Ölkədə siyasi partiyaların çoxu “reanimasiyadadır”

  • 14 iyun 2019, 08:52

Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş partiyaların böyük əksəriyyəti öz nizamnaməsinin tələblərinə əməl etmir, hətta illərlə qurultaylarını keçirmir

 

 

 

 

 

 

Azərbaycanda siyasi partiya institutlarının əksəriyyəti "reanimasiyadadır”. Ölkənin ictimai-siyasi həyatında aktiv iştirakı olan siyasi təşkilatlar barmaqla sayıla bilər.

Çoxunun qeydiyyatı var, fəaliyyəti yox. Onlar bir sədr və bir möhür-ştampdan ibarətdirlər. Yəni  bizdə siyasi partiyaların qərargahları qaynamır, üzvlərinin sayı 10-15 nəfərdən ibarət partiyalar var.

Nə seçkilərdə iştirak edirlər, nə sədrləri yığınacaqlar keçirir, nə müsahibələr verirlər. "Yeni Müsavat” xəbər verir ki, bu gün dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 55-dir.

Amma təqdim edəcəyimiz bəzi partiyaların adlarını bəlkə də ilk dəfə oxumuş olacaqsınız.

Məsələn, Azərbaycanda Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası,    Azərbaycan Yurddaş Partiyası, "Qorqud” Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və s. təşkilatlar mövcuddur.

Habelə, "Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Təkamül Partiyası dövlət qeydiyyatına alınıb.

Lakin onların siyasi həyatda hər hansı aktivliyinə rast gəlməmişik. Hətta siyasi proseslərdən yazan jurnalistlər belə, qeydiyyatdan keçmiş əksər siyasi təşkilatların üzvləri bir yana qalsın, sədrlərini tanımırlar.

Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş partiyaların böyük əksəriyyəti öz nizamnaməsinin tələblərinə əməl etmir, hətta illərlə qurultaylarını keçirmir.

2011-ci ildən sonra Azərbaycanda heç bir partiya qeydiyyata alınmayıb. Sonuncu dəfə - 31 may 2011-ci ildə Milli Dirçəliş Hərəkatı Partiyası qeydiyyata götürülüb. 1993-cü ildə qeydiyyata alınan Vahid Azərbaycan Partiyası isə qurultay keçirərək adını dəyişib, Ağ Partiya elan edilib.

Siyasi partiyaların dövlət qeydiyyatına alınması Ədliyyə Nazirliyinin səlahiyyətindədir. Hazırda ölkədə 55 partiya dövlət qeydiyyatındadır.

Rəsmi məlumata görə, ən çox üzvü olan hakim Yeni Azərbaycan Partiyasıdır. Bu il maliyyə hesabatı verən partiyalar sırasında da YAP liderdir.

Ən çox parçalanan partiya isə Azərbaycan Xalq Cəbhəsi Partiyası olub. Hazırda Əli Kərimlinin sədri olduğu AXCP ilə yanaşı Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası, Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Razi Nurullayevin sədri olduğu AXCP mövcuddur.

Yeri gəlmişkən, Ə.Kərimlinin və R.Nurullayevin AXCP-ləri də qeydiyyata alınmayıb. Eləcə də Sülhəddin Əkbərin sədri olduğu Azad Demokratlar Partiyası, REAL Partiyası, Gələcək Azərbaycan Partiyası dövlət qeydiyyatına alınmayıblar.

Azərbaycanda ilk yaranan 1905-ci ildə Gəncədə "Qeyrət” Partiyası olub. O, "tatar sosial-federalçı inqilabçıların partiyası” adlanır, muxtariyyət və Rusiyanın federativ quruluşu ideyasını irəli sürürdü. Bəzi mənbələr göstərir ki, "Qeyrət”in rəhbərliyinə Nəsibbəy Yusifbəyli də daxil idi.

1906-cı ilin avqustunda isə Əhməd bəy Ağayev Şuşaya gedib və şəhərin tanınmış, hörmətli adamlarının iştirakı ilə bir yığıncaq keçirib.

Əhməd bəy Ağayevin təşəbbüsü ilə "Difai” Partiyası təsis olunub. Partiyanın mərkəzi komitəsi Bakıda yerləşirdi.

Onun tərkibinə Qarabəy Qarabəyov, Məmməd Həsən Hacinski, İsabəy Aşurbəyov, Behbud Cavanşir və Niftalı bəy Behbudov daxil idilər.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ilk dövlət qeydiyyatına alınan təşkilat Azərbaycan Milli İstiqlal Partiyası olub.

Arayış üçün deyək ki, "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa görə, partiya yaratmaq istəyən şəxs ilk öncə Ədliyyə Nazirliyinə müraciət etməlidir. Partiyanın qeydə alınması üçün azı 1000 Azərbaycan vətəndaşı onun üzvü olmalıdır.

Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur.

Oxşar xəbərlər