İstefa verən AXCP üzvündən Əli Kərimliyə yeni ittihamlar

  • 07 sen 2019, 10:40

Namiq Sadıqlı: "Şər-böhtan, qarayaxma, rəqiblərini gözdən salmaq üçün iyrənc addımları əslində 1 ilə yaxın idi görürdüm”

AXCP üzvü Namiq Sadıqlı partiyadan istefa verib. Bu barədə facebook profilində status paylaşan N.Sadıqlı AXCP sədri Əli Kərimlinin  ünvanına ağır ittihamlar səsləndirib.

İstefası barədə "Yeni Müsavat”a danışan Namiq Sadıqlı Ə.Kərimlini "top atəşi”nə tutmağa davam etdi: "Hərəkat dövründən cəbhəçiyəm. Elçibəyçi olmuşam. Elçibəydən sonra partiyada parçalanma getdi. Mən KXCP-də qaldım. Haradasa 2010-cu ildə İctimai Palata yaradılanda KXCP-də sədrimizin ora getmədiyi üçün müəyyən insidentlər yaşandı. Aramızda olan narazılıqlar başqaları kimi məni də oradan uzaqlaşdırdı. Sonralar şəxsən Əli bəyin də istəyi və təklifi ilə AXCP-nin Binəqədi təşkilatına üzv oldum. AXCP-də mübarizəyə qatılan insanlara qarşı qısqanclıq, şər-böhtan, qarayaxma, rəqiblərini gözdən salmaq üçün iyrənc addımları əslində 1 ilə yaxın idi görürdüm. Dedim düzələrlər, amma daha da o tərəfə gedib, özümə qarşı da söyüş və şər kampaniyası aparmaqdan çəkinmədilər. Hər şey Əli Kərimliyə qarşı tənqidi fikirlər yazdıqdan sonra başladı. Əslində bu addımı çoxdan atmaq istəyirdim. Hər şey göz qabağındadır. Həm şər atırlar, həm də təhqirlər yazırlar. Şər və təhqir yazan istifadəçiləri bacardığım qədər bloklayıram. Mənfi və müsbət fikirli istifadəçiləri saxlayıram”.

N.Sadıqlı AXCP-də olduğu 9 ili bu cür dəyərləndirir: "Müsbət mənada desək, əqidəli dostlar qazandım. İtirdiklərim isə polis bölmələrində saxlandığım saatlarım oldu. Partiyada kifayət qədər məni sevənlər də var. Sadəcə olaraq onlar susmağı üstün tutublar. Zaman hər şeyi göstərəcək. Məhz avtoritar qaydalar ucbatından AXCP-ni tərk etdim. Orada tənqidi sevmirlər. ”Burdasansa, yalnız bizim dediklərimizi etməlisən" kimi mühit yaradıblar. Ən böyük dərdləri vəkil Qurban Məmmədov olub. Hər kəsi təbliğatlandırıb, ona qarşı yersiz hücumlara start verirlər. Hər şey birbaşa Kərimlinin təlimatı əsasında edilir. Bu Qurban kimdirsə, ondan yaman qorxurlar. Nəyin bahasına olursa-olsun onu sıradan çıxarmaq istəyirlər. Məni istədikləri kimi idarə edə bilmədikləri üçün şəxsimə qarşı şər böhtanlar yağdırmağa başlayıblar. Kərimlini facebookda olanlar lider kimi görə bilərlər. Bu isə bütün xalq demək deyil. O hakimiyyətə heç vaxt tək gələ bilməz. Narazı qüvvələrin də sayı onun tərəfdarlarından daha çoxdur. El gözünə Elçibəyi ziyarət edirlər. Amma bu Kərimli sevdalıları Elçibəyi arxa planda qəbul etmirlər. Lider Elçibəy idi. İndi isə əgər hər hansı bir dəyişiklik olacaqsa, lider xalq olacaq. Bunu cəmiyyətə məcburi lider kimi sırımaqla nəyəsə nail olduqlarını düşünürlər. Kərimli heç vaxt imkan verməz ki, partiyada ona alternativ olsun. Kimsə alternativ olacaqsa, deməli onu da digərləri kimi ləkələyəcəklər. Kərimli hakimiyyətə gəlmək istəsəydi, bir dəfə də olsa, seçkilərdə namizədliyini verərdi. Məncə o, ana müxalifət olmaq uğrunda mübarizə aparır və heç kimin ana müxalifət olmağına imkan verməz. Elə ana müxalifət kimi də özünü hiss edir. Dərdi onu tərifləyən virtual kanallara çıxıb, həmişəki kimi eyni mövzuları danışmaqdır, onu da edir. "Çevir tatı vur tatı”. Məqsədi sosial şəbəkəni daim öz monopoliyasında saxlamaqdır".

N.Sadıqlı siyasi fəallığını davam etdirəcəyini söylədi: "Hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatındayam. Hələ ki, başqa təşkilata getmək qərarım yoxdur. Ölkədə fəaliyyət göstərən 55-ə yaxın siyasi təşkilatların bir araya gəlib, Azərbaycanın xilas edilməsini istəyirəm. Bu vətən bizə məxsusdur, bunu hər hansı bir digər millətlər deyil, biz xilas etməliyik. Zaman göstərdi ki, çox partiyalılıq sistem və partiya maraqlarından yanaşma bizim uzun zamanımızı əlimizdən aldı və real nəticə əldə edə bilmədik”. /"Y.M”/

Oxşar xəbərlər