Nikolun bu çıxışı savaş elanıdır - Politoloq

  • 06 avq 2019, 08:21

Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində meydanda çıxışı zamanı "Arsax Ermənistandır” deməsi daxili auditoriyaya hesablanıb. Məsələn Paşinyan sonrakı cümləsində deyib ki, "qarabağlı”, "irəvanlı”, "icevanlı” yanaşmalarına son qoymaq lazımdır, "hamımız erməniyik”. Demək, ermənilər arasında açıq olmasa da, "irəvanlı” və "qarabağlı” ayrımı var ki, Nikol Paşinyan qarabağlıları qarşısında görmək istəmir. Halbuki, ona qarşı ən böyük gücü məhz Dağlıq Qarabağdan olan ermənilər formalaşdırıb.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi fikirlərlə bağlı deyib.

Onun sözlərinə görə, baş nazir bu durumu dəyişmək gücündə deyil, həmin ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar.

Politoloq bildirib ki, Paşinyanın Xankəndində erməni auditoriyasına hesabladığı çıxışdan asılı olmayaraq, rəsmi Bakı bu çıxışa iki şəkildə reaksiya verməlidir:

"Birincisi, beynəlxalq təşkilatlardan Paşinyanın çıxışına reaksiya tələb olunmalıdır. Çünki Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yanaşması danışıqların sona çatdırılması və müharibənin elanı anlamına gəlir. İkincisi, Azərbaycandan yüksək səviyyədə Paşinyanın "Arsax Ermənistandır” açıqlamasına ən azı bu şəkildə cavab verilməsi məqsədəuyğundur: "Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”.

Oxşar xəbərlər