Müxalifətin ənənəvi birlik problemi - YENİ GƏLİŞMƏ

  • 01 iyun 2019, 09:10

Düşərgə yetkililərindən "üçlü görüşə” reaksiyalar: seçki bloku, yoxsa...

Mayın 30-da Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında AXP sədri Pənah Hüseyn, BAP sədri Elşad Musayev və AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin iştirakı ilə görüş keçirilib. Görüşdə partiya rəhbərləri gözlənilən siyasi islahatlarla bağlı təkliflərlə çıxış etmək üçün qeydiyyatdan keçmiş bütün siyasi partiyalarla müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu bildiriblər.

Görüşdən dərhal sonra bu istiqamətdə müzakirələr açılıb. Yeni bir müxalif birliyin yaradılması yönündə bu görüş irəliyə doğru addım kimi dəyərləndirilir. Hətta müxalifətin böyük bir kəsiminin vahid seçki bloku ətrafında birləşdirilməsi üçün gizli görüşlərin keçirildiyi qeyd olunur.

Lakin P.Hüseyn deyilənləri təkzib etdi: "Görüş barədə AMİP məlumat yayıb. Bu məlumata heç bir əlavəmiz yoxdur. Hər hansı blok, birlik, koalisiya-filan yaratmaq ümumiyyətlə, müzakirə predimeti deyil. Açıqlamada göstərildiyi kimi, yalnız qeydiyyatdan keçmiş partiyalar tərəfindən siyasi islahatlar, ictimai-siyasi vəziyyətlə bağlı konfransın keçirilməsi, diskussiyaların aparılması, mümkün olarsa, ümumi rəyin formalaşması kimi məsələlər gündəmdə olmalıdır. Konfransın keçirilməsi istiqamətində hazırlıqlar gedir. Razılıq verən digər partiyalarla bu tipli görüşlər istisna olunmur”.

E.Musayev: "Ölkədə çoxlu problemlər var və bundan çıxış yolu siyasi islahatlardır. Son olaraq üç partiya rəhbərinin görüşündə qərara alındı ki, bu işlərə start verək. Bunun üçün qeydiyyatdan keçən siyasi təşkilatların hər birinə müraciət edilməsi qərara alındı. Bir sıra partiya rəhbərləri var ki, onlarla görüşlərimiz planlaşdırılır. Bu görüşlərin ilkini Ədalət partiyasının sədri, ağsaqqalımız İlyas İsmayılovla reallaşdırdıq. İlyas müəllimin çox gözəl təklifləri var. Razılaşmışıq ki, verilən təkliflər ilkin layihədə öz əksini tapsın. Konkret olaraq, heç bir seçki blokunun yaradılmasından söhbət getmir. Biz ölkədə vəziyyəti dəyişmək istəyirik. Bunun üsullarından biri də müzakirələrdir. Hökumətə öz mövqeyimizi nümayiş etdirməliyik. Hakimiyyətdən islahatlara başlamaq üçün mesajlar verilib. Bizim hakimiyyətin o mesajına etirazımız yoxdur. Amma hələ ki həyata keçirilənləri islahatr hesab etmirik. Bu məsələdə iqtidarın özü ilə danışmaq lazımdır. Mövqelər ortaya qoyulmalıdır. İstəsək də, istəməsək də, biz bu mərhələni keçməliyik”.

A.Əlizadə də bildirdi ki, görüşün məqsədi hər hansı bir seçki bloku, yaxud birliyin yaradılması ilə bağlı deyil: "Görüşdə ölkədə keçirilən siyasi islahatlar, yaxud anonsları verilən islahatlarla bağlı siyasi partiyaların bir araya gəlməsindən söhbət gedib. Bu istiqamətdə digər partiyalarla görüşlərin aparılması istisna deyil. İndiki şəraitdə müxalifətin bir araya gəlməsinə, təkliflər irəli sürməsinə böyük ehtiyac var. Burada yalnız qeydiyyatdan keçən siyasi partiyaların bir araya gəlməsi, məsələləri müzakirə etməsi nəzərdə tutulub”.

Digər partiyaların bu proseslərə dəstək verib-verməyəcəkləri ilə maraqlandıq. AĞ Partiya başqanı Tural Abbaslı birlik yaradılması istiqamətində proseslər gedərsə, dəstək verəcəklərini söylədi: "Mən hələlik hansısa siyasi ya da seçki blokunun yaradılması yönündə real addımların atıldığını görmürəm. Hələlik Pənah bəy bu yöndə cəmi bir status paylaşımı var. Orada da Pənah bəy öz partiyalarının qərarını yazıb ki, onlar seçki bloku yaratmaq barədə qərar veriblər. Əgər söhbət üç partiya sədrinin sonuncu görüşündən gedirsə, orada da hansısa blokun yaradılması barədə söhbət getmir. Burada siyasi islahatların aparılmasından, bu yöndə təklif və müzakirələrin aparılması üçün konfransın təşkil olunmasından söhbət gedir. Bu barədə müzakirə aparmaq üçün Pənah bəy AĞ Partiyaya da müraciət edib və yəqin ki, yaxın günlərdə bu görüş baş tutacaq”.

Ümid partiyasının sədri İqbal Ağazadə artıq görüş təklifinin gəldiyini söylədi: "Ümid Partiyası tək İqbal Ağazadədən ibarət deyil. Məndən soruşsanız, filan yerə gedəcəksiniz, deyəcəm hə. Bura partiyadır. Təklif gələrsə, bunu öncəliklə rəhbərlik müzakirə etməlidir, ardınca Məclis bununla əlaqədar qərar verməlidir. Amma hələ ki, bizə blok yaratmaqla bağlı heç bir təklif gəlməyib. Sadəcə, o görüşdən sonra Pənah bəy telefon açıb, üç partiya liderinin mənimlə görüşmək istədiyini bildirib. Mən də razılıq vermişəm ki, qapımız hər zaman üzünüzə açıqdır. Azərbaycanda iqtidarlı-müxalifətli bütün qüvvələrin bir arada olması nə gözəl olardı. Birlik o qədər cəlbedicidir ki, ona nə zamansa ehtiyac yoxdur demək mümkün deyil. Amma o birliyin nə verəcəyi, hansı xeyirlərinin olacağını düzgün hesablayandan sonra danışmaq mümkündür”.

"Yeni Müsavat”

Oxşar xəbərlər