"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı

  • 20 may 2019, 14:13

ABŞ İranla MÜHARİBƏ edəcəkmi?

Bu sual günümüzün ən çox səslənən bölgəsəl - dünyəvi narahatlığıdır.

Hər gün ABŞ və İran arasında qızışan hərbi addımlamalar, ABŞ-ın regiona hərbi texnika və əsgəri yaxınlaşmaları, İranın da ballistik raketlərlə "vuraram" hədələri kimi hərbi-siyasi bəyanatlar müharibə ab-havası yaradır. Elə bilirsən ki, bu iki təhlükəli güc çanağından çıxıb müharibə edəcək. Amma, müharibənin olmayacağını söyləmək üçün də real arqumentlər var:

1) ABŞ bilir ki, İrana qarşı istənilən həmləsi Rusiya tərəfindən əks-reaksiyaya səbəb olacaq. Necə ki, məhz bu baş verir. Müharibə olsa, təkcə Rusiya deyil, Türkiyə də olmaqla bir sıra Avropa dövlətləri İrana hərbi güc tətbiqinə qarşı çıxacaq.

2) Hazırda Suriyada de-fakto "uduzmuş" nəhəng kimi görünən ABŞ müharibəyə başlayarsa, İran NATO demədən, bütün bölgədə "ikibaşlı əjdaha"nın olan-qalan hərbi bazalarını likvidasiya edəcək. Əsası, münaqişə dünya savaşına çevriləcək. İran isə "cihad olaraq" artıq buna çoxdan hazırdır.

3) ABŞ-ın hazırki məqsədi İran neftinin qeyri-yollarla neft ixracatının qarşısını almaqdırsa, fars rejimi bunun alternativ formalarını zatən tapıb. İranı əhatə edən dövlətlərin isə demək olar ki, heç biri ABŞ-ın sifarişi ilə neftin çıxışında "qara yolu" bağlayası deyil. Həm dəniz, eləcə də quru yolu ilə tranzit daşıma imkanları mövcuddur. Bu da özlüyündə İranın neft ixracını sıfıra endirmək cəhdlərini puç edir.

4) İran hərbi sənayesinin nüvə silahına malik olduğuna dair xeyli iddialar, rəsmi bilgilər var. ABŞ vadar etsə, İran nüvə silahından istifadə edib sınaq həyata keçirə bilər. Nüvə zavodları da partlaya bilər. Bu da dünya üçün kütləvi insan tələfatı, ABŞ üçün isə günahkarlıq deməkdir. Təsadüfi sayıla bilməz ki, ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sərt sanksiyalar tətbiq edib. Xatırlayaq ki, nüvə sazişi "Altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ölkələrindən razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. İran hələ də nüvəyə sahiblik üçün israrlıdır. Iran rəhbərliyinin sazişə münasibətdə Avropa ölkələrinə 60 gün vaxt verməsi, Rusiya ilə partnyorluq bəyanatları verməsi də nələrsə deyir.

5) ABŞ digər şərq - müsəlman dövlətlərindən fərqli, İrana demokratiya adı altında girə bilməz. İranın daxili mühiti nə Misirin, nə, Liviyanın,nə də digərlərinin bənzərində deyil. Əksinə, 80 milyonluq müsəlman toplumu öz vətənlərinin müdafiəsi üçün göz qırpmadan ölümə atılıb qərbə qarşı nifrətlə savaşacaqlar. "İranlılar" həm dini, eləcə də siyasi hərəkətlənmə ilə tam fərqli və eqoistdir.

6) Dünya praktikası göstərir ki, ABŞ-İran müharibəsi hər aşamada mümkünsüzləşdirilib. İndi də o cür olacaq. Çünki, İsrail dövləti də başda olmaqla, digər sionist ölkələr də İranın dağılmasını, parçalanmasını istəmir. Neft baronları olan Səudiyyə də, İraq və Küveyt kimi dövlətlər də bu münaqişədə heç də maraqlı görünmürlər. Əksinə...

7) İran-Rusiya-Türkiyə yaxınlaşmaları da bu ehtimalı tam azaldır.

8) BMT-nin digər daimi üzvləri və qonşu dövlətlər ABŞ-ın İrana hərbi təcavüzünə əsla razılıq verməz.

9) ABŞ-ın rəsmi bəyanatına görə də, İranla bağlı planı Pentaqonun keçmiş planının modifikasiya olunmuş variantıdır. Ancaq, ABŞ özü dəfələrlə qeyd edib ki, planın mövcudluğu onun reallaşacağı anlamına gəlmir. Plana görə, İranın nüvə proqramını reallaşdırması və xüsusilə də taktiki "Şahab” raketlərinin yeni modifikasiya olunmuş formalarını icad etməsi ilə bağlı informasiyalar yayılarsa, ABŞ-ın müharibə planı işə düşəcək. İranın da öz hərbi sirrini pozub belə bir informasiyanı yayacağı mümkünsüzdür.

10) Donald Trampın ABŞ üçün "müharibə prezidenti" olmadığı reallığı da var. Şimali Koreyaya, Suriyada Rusiyaya münasibətdə də bu göründü...

Sonda, məncə, ABŞ-ın İrana hücum planının alt qatında tamamilə başqa məqsədlər yatır. ABŞ bu yolla əslində region təhlükəsizliyini təhdid etmir, təminata çalışır. Pentaqon biz bilmədiyimiz başqa hərbi məqsədlərini hədəfləyir.

Ola bilər ki, ABŞ itirdiyi hərbi gücünü bərpa etmək üçün regionda yeni hərbi baza formalaşdırır və İran adı ilə Hərbi gəmiləri və təyyarələri buralara bugünün deyil, bəlkə lap uzaq gələcəyin "müharibə yükü"nü daşıyır.

Axı, indi ABŞ-ın dünyada hərbi üstünlüyü danılmaz bir tarix olub. O heç bir halda bunu itirmək istəmir. Xüsusən şərqdə - Rusiya və İran yaxınlığında...

Osman Nərimanoğlu

Redaksiyadan: ABŞ-la münasibətlərin gərginliyinin artması fonunda İranın Xarici İşlər naziri də bildirib ki, bölgədə müharibənin başlayacağını düşünmür.

Məhəmməd Cavad Zərif İranın IRNA dövlət xəbər agentliyinə deyib ki, Tehran müharibə istəmir və "İranla toqquşmağı düşünən ölkə" yoxdur.

Demokratik.Az

Oxşar xəbərlər