Xalq Cəbhəsini kimlər və necə yaradıb?

  • 16 iyul 2019, 08:51

«1989-cu ilin 16 iyulunda  keçirilən təsis konfransı  8 saat davam etdi və...»

Bu gün iyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 30 ili tamam olur. 1988-ci ilin noyabrında xalq hərəkatına rəhbərlik edən gənc siyasət adamları 1989-cu ildə hədəfi, strukturu, lideri bəlli olan bir təşkilat yaratdılar.

AXC adlanan bu təşkilatın təsisçi üzvlərindən biri də Pənah Hüseyn idi. AXC-nin ilk İdarə Heyətinin üzvü olan Pənah Hüseyn sonradan Azərbaycanın dövlət katibi, baş naziri kimi yüksək vəzifələrdə təmsil olundu.

O, 13-15 iyun 2009-cu ildə "Yeni Musavat" qəzetində "Varlıq” başlığı ilə çap olunan çox böyük həsmli yazısında 30 il əvvəlin hadisələrindən, AXC-nin yaradılmasının təfərrüatlarından bəhs edib.

Pənah Hüseyn yazısında öncə bildirir ki, AXC-nin fəaliyyətini əks etdirən bir çox sənədlər itib və ya məhv edilib.  Lakin heç də hər şey yox olmayıb: "Məncə,  AXC-nin I (təsis) konfransından bəhs edən dərc olunmuş ilk akademik material tarix elmləri doktoru Aydın Balayevin 1992-ci ildə çapdan çıxmış ”Azərbaycan milli hərəkatı: Müsavatdan Xalq Cəbhəsinə qədərki dövr" kitabındakı "Azərbaycan Xalq Cəbhəsi” məqaləsidir".

P.Hüseyn qeyd edir ki, AXC sədrliyi məsələsi konfransa xeyli qalmış Təşəbbüs Mərkəzində müzakirə olunmağa başlamış və Əbülfəz Elçibəyin namizədliyi orada İsa Qəmbər tərəfindən irəli sürülmüşdü.

Bəs AXC-nin təsis konfransı nə üçün iyulun 16-da keçirildi?

P.Hüseyn yazır ki, AXC-nin təsis konfransının iyulda keçirilməsi ideyası birdən-birə yaranmış, qərara bağlanmış və sürətlə həyata keçirilmişdi. "Hələ 1989-cu ilin apreli və mayında, hətta iyunun əvvəllərində AXC Təşəbbüs Mərkəzində belə bir fikir hakim idi ki, AXC-nin təsis qurultayı 1989- cu ilin payız-qışında keçiriləcəkdir. Belə hesab edilirdi ki, həmin dövrə qədər yerlərdə təşkilatlanma getməli və aşağıdan təşəbbüslə dayaq dəstələri yaradılmalı, dayaq dəstələri tərəfindən nümayəndələr seçilməli və bu nümayəndələrdən ibarət qurultay Xalq Cəbhəsini elan etməlidir. Digər ideya klassik Xalq Cəbhəsi modellərində olduğu kimi, ən ümumi, məsələn, o şəraitdə milli suverenlik və yenidənqurma hədəflərinə malik müxtəlif təşkilatların Xalq Cəbhəsi formasında birləşməsi idi. Ola bilər ki, 1988-ci ilin noyabr-dekabr günlərində bu ideya həyata keçə bilərdi. Lakin Pribaltika respublikalarından fərqli olaraq Azərbaycanın partiya və ziyalı elitası bu prosesə elə də aktiv qoşulmadı və üstəlik, 1988-ci ilin 5 dekabrında meydan dağıdılıb respublikada fövqəladə vəziyyət elan olunması, həbslər, repressiyalar fəallaşmış fərdləri və kütləni qorxutdu və yerlərdə təşəbbüs xeyli səngidi. Xalq Cəbhəsi əvvəlcə yaranmalı idi ki, proses getsin. AXC Təşəbbüs Mərkəzi yarandıqdan sonra da dayaq dəstələrinin yaradılmasının gözləniləndən ləng getməsi bir çoxlarını Xalq Cəbhəsinin yuxarıdan, mövcud qüvvələrlə elan olunması ideyasına gətirirdi. Açığı, bu ideya yetişmişdi. Lakin bəziləri üçün şablondan imtina etmək prosesi çox çətin gedirdi. Utopik olan belə təsəvvür hakim idi ki, həqiqətən xalqın cəbhəsi olmaq üçün dayaq dəstələri əhalinin, ərazi və müəssisələrin azı yarısını əhatə etməlidir ki, xalqın adından danışmaq hüququ bir növ mandat qazansın. AXC Təşəbbüs Mərkəzində özünü çox yad hiss edən Nemət Pənahlı bu məsələdə xüsusi təkid göstərirdi. Doğrudur, bir-iki dəfə gəldikdən sonra o, AXC Təşəbbüs Mərkəzindəki söhbət və danışıqları ola bilsin ki, səmimi şəkildə, sadəcə, başa düşməyərək, mənasını anlamayaraq və ya mənasız sayaraq bir daha həmin toplantılara qatılmadı. Bundan başqa, Pribaltika xalq cəbhələrinə Moskvanın münasibətinin pisləşməsi Azərbaycanda Vəzirovun da Cəbhəyə münasibətini kəskinləşdirdi. İş o həddə çatmışdı ki, təşkilatın başqa adla yaradılması təklifləri müzakirəyə çıxarıldı. Lakin əksəriyyət artıq müstəqil sosial-psixoloji şifrəyə çevrilmiş Xalq Cəbhəsi terminindən imtinanı yaxına buraxmadı”.

Müəllif qeyd edir ki, iyulda kənar xarici təsir bu qərarın verilməsi üçün həlledici rol oynadı. Belə ki, AXC-nin  təsis konfransının 1989-cu ilin iyulunda keçirilməsi Zviad Qamsaxurdiyanın adı ilə birbaşa bağlıdır: "AXC  Təşəbbüs Mərkəzi 1989-cu ilin may ayının 15-16- da  Tallində Baltik xalqlarının III Assambleyasında iştiraka dəvət aldı. Mən, AXC Təşəbbüs Mərkəzinin üzvləri Nəriman Zülfüqarov və Emin Əhmədovdan ibarət heyətlə Tallində olduq. Koordinasiya Şurasının üzvü olduğum üçün heyətə rəhbər təyin edildim və Tallində bir sıra görüşlərdə AXC-ni təmsil etdim. Qeyd edim ki, assambleyanın sənədlərində bizim heyətin fəaliyyəti də öz əksini tapmışdı. Pribaltika xalq cəbhələrinin bundan əvvəl keçirilən qurultay və digər tədbirlərində Qarabağla bağlı ermənilərin maraqlarına uyğun qətnamə və bəyanatlar qəbul edilmişdi və bu assambleyanın da müvafiq sənədinin layihəsi nümayəndələrə paylanmışdı. Bizim heyətin etiraz mövqeyini əks etdirən müraciət hazırlandı və həmin müraciət ümumi iclasda oxunaraq assambleyanın materiallarına daxil edildi. Assambleyanın gedişində erməni nümayəndələr əsasən Estoniya Xalq Cəbhəsinin yaradıcısı və rəhbərlərindən olan Rafiq Qriqoryan başda olmaqla, Pribaltikada yaşayan erməniləri təmsil edirdi və Qarabağla bağlı fəaliyyəti və diskussiyanı da əsasən onlar aparırdı. Erməni Milli Hərəkatını rəsmən İrəvandan olan yeganə (səhv etmirəmsə) Ohenasyan adlı bir nümayəndə təmsil edirdi. O vaxt Levon Ter-Petrosyan başda olmaqla, AOD-un rəhbərliyi həbs edilmişdi və Moskvada barələrində istintaq aparılırdı. Odur ki, AOD assambleyada çox populyar idi. Olduqca passiv olan həmin nümayəndə də bizimlə ciddi diskussiyalara girmirdi və şəxsi görüşlərdə mehribanlıq göstərirdi. Lakin mehribancasına da, ”sizin torpaqlar çoxdur, bizim azdır, ona görə də siz gərək razı olasınız ki, erməni xalqına bu torpaqlar verilsin, siz türklər demoqrafik yolla sürətlə çoxalırsınız, ona görə könüllü olaraq Ermənistandan getməlisiniz" kimi açıq-saçıq fikirlərini dilə gətirməkdən çəkinmirdi. Daha çox nümayəndə ilə təmsil edilən Gürcüstan Xalq Cəbhəsi ilə daha sıx tanışlıq quruldu.

1989-cu il iyunun sonunda məhz mənimlə Tallində tanış olan Gürcüstan Xalq Cəbhəsinin üzvünün xətti ilə bizə Tiflisdə görüş keçirmək dəvəti gəldi. Gürcüstan Xalq Cəbhəsi orada öz təsir gücü və imkanlarına görə hətta ikinci və üçüncü belə deyildi. Prosesləri əsasən Zviad Qamsaxurdiyanın rəhbərlik etdiyi dəyirmi masa idarə edirdi və açıqca görünürdü ki, Zviad və digərləri Gürcüstan Xalq Cəbhəsinin təşəbbüsçü və təşkilatçısı olan bu tədbirin alınmasında maraqlı deyil. Zviad Qamsaxurdiya ilk andan tədbirdə sabotaj mövqeyi tutdu... Qamsaxurdiya Şəki-Zaqatalanı "qanunsuz yolla və ədalətsizcəsinə Azərbaycana verilmiş gürcü torpaqları” adlandırdı. Hikmət Hacızadə, Zərdüşt Əlizadə və mən kəskin etiraz etdik.

... Bizimkilərin çıxışlarından sonra bərabər səviyyəyə və qarşılıqlı hörmətə keçən müzakirədə AXC və Gürcüstan Xalq Cəbhəsi və ona daxil olan 7 partiya arasında əməkdaşlıq sazişinin imzalanması gündəmə gəldi. Qamsaxurdiya açıq-aydın cığallığa keçdi və sonda ondan yapışdı ki, AXC hələ təsis olunmayıb, sadəcə, təşəbbüs qrupudur, heç kimi təmsil etmir və sənədi imzalamaqdan imtina etdi. Sənəd imzalanmamış qaldı. Bu hadisə "aşağıdan təşkilatlanma” tərəfdarlarının geri çəkilməsi üçün son dəlil oldu. Elə oradaca dərhal, gözləməyərək AXC-nin təsis konfransını keçirmək barədə qərar qəbul edildi və sürətlə həyata keçirildi.

Gürcüstana səfər iyulun 2-də başlamış, 2-3 gün çəkmişdi. Qayıdandan sonra Təşəbbüs Mərkəzinin ilk iclasında-iyulun 6-da konfransa hazırlığa start verildi.

Konfrans 16 iyul 1989-cu ildə saat 10-da başladı və fasiləsiz  8 saat davam etdi. Konfransda 30 rayon şöbəsini təmsil edən 196 səsvermə və 240 məşvərətçi səslə nümayəndə qeydə alınmışdı. Konfransın iclaslarını aparmaq üçün Yusif Səmədoğlu sədr, Lətifə Məmmədova və Ruhəngiz Hüseynova katib seçildilər. Gündəliyə TM tərəfindən hazırlanmış 6 məsələdən ibarət gündəlik təklif edildi və təsdiq olundu: 1. AXC Təşəbbüs Mərkəzinin hesabatı. 2. Siyasi vəziyyət haqqında. 3. AXC TM-in mətbuat vasitələri ilə əlaqələri. 4. AXC Nizamnaməsinin təsdiqi. 5. AXC məramnaməsinin təsdiqi. 6. Təşkilat məsələləri. Əsas məruzələr üçün 20, çıxışlar üçün 5 dəqiqə müəyyən edildi.

TM-in hesabatı haqqında Tofiq Qasımov məruzə etdi. Konfransda siyasi vəziyyət haqqında məruzə ilə Əbülfəz Əliyev (Elçibəy) çıxış etdi. Əbülfəz bəy o dövrdə SSRİ-də gedən proseslərin yeni və orijinal konsepsiyası ilə çıxış etdi. O, proseslərin mahiyyətinin SSRİ-nin parçalanması olduğunu, bu prosesin labüd, təbii və mütərəqqi olduğunu, lakin kənar faktorların təsiri ilə mürəkkəbləşdiyini göstərdi. Məruzədə belə kənar faktorlar olaraq beynəlxalq güclər, silah mafiyası və regionda erməni amili göstərilir, Qarabağda gedən proseslər də bu prosesə bağlanır".

Image result for ðsa QÃÂmbÃÂr 1989

P.Hüseyn daha sonra yazır ki, konfransda İsa Qəmbər İdarə Heyətinə 16 nəfərdən ibarət namizədlər verib: "AXC orqanlarına namizədlər ayrı-ayrı qeyri-rəsmi toplantılarda və ya görüşlərdə müzakirə edilsə də, Təşəbbüs Mərkəzində rəsmən müzakirə edilib təsdiqlənməmişdi. İsa bəy Cəbhə üzvləri və cəbhədaxili bütün qruplar arasında böyük nüfuza malik idi. Əbülfəz Elçibəy AXC-nin yaranmasında ən böyük xidməti olan şəxsin İsa Qəmbər olduğunu sonralar dəfələrlə qeyd etmişdi. Təsis konfransının hazırlanması və keçirilməsi işini koordinasiya edən (faktiki olaraq təşkilati məsələlərə rəhbərlik edən ) İsa Qəmbər AXC orqanlarına namizədlər barədə təklifləri Təşəbbüs Mərkəzi və ya Koordinasiya Şurası adından yox, şəxsən öz adından verirdi.

İsa Qəmbərin təklifi ilə 15 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərdən ibarət tərkibdə Nəzarət Təftiş Komissiyası, 3 nəfərdən ibarət maliyyə qrupu seçildi. Həmçinin İsa Qəmbərin təklif etdiyi namizədlərdən baş redaktor Nəcəf Nəcəfov olmaqla, Ağamalı Sadiq, Səfər Alışarlı, Xaliq Hacıyev, Əhməd Cavadov, Tariyel Allahverdiyevdən ibarət AXC mətbu orqanlarının redaksiya heyəti seçildi.

Gündəliyə uyğun olaraq AXC-yə sədr seçkiləri oldu.

Zərdüşt Əlizadə Yusif Səmədoğlunun namizədliyini verdi. Rəhim Qazıyev Əbülfəz Elçibəyin  namizədliyini təklif etdi. Səfər Alışarlı İsa Qəmbərin namizədliyini təklif etdi. İsa Qəmbər öz namizədliyini geri götürdü. Qızğın mübahisələr oldu və buna görə də Yusif Səmədoğlu öz namizədliyini geri götürdü. Açıq səsvermədə Əbülfəz Elçibəyin namizədliyi qəbul edildi və səsvermə ilə o, sədr seçildi".

 

Bəs 30 il öncə yaradılan AXC məqsədlərinə nail ola bildimi və Azərbaycana nə qazandırdı?

Pənah Hüseyn "Yeni Müsavat”ın bu sualına belə cavab verdi: "AXC özünün proqramında qarşısına qoyduğu vəzifələrin mühüm bir hissəsini yerinə yetirdi. Digər mühüm hissə də hələ özünün reallaşdırılmasını gözləyir. O dövrdə Xalq Cəbhəsinin proqramı kommunist-totalitar quruluşunun dağıdılması və demokratik dəyərlərin təsbit olunduğu bir cəmiyyət qurulması idi. Bununla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması vəzifəsi qarşıya qoyulmuşdu. Qarabağda erməni separatizmi və Ermənistanın işğalçı müharibəsinə qarşı Azərbaycan xalqının milli müqavimətini təşkil eləmək də AXC-nin qarşısına qoyduğu məqsəd idi. Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bunda AXC həlledici rol oynadı. Azərbaycanda demokratik dəyərlərin qanunvericilikdə, konstitusiyada bərpa olunması, çoxpartiyalı sistemin yaradılması, Azərbaycanın beynəlxalq demokratik sistemə inteqrasiyası istiqamətində müəyyən addımlar atıldı. Lakin ölkədə müasir inkişaf etmiş siyasi mədəniyyətlər səviyyəsində siyasi sistem yaratmaq mümkün olmayıb. Azərbaycan Xalq Cəbhəsinin siyasi varisləri kimi çıxış edən qüvvələr bu vəzifənin yerinə yetirilməsi uğrunda mübarizə aparır”. /MUSAVAT/

Oxşar xəbərlər