PAVEL QRAÇOV ELÇİBƏYİ ŞƏXSƏN TƏHDİD EDİBMİ? – Pənah Hüseyn “yox”, Fazil Mustafa “hə” deyir

  • 27 may 2019, 09:23

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Şuşa və Laçının işğalı ilə bağlı danışarkən sensasion açıqlamalar verib. Deputat deyib ki, Əbülfəz Elçibəyin zamanında Rəhim Qazıyevə cinayət işi açmaq istəyiblər. Çünki Rəhim Qazıyev həmin vaxt müdafiə naziri idi və ən müxtəlif yerlərdə ermənilərin məqsədlərinin həyata keçməsinə şərait yaradırdı.

Cəbhə hakimiyyəti dövründə nazir müavini vəzifəsini tutan Fəzail Ağamalı fikirlərinin davamında bildirib ki, zamanında müdafiə naziri Rəhim Qazıyevin işdən çıxarılmasına və həbsinə Rusiya imkan verməyib. O, əlavə edib ki, Rusiya müdafiə naziri Qraçov birbaşa Əbülfəz Elçibəyə zəng vuraraq xəbərdarlıq edib ki, əgər Rəhim Qazıyev müdafiə naziri vəzifəsindən getsə, bütün torpaqları işğal edəcəyik. Ağamalının iddiasına görə, dediklərini şahidləri var: bunlar Fazil Mustafa və Əli Kərimlidir.

original

Deputat F.Ağamalının iddialarından belə çıxır ki, Rusiya müdafiə naziri səviyyəsində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyi Rəhim Qazıyevə görə açıq təhdid edib, onun nazir vəzifəsindən çıxarılacağı təqdirdə Azərbaycan torpaqlarının işğal olunacağını bəyan edib.

Bu iddiaların nə dərəcədə həqiqət olub-olmadığını həmin dövrün şahidləri, proseslərin iştiraçıları ilə araşdırmağa çalışdıq.
AXC hökumətinin Baş naziri Pənah Hüseyn bildirdi ki, 1993-cü ilin yanvarında Rusiya müdafiə naziri Qraçovun Rəhim Qazıyevi müdafiəsi etməsi ilə bağlı materiallar mətbuatda dərc edilib. Onun sözlərinə görə, "Azadlıq” qəzetinin arxivindən bunu əldə etmək mümkündür: "Ancaq guya Qraçovun Əbülfəz Elçibəyə zəng etməsi tamamilə yalan məlumatdır. Mən bunu dəqiq deyirəm. Qraçov heç vaxt Əbülfəz Elçibəyə zəng etməyib. Təbii ki, konkret belə söhbətlər də olmayıb”.

"Rəhim Qazıyevin həbsinə 4 iyun qiyamı mane oldu”

penah-768x512

Pənah Hüseyn Rəhim Qazıyevin o dövrdə həbs olunması və barəsində cinayət işinin açılması barədə maraqlı məlumatlar açıqlayıb: "Həmin dövrdə Müdafiə Nazirliyində istintaq işi aparılırdı, nazirliyin iki idarə rəisi və nazirin müavini həbs olunmuşdu. O cümlədən, Rəhim Qazıyevin fəaliyyəti də prokurorluq tərəfindən araşdırılırdı. Məndə olan məlumata görə, təxminən 25-30 cildlik material toplanmışdı. Bu işin başa çatdırılmasına 4 iyun qiyamı mane oldu. Mənə məlumdur ki, 4 iyun qiyamından bir müddət əvvəl baş prokuror İxtiyar Şirin müdafiə naziri Rəhim Qazıyev haqqında cinayət işinin başlanması və həbsi barədə Milli Məclisin sədri İsa Qəmbərə məruzə edib. Yəni qeyri-rəsmi olaraq materialları İsa Qəmbərə təqdim edib. Ali Sovetin sədri İsa Qəmbər isə bu məsələnin daha da öyrənilməsi və Rəhim Qazıyevin həbs edilmədən işin davam etdirilməsi mövqeyində olduğunu bildirib. Həmin dövrdə Rəhim Qazıyev Milli Məclisin üzvü idi və onun haqqında cinayət işinin qaldırılması, habelə həbsinə Ali Sovetin razılıq verməsi lazım gəlirdi. Yəni məsələ parlamentdə müzakirəyə çıxarılmalı idi. Sonradan Rəhim Qazıyevin məhkəməsində istifadə olunan materialların əksəriyyəti bizim dövrümüzdə toplanan əməliyyat-istintaq materialları idi”.

"Müdafiə nazirinin Rusiya ilə danışıqlarını tutmuşduq”

elcibey

Pənah Hüseyn o dövrdə Elçibəy hökumətinin Rusiya tərəfindən təhdid olunub-olunmaması haqqında danışıb, bildirib ki, birbaşa Azərbaycan dövlət başçısına qarşı açıq təhdiddən söhbət gedə bilməz: "Amma Rusiya hakimiyyət dairələrinin Azərbaycana həm dövləti mənada, həm də ayrı-ayrı istiqamətlər üzrə təhdid xarakterli mesajları olurdu. Yəni bu təkcə Azərbaycan hakimiyyəti ilə bağlı deyildi. Bəli, bəzən diplomatik, bəzən qeyri-rəsmi vasitələrlə mesajlar çatdırılırdı. Xüsusilə, 1993-cü ilin yanvar, fevral və mart aylarında bunlar olurdu. Sovet qoşunlarının Azərbaycandan çıxarılması ciddi şəkildə müzakirə olunurdu. Söhbət Gəncədəki general Şerbakınkomandiri olduğu diviziyanın ölkədən çıxarılmasından gedirdi. Çünki bundan əvvəl iki dövlət arasında imzalanan müqavilədə nəzərdə tutulan qoşunlar artıq ölkədən çıxarılmışdı. Amma çıxarılanlar keçmiş Sovet İttifaqının Müdafiə Nazirliyinə tabe olan qüvvələr idi. Şerbakın diviziyası isə birbaşa Rusiya Müdafiə Nazirliyinə tabe etdirilmişdi deyə müqavilədə bu diviziyanın ölkədən çıxarılması öz əksini tapmamışdı. Bununla bağlı çətinliklər olurdu və Rusiya onun ölkədən çıxarılmasına müqavimət göstərirdi. Əlavə edim ki, Rəhim Qazıyevin istefasına səbəblərdən biri də, onun general Şerbak və Rusiya Müdafiə Nazirliyinin əməkdaşları ilə telefon danışıqları olmuşdu. Bu danışıqlar Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dinlənilmişdi. Milli Məclisdə, Rəhim Qazıyev müdafiə naziri postundan istefa etdiyi iclasda da bu telefon danışığı barədə məlumat verilmişdi. Rəhim Qazıyev əslində bu məlumatdan sonra istefası haqqında bəyanat verdi. Bu materiallar, habelə kəşfiyyat və digər yollarla əldə etdiyimiz məlumatlarda təhdidlər özünü göstərirdi. Amma konkret olaraq Azərbaycan Prezidenti Əbülfəz Elçibəyə zəng edilməsi və onun təhdid olunması birmənalı şəkildə həqiqətəuyğun informasiya deyil”.

"Elçibəy söhbət zamanı dedi ki, Qraçov ona zəng edərək…”

fazil-mustafa-88-768x477

Böyük Quruluş Partiyasının sədri, deputat, AXC hakimiyyəti zamanı Prezident Administrasiyasında dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış Fazil Mustafa isə "AzPolitika.info”-ya açıqlamasında bildirib ki, həqiqətən də Rusiyanın müdafiə naziri Pavel Qraçov Rəhim Qazıyevə görə Azərbaycan prezidenti Əbülfəz Elçibəyə zəng edərək, onu təhdid edib: "Əbülfəz bəy söhbət zamanı bunu bizə açıqladı. Qraçov tərəfindən zəng edilib və Azərbaycana qarşı sərt addımlar atılacağı ifadə edilib. Bunu Əbülfəz Elçibəy mənə deyib. O zaman Rusiyanın Azərbaycana təhdidləri var idi. Rusiyanın atdığı addımların hamısında bu təhdidlər hiss olunurdu. Diplomatik və digər kanallar vasitəsilə də bu təzyiqlər hiss olunurdu”.

Fazil Mustafa qeyd edib ki, Rusiyanın Azərbaycanı belə təhdid etməsi təsadüfi deyildi. "Bu həmişə belə olub, bu gün də onun simptonları var. O dövrdə də hansısa konkret şəxslər üzərindən ölkəyə təzyiqlər göstərilirdi. Belə bir vəziyyətdə də xoşagəlməz durumlarla rastlaşırdıq. Rusiya o zaman Əbülfəz Elçibəyin hakimiyyətdə qalmasında maraqlı deyildi və bu səbəbdən də müəyyən ünsürlər vasitəsilə qarışıqlıq yaratmağa çalışırdı. Siz diqqət edin, ruslar silahı üç yerdən adamlara verirdi. Bakıda Rəhim Qazıyevə, Gəncədə Surət Hüseynova, Lənkəranda isə Əlikram Hümbətova. Əbülfəz Elçibəyin hakimiyyətdən devrilməsi zamanı da bu üç xətt hərəkətə gəldi və aktiv iştirak etdi. Odur ki, bu məsələ təsadüfi deyildi”.

Fazil Mustafa sonda qeyd edib ki, həmin dövrdə müdafiə naziri olan Rəhim Qazıyevin işdən çıxarılması haqda düşüncə olub: "Bununla bağlı Prezident Administrasiyasında toplantı da keçirildi. Toplantıda Rəhim Qazıyevin özü də iştirak edirdi. İclasda orduda olan vəziyyətlə bağlı geniş müzakirələr aparıldı. Mən və Əli Kərimli çıxış etdik və qeyd etdik ki, orduda ciddi problemlər var, habelə torpaqların işğalında bununla əlaqəli məqamlar mövcuddur. Bu toplantıdan az sonra Rəhim Qazıyev istefa verdi və sonrakı fəaliyyəti də hakimiyyətin devrilməsinə yönəldi”.

"Fəzail Ağamalı bunları haradan bilir?”

rehim_qaziyev

Rəhim Qazıyevin özü isə məsələyə özünəməxsus şəkildə münasibət bildirib:"Əbülfəz Elçibəy həyatda yoxdur. Siz, Pənah Hüseyndən, İsa Qəmbərdən və digərlərindən soruşa bilərsiniz. Qraçov Əbülfəz bəyə zəng etməyib. İkincisi, İsa Qəmbərə, Pənah Hüseynə və ya digərinə ümumiyyətlə zəng edibmi? Bunu həmin şəxslərdən dəqiqləşdirin. Fəzail Ağamalı bunu haradan bilir? Məncə, insan eşitdiyini deyil, gördüyü və şahid olduğu söhbəti danışar. Mən canavar, pələng deyildim ki, məni tutalar? Heydər Əliyev məni həbs etdi, bəyəm dünya dağıldı? Kim istəsəydi məni həbs edə bilərdi. Unutmasın ki, mən nə gündə bir mövqe dəyişməmişəm, nə də məhkəmədə Əbülfəz Elçibəyin üzünə durmamışam”.

AzPolitika.info

Oxşar xəbərlər