nuru paşanın zabit heyəti mayın 12-də Savucbulaq-Təbriz- Alacücə yolu ilə hərəkət edərək mayın 20-də Araz çayına çatdı, Azərbaycanın Zəngəzur bölgəsinə daxil oldu və ilk gündən yerli əhali tərəfindən böyük sevinc və rəğbətlə qarşılaşdı. Dəstənin Zəngəzura çatdığı vaxt erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı təcavüzkarlığı amansız şəkil almışdı. Bu təcavüzkarlığın qarşısını almaq və yerli əhalidən müqavimət dəstələri yaratmaq üçün Nuru paşa bir neçə türk zabitini həmin bölgədə saxladı. Bir neçə türk zabiti isə Naxçıvan və Ordubad bölgələrinə göndərildi.

Nuru paşa Cəbrayıl-Ağdam-Tərtər marşrutu ilə Yevlaxa gəldi. O, Qafqaz İslam Ordusunun qərargahının Nuxada yaradılmasını qərara almışdı. Lakin bir tərəfdən Nuxa ətrafında erməni dəstələrinin fəallığı, digər tərəfdən isə oranın əsas nəqliyyat xətlərindən kənarda qalması Nuru paşanı qərargahını Gəncədə təşkil etməyə məcbur etdi. Nuru paşa mayın 25-də Gəncəyə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı. Qısa vaxtda Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdaş, Cəbrayıl, Qarabağ və Zəngəzurun şərq hissəsini əhatə edən ərazilərdə asayişin təmini üzrə idarə və komandalar təsis edildi. Nuru paşa Azərbaycana gəlməmişdən bir az əvvəl Azərbaycanın müxtəlif bölgələrində ermənilərə qarşı mübarizə aparmaq üçün könüllü silahlı dəstələr təşkil edilmişdi. Bu dəstələrin başında Birinci Dünya müharibəsi illərində əsir düşən və Azərbaycana gətirilən türk zabitləri dayanırdı. Nuru paşanın Azərbaycana yürüşü ərəfəsində azərbaycanlılardan təşkil olunmuş korpusda şəxsi heyətin sayı həddən ziyada az idi. Burada cəmi 1000-dək əsgər və zabit var idi ki, onların da yarısı türk əsirləri idi. Beləliklə, Nuru paşa Azərbaycandakı mövcud vəziyyəti diqqətlə öyrəndikdən sonra Osmanlıdan əlavə qüvvə gəlmədən Bakı üzərinə yürüşün heç bir nəticə verməyəcəyinə əmin oldu. Bununla bağlı Ənvər paşaya müraciət edərək Azərbaycandakı qüvvələrlə Qafqaz İslam Ordusunun komandanlığı qarşısında qoyulan vəzifələrin həllinin qeyri-mümkün olduğunu onun nəzərinə çatdırdı.

Azərbaycan milli korpusunun adı nə qədər böyük səslənsə də, əslində, nizami ordu deyilən qoşun dəstəsi hələ yaradılmamışdı. Digər tərəfdən, osmanlıdan köməyə gələn türk zabitlərinin dəstəyi ilə yerli xalqdan təşkil ediləcək qüvvələrlə Azərbaycanın daşnak-bolşevik zülmündən xilas edilməsi mümkün deyildi. Bütün bunları diqqətlə izləyən Ənvər paşa Şərq orduları qrupunda yerləşən Beşinci Qafqaz diviziyasının Qafqaz İslam Ordusunun tərkibinə daxil edilməsi əmrini verdi. Beşinci Qafqaz diviziyasının tərkibində 257 zabit, 5.575 süvari var idi. Artıq Nuru paşanın əmrində iş görə biləcək nizamlı bir qüvvə mövcud idi. Ancaq Nuru paşa onu da dərk edirdi ki, Azərbaycanda mövcud olan daşnak-bolşevik qüvvələri ilə müqayisədə Azərbaycana göndərilən Osmanlı qüvvələri kifayət etmir. Buna görə də, 1918-ci il iyunun 20-də Ənvər paşaya göndərdiyi növbəti məktubunda əlavə olaraq 20 min tüfəng, hərbi sursat, bundan başqa nizamlı qüvvə və süvari qoşun təşkil etmək üçün zabit kadrlarına ehtiyacı olduğunu bildirmişdi. Bütün bunları nəzərə alan Ənvər paşa Qafqaz hərəkatının tam uğurlu alınmasını təmin etmək məqsədilə 15-ci piyada diviziyasını da Qafqaz İslam Ordusunun sərəncamına göndərdi. Bu diviziyada 157 zabit və 7.636 sıravi var idi. Müqayisə üçün onu qeyd etmək lazımdır ki, 1918-ci il iyunun axırlarında Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələrinin sayı 20 min nəfərdən çox idi.

Türk qoşun hissələri Azərbaycana gəldiyi gündən qaynar döyüş şəraitinə düşdü. Bolşevik-daşnak qüvvələri həm Şamaxı yolu ilə, həm də dəmir yolu xətti ilə Qərbə doğru irəliləməkdə idi. Bakı Soveti qurumunun rəhbəri S.Şaumyan Gəncədə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətini məhv etmək üçün bütün gücü ilə hücuma keçmişdi. Qafqaz İslam Ordusunun belə bir vaxtda hər hansı bir ləng hərəkəti neçə-neçə kəndin itirilməsi, yüz minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi demək idi. Ona görə də, Qafqaz İslam Ordusu komandanlığı Şərqə doğru hərəkətin başlanmasına qərar verdi. Gəncə ermənilərinin tərksilah edilməsinə iyunun 10-da başlandı. İyunun 11-də Nuru paşa tərəfindən yaradılan Gəncə dəstəsi erməni məhəlləsini mühasirəyə aldı. Baş verən ağır döyüşdə Gəncə dəstəsindən 13 nəfər öldürüldü, 7 nəfər isə yaralandı. Gəncə dəstəsinin bölmələri bir qədər geri çəkilsə də, etibarlı mövqe tutaraq erməni hücumunun qarşısını aldı. İyunun 12-də türklər tərəfindən atılan top atəşləri erməniləri təslim olmağa məcbur etdi. Türk qoşun hissələri üç gün ərzində erməni məhəlləsini mühasirədə saxlayaraq tərksilahı başa çatdırdılar. Beləliklə, Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud olan təhlükə aradan qaldırıldı.

AXC-nin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun təşkil edilməsi, Azərbaycanın milli qoşun hissələrinin yenidən qurulmasına başlanması, Şaumyan başda olmaqla, Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salmışdı. Gəncədə fəaliyyətə başlayan və Qafqaz İslam Ordusu tərəfindən müdafiə olunan Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 4-də 20 minlik Bakı Soveti qüvvəsi hərbi və dəniz işləri üzrə komissar Korqanovun əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başladı. Qırmızı ordunun tərkibindəki əsgər və zabitlərin böyük əksəriyyətini ermənilər təşkil edirdi. Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü erməni idi. Gəncəyə doğru hərəkətə başlamazdan əvvəl iyunun 6-da Korqanov əsgər və zabitlərə müraciətində deyirdi: "Siz Zaqafqaziyada fəhlə-kəndli inqilabının taleyini həll etməlisiniz. Əgər türk generalları qoşunları ilə Bakıya gələrlərsə, sovet hakimiyyətini məhv edəcəklər. Ona görə də, siz neft sənayesi mərkəzi Bakını sovet respublikası üçün qorumalısınız. Sizə Şimali Qafqazdan və Rusiyadan mümkün olan lazımi kömək gəlir və gələcəkdir".

İyunun 10-da Bakı Soveti qüvvələrinin Hacıqabul stansiyasından hücumu başlandı. Bir neçə gün ərzində Ucar və ətraf ərazilər, Kürdəmir və ətraf stansiyalar Qırmızı ordu tərəfindən işğal olundu. İyunun 16-da düşmən Qaraməryəm ətrafında İslam ordusu ilə üz-üzə gəldi. Yeddi saat davam edən döyüşdə milli qüvvələr düşmənin Qaraməryəmə can atan hissələrinin qarşısını almağa səy göstərsələr də, buna nail ola bilmədilər. Böyük strateji əhəmiyyətə malik olan Qaraməryəm kəndi bolşevik-daşnaklar tərəfindən işğal edildi. İyunun 18-də Qaraməryəm ətrafında həlledici döyüşlər yenidən başlandı. Ciddi hazırlıq görmədən hücuma keçən milli qüvvələr bu döyüşdə də müvəffəqiyyət qazana bilmədilər.

Göyçaya gələn Nuru paşa, təkcə hərbçilərlə deyil, yerli əhalinin nümayəndələri ilə də görüşdü, onları türk-Azərbaycan qoşun hissələrinə hərtərəfli yardım göstərməyə çağırdı. Nuru paşa Göyçay əhalisinə müraciətində deyirdi: "Azərbaycanı və azərbaycanlıları düşməndən qurtarmaq üçün Osmanlı ordusu məmləkətinizə gəldi. Bu orduya canla-başla yardım etməyiniz lazımdır. Silahla yardım edilə bilmirsə, heç olmazsa, əsgərlərə ərzaq və su daşıyınız. Bu dəhşətli istidə müharibə edən əsgər və zabitlərdən bir çoxları susuzluqdan ölmüşdür".

Nuru paşa Göyçaya əlavə köməyin göndərilməsinin zəruriliyini istisna etmədən həlledici döyüşə hazırlaşmaq üçün əmr verdi. İyunun 27-nə qədər cəbhə xəttində hazırlıq işləri aparıldı. Qafqaz İslam Ordusu hissələrinin döyüşə hazırlıq üçün həyata keçirdiyi tədbirlər iyunun 26-da bolşevik-daşnak qüvvələrinin kəşfiyyatçılarına məlum oldu. Qırmızı ordu komandanlığında bu məlumat alınan kimi dərhal hücuma keçmək, türk-Azərbaycan qoşun hissələrinin hücumunu qabaqlamaq və bununla da hərbi təşəbbüsü ələ almaq qərara alındı. Bakı Soveti qoşunları iyunun 27-də hücuma başladı. Bakı Soveti qüvvələri ilk dəfə olaraq başladıqları hücumu uğurla başa çatdıra bilmədi. İyunun 27-də qəfildən başlanmış bu döyüşün Qafqaz İslam Ordusu üçün böyük hərbi-psixoloji əhəmiyyəti var idi. Döyüşün nəticələri göstərdi ki, bolşevik-daşnak qüvvələri heç də məğlubedilməz bir qüvvə deyil və düzgün qurulmuş döyüşlə onların bütün niyyətlərini alt-üst etmək olar.

Beləliklə, Göyçay və Qaraməryəm ətrafında iyunun ortalarından başlamış və iyulun əvvəlinə qədər davam edən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Daşnak-bolşevik qüvvələri Ağsuya tərəf sıxışdırıldı. Bolşevik qüvvələri bu döyüşlərdən sonra bir daha hərbi təşəbbüsü ələ ala bilmədilər. Döyüşlərə uğursuzluqla başlayan Qafqaz İslam Ordusu hissələri və əməliyyatlara qoşulan Azərbaycan könüllüləri Göyçay ətrafındakı döyüşdən sonra müdafiəni hücumla əvəz etdilər.

Qafqaz İslam Ordusunun əldə etdiyi uğurlar və onun Bakıya doğru irəliləməsi, təkcə Şaumyanın rəhbərlik etdiyi Bakı Komissarlarını deyil, bölgədə marağı olan Sovet Rusiyasını, İngiltərəni, Almaniyanı da ciddi narahat edirdi. Sovet Rusiyası Bakı Sovetinə hərtərəfli maliyyə və hərbi yardım göstərməklə Bakıda Sovet hakimiyyətini və Bakı neftini qoruyub saxlamağa çalışırdı. İngiltərə də İranda olan qoşun hissələri vasitəsilə Bakıya müdaxilə etmək və çıxarılan neftə ortaq olmaq istəyirdi. Almanlar da bu mübarizədə heç kimdən geri qalmaq istəmirdilər. Onların birbaşa Azərbaycana müdaxilə etmək niyyəti Osmanlı dövlətinin müqaviməti ilə rastlaşırdı. Almaniya həm Osmanlıya, həm də Sovet Rusiyasına təzyiq göstərməklə Bakı neftindən pay almaq istəyirdi. Almanlar hər vasitə ilə Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini dayandırmağa cəhd göstərirdi. Əks təqdirdə onlar türk ordusunda çalışan alman zabitlərini geri çağıracaqları ilə hədələyirdilər. Almaniya Osmanlıya diplomatik təzyiqi də gücləndirirdi. Bu təzyiq almanların Qafqaz İslam Ordusunun tərkibinə bir alman hissəsinin daxil edilməsi təklifinə rədd cavabı verildikdən sonra daha da artdı. Osmanlıya qarşı onun müttəfiqi Almaniya tərəfindən təzyiqlər elə bir xarakter aldı ki, Ənvər paşa Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini açıq şəkildə müdafiə edə bilmirdi. Onun bütün yazışmaları almanların nəzarəti altında olduğu üçün rəsmi əmrlərində Bakıya doğru hücumların dayandırılmasını tələb edirdilər. Əslində isə, Qafqaz yürüşünün ideoloqu və təşkilatçısı olduğu üçün o belə bir mövqedən uzaq idi və

 

Qafqaz İslam Ordusunun Bakı yürüşü ilə bağlı zəruri göstərişlərini gizli yolla Nuru paşaya çatdırırdı. Almaniyanın bu təzyiqləri nə qədər güclü olsa da, Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini saxlamaq iqtidarında deyildi.

 

İyulun 5-də türk-Azərbaycan qoşun birləşmələri Ağsu istiqamətində yürüşə başladılar. Nəhayət, iyulun 6-da türk-Azərbaycan birləşmələri daşnak-bolşevik qüvvələrini məğlub edərək Ağsunu azad etdilər. Ağsudan geri çəkilən Bakı Soveti qüvvələrinin bir hissəsi Kürdəmirdə sığınacaq tapdı.

1918-ci il iyulun 7-si və 8-də türk-Azərbaycan qoşun birləşmələri Kürdəmir istiqamətində çətin döyüşlərə başladı. Bolşeviklərin əlindəki zirehli qatar və zirehli avtomobillərə malik olması, silah-sursat baxımından üstünlükləri milli qüvvələri qorxutmadı. Nəhayət, iyulun 10-da axşama doğru Kürdəmir daşnak qüvvələrindən azad edildi və Şərq istiqamətində geri çəkilən bolşeviklərin təqibinə başlanıldı.

Şamaxının azad edilməsi Qafqaz İslam Ordusunun əldə etdiyi ən əhəmiyyətli uğurlarından biri idi. Şamaxı, eyni zamanda, Bakıya doğru hücum üçün başlıca strateji baza hesab olunurdu. 1918-ci il iyulun 19-da döyüş əmrini alan türk-Azərbaycan qüvvələri düşmənə ağır zərbələr endirdilər. İyulun 20-də gün ərzində gedən döyüşlərdə Şamaxı düşmən qüvvələrindən azad edilərək türk-Azərbaycan birləşmələrinin əlinə keçdi.

Qafqaz İslam Ordusu hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verirdi. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum Bakının azad ediləcəyi təqdirdə törətdikləri faciələrə, qanunsuzluqlara görə cavab verməli olacaqlarını dərk edərək vəziyyətdən çıxış yolu axtarır və bunu ingilis qoşunlarının Bakıya gətirilməsində görürdülər. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında bolşeviklərin bütün səylərinə baxmayaraq, sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarının Bakıya dəvət olunması lehinə səs verdilər.

Qafqaz İslam Ordusunun komandanı Nuru paşa kəşfiyyatın, habelə Bakıdan qaçıb gəlmiş azərbaycanlıların verdiyi məlumatlar əsasında cəbhədə cərəyan edən prosesləri öz nəzarətində saxlayırdı. Düşmən cəbhəsində yaranmış təlaşdan mümkün qədər çox yararlanmaq üçün Nuru paşa iyulun 24-də Mürsəl paşaya göndərdiyi teleqramda iyulun 26-da Bakı üzərinə qəti hücuma başlamağı tövsiyə edirdi. Ancaq Mürsəl paşa Nuru paşaya göndərdiyi məktubunda Bakı üzərinə qəti hücumun başlanması vaxtının dəyişdirilməsini xahiş edirdi. Mürsəl paşaya görə, ordu hissələri üçün zəruri olan silah-sursat onlara çatdırılmamış, dəmiryolu xəttinin sökülməsi, körpülərin partladılması Cənub qrupunun hərəkətini xeyli ləngitmişdi. Bu qrup Bakı ətrafına gəlib çatmadan qətiyyətli və uğurlu hücumu həyata keçirmək mümkün deyildi. Mürsəl paşa Bakı üzərinə hücumun iyulun 28-də həyata keçirilməsini xahiş edirdi.

İyulun 28-də verilən döyüş əmrinə görə, Şimal qrupu Bakı istiqamətində hücumunu davam etdirərək Bakı ətrafına çatmalı idi. İyulun 29-da və 30-da Qafqaz İslam Ordusu hissələrinin Bakıya doğru irəliləməsi davam etdi. Türk-Azərbaycan qoşun birləşmələri Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatdılar.

Qafqaz İslam Ordusu qüvvələrinin Bakı ətrafında ciddi müqavimətə rast gəlməməsi və milli qüvvələrin Bakıya sürətlə yaxınlaşması şəhərin tezliklə süqut edəcəyinə bir inam yaratmışdı. Döyüşlərdə yersiz itkilərə yol verməmək üçün iyulun 31-də Qafqaz İslam Ordusu adından Bakıya nümayəndə heyəti göndərildi. Nümayəndə heyəti şəhər təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələri üçün şərait yaradacaqlarına təminat verirdi. Ancaq Bakıdakı ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini ingilis qoşunlarının Bakıya gəlişinə bağlayır və vəziyyətin onların xeyrinə tamamilə dəyişəcəyinə əmin idilər.

İyulun 30-dan 31-nə keçən gecə bolşeviklər öz hakimiyyətini qoruyub saxlamaq üçün sonuncu dəfə cəhd göstərdilər. Bakı Soveti rəhbərliyi və Daşnaksütyun partiyasının liderləri belə razılığa gəldilər ki, bütün silahlı dəstələrini cəbhəyə yola salsınlar. Lakin nəzərdə tutulan 1300 silahlının əvəzinə, 320 nəfər əsgər və zabit cəbhəyə yola düşdü. Qafqaz İslam Ordusu hissələrinin güclü hücumlarına davam gətirə bilməyən və məğlubiyyətlə barışmalı olan S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət - "Sentrokaspi" diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət daşnaksütyun partiyasının əlində idi.

Avqustun ilk günlərində Qafqaz İslam Ordusu qüvvələrinin Bakı üzərinə yürüşü davam etdirildi. Avqustun 3-də Xırdalanla Biləcəri arasında Qafqaz İslam Ordusu qüvvələri ilə "Sentrokaspi" qoşunları arasında döyüşlər yenidən başlandı. Bu döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatdı. Avqustun 3-də Şərq cəbhəsi komandanı Mürsəl paşa yenidən şəhərdəki qüvvələrə məktub göndərdi. Məktub rus və türk dillərində yazılaraq Bakıdakı erməni milli şurasının sədrinə və "Sentrokaspi" ordusunun komandanına ünvanlanmışdı. Məktubda deyilirdi: "Cənab Erməni Milli Şurasının sədri, sizə aydındır ki, Bakı ətrafında türk qoşunu dayanır. Əgər siz şəhəri döyüşsüz təslim etməyə razı olsanız, milliyyətindən və dinindən asılı olmayaraq hamının hüquqlarının qorunmasına zəmanət verirəm. Əgər şəhər təslim edilməsə, şəhər alınandan sonra axıdılan qan və dəyən ziyanın məsuliyyəti sizin üzərinizdə qalacaqdır”. Lakin erməni milli şurasının və Daşnaksütyun partiyasının liderləri məktuba cavab verməyərək Qafqaz İslam Ordusu qoşunlarına qarşı mübarizəni davam etdirməyi qərara aldılar.

Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi altında Ənzəlidəki ingilis qoşunlarının kiçik bir dəstəsi Bakıya gəldi. Alınan hərbi yardım "Sentrokaspi" diktaturasının liderlərində ümidverici əhval-ruhiyyə, daşnak ordusunun fəaliyyətində canlanma yaratdı. "Sentrokaspi" rəhbərliyi Bakıda təbliğat apararaq hamını inandırmağa çalışırdı ki, guya qısa vaxtda ingilislər türk ordusuna qarşı 30 minlik qoşun göndərəcəklər. Bu təbliğat öz nəticəsini verdi.

Bakı üzərinə hücumun Şimal qrupu tərəfindən icra edilməsi nəzərdə tutulmuşdu. Cənub qrupu isə daha çox yardımçı rol oynamalı idi. Bakı üzərinə qətiyyətli hücum avqustun 5-nə təyin edildi. Səhər saatlarında başlanan döyüşlərdə Qafqaz İslam Ordusu hissələri hərbi təşəbbüsü ələ aldı. Onların üstünlüyü bütün cəbhə boyu hiss edilməkdə idi. İlk zərbədən sonra "Sentrokaspi" qoşunları geri çəkilməyə başladı. Bayıl ətrafındakı yüksəkliklər, Qurd qapısı təpəlikləri boyunca uzanan müdafiə xətti Qafqaz İslam Ordusu qüvvələrinin əlinə keçdi. Lakin düşmənin müdafiə xəttinin ləğv edilməsinə və ikinci müdafiə xəttinə yaxınlaşmasına baxmayaraq, kifayət qədər top mərmisinin tədarük edilməməsi artilleriya hücumlarının dayandırılmasına səbəb oldu. Artilleriya hücumundan məhrum olan piyadalar müdafiəyə keçməyə məcbur oldular. Düşmən Qafqaz İslam Ordusu hissələrini 4 kilometr geri çəkilməyə məcbur etdi. Avqustun 5-dək davam edən qanlı vuruşmalarda düşmən tərəf 2 min itki vermiş, Qafqaz İslam Ordusundan isə 139 əsgər, 9 zabit şəhid olmuş, 463 nəfər yaralanmışdı.

Qafqaz İslam Ordusunun Bakı üzərinə hazırladığı hücumun boşa çıxması düşmən cəbhəsində ruh yüksəkliyi yaratdı. Erməni və rus birləşmələri ingilis generalı Denstervillin qüvvələri ilə möhkəmlənəndən sonra avqustun 6-da Bakıda əli silah tutan 16-65 yaş arasında olan kişilər məcburi surətdə orduya çağırıldı. Bu tədbirə qarşı çıxan müsəlmanlardan 600 nəfər edam olundu.

Bakı üzərinə hücumun uğurla başa çatdırılması üçün buraya təkcə yeni qüvvələr gətirmək deyil, həm də mövcud qüvvələrin mənəvi-psixoloji durumunu bərpa etmək, onlara qələbə inamını qaytarmaq lazım idi. Beş avqust uğursuzluğundan bir neçə gün sonra Qafqaz İslam Ordusu döyüşçüləri arasında yayılmış bir müraciətnamənin məzmunu da bu məqsədə xidmət edirdi. Türk əsgərinə ünvanlanmış həmin müraciətnamədə deyilirdi: "Türk ordusuna! Əgər siz bu sərvət və altun şəhərini zəbt etməsəniz, sevgili vətənimizə ən qiymətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız. Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri-xəncərin üzərinə: "Eyvah ki, türk bizə imdada gəlmədi" cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır… Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, mübarək İslam qanı qırmızı şərab kimi axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı altun şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq.

Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarca doğuş gərdin. Kutulamaredə 14 minini əsir aldın. Türk adını böyüdən Çanaqqala, Kutulamare, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını! Vətəninə bir altun ərməğan apar!".

Azərbaycan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi Azərbaycan xalqının ölüm-dirim məsələsi idi. İstanbulda olan M.Ə.Rəsulzadə xarici işlər naziri M.Hacınskiyə göndərdiyi məktubunda yazırdı: "Hansı yolla, nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə, baş vermiş fakt qarşısında çətin vəziyyətdə qalarıq. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!".

Beş avqust döyüşündən sonra Bakı ətrafında bir müddət nisbi sakitlik yarandı. "Sentrokaspi" və ingilis qoşunları həmin gün qazandıqları hərbi uğuru genişləndirməyə cəhd göstərsələr də, Qafqaz İslam Ordusu hissələri onlara lazımi cavabı verdi. "Sentrokaspi" rəhbərliyi şəhər əhalisi arasında həm səfərbərlik aparır, həm də təbliğat işlərini genişləndirirdi. "Sentrokaspi" rəhbərliyi keçmiş Bakı Soveti qüvvələrinin əlində olan silahları və hərbi qüvvələri də Qafqaz İslam Ordusuna qarşı mübarizəyə cəlb etməyə çalışırdı. Lakin bütün bunlar Bakının azad edilməsi ilə bağlı Qafqaz İslam Ordusunun ikinci hücumuna mane ola bilmədi. Üç tərəfdən mühasirəyə alınan Bakı artıq qurudan yardım almırdı. Yalnız ordunun ehtiyacını ödəmək üçün Ənzəli və Lənkərandan dəniz yolu ilə "Sentrokaspi" diktaturasına yardım gəlirdi. Avqustun 25-dək iki tərəf arasında top və pulemyot atəşləri açılır, bəzən isə mövqe döyüşləri baş verirdi. Qafqaz İslam Ordusu komandanlığı Abşeron yarımadasının şərq və şimalında yerləşən müsəlman kəndlərində könüllü qüvvələr təşkil etməyə, Sabunçu, Balaxanı və Binəqədi tərəfdən yeni cəbhələr təşkil edib Bakının mühasirəsini daraltmağa başladı. Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə ikinci hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-dək davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi.

Sentyabrın 15-də döyüşlər səhər saat 5:30-da başlandı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamağı qərara aldı. Saat 10:30-da "Sentrokaspi" ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. "Sentrokaspi" rəhbərliyinə bu şərtlər diktə edildi: 1. Şəhərin qeyd-şərtsiz təslim edilməsi; 2. Şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; 3. Top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; 4. Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; 5. Silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi.

Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1.151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü.

Təkcə avqustun əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1.130-dək şəhid vermişdir. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri kifayət qədər idi.

Beləliklə, sentyabrın 15-i saat 15:00-dan sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsi ilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin. Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular qrupu komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyirdi: "Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm". Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm". Bu tarixi günü və hadisəni M.Ə.Rəsulzadə belə dəyərləndirirdi: "15 sentyabr Azərbaycan xalqının tarixində 28 may qədər böyük dəyərə malikdir. Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu. 15 sentyabrda Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə başla bədən birləşmiş oldu. Bakı baş, bədən isə Azərbaycandır".

Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".

Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldı. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini (indiki Milli Azərbaycan Tarix Muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən H.Z.Tağıyev sözünə sahib çıxdı. O, öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi.

Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı…

1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağa çevrildi. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgər və zabitlərinin ruhuna dualar oxuyur və deyir: "Qəbriniz nurla dolsun. Allah sizə rəhmət eləsin!"

Oxşar xəbərlər