AXH rəsmən parçalandı: İsgəndər Həmidov öz Məclisini formalaşdırdı

  • 06 may 2019, 08:33

Bu gün əks qanadın cavabı necə olacaq? Əli Əliyev: "Ən yaxşı hakim zamandır...”

Azərbaycan Xalq Hərəkatı (AXH) daxilindəki xoşagəlməz durum davam edir. Hərəkat iki adda fəaliyyət göstərir. Qurumun iclasları da eyni gündə müxtəlif məkanlarda keçirilir. Bu gün də AXH iki yerdə fərqli saatlarda iclasını keçirəcək.

Artıq iki qanaddan biri öz Ali Məclisini formalaşdırıb. Dünən sabiq daxili işlər naziri İsgəndər Həmidovun liderlik etdiyi AXH ADP qərargahında 200-ə yaxın insanın iştirakı ilə Məclisin iclasını keçirib. İclasda ümumi səsvermə yolu ilə Xalq Azadlıq Partiyasının rəhbəri Valeh Mirzəyev Ali Məclisin sədri, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov onun müavinləri seçiliblər.

Məclis 26 nəfərdən ibarət idarə heyətini formalaşdırıb. Bununla da AXH-nin iki hissəyə bölünməsi rəsmiləşib. Çünki əks qanadda təmsil olunan qeydiyyatlı partiya sədrlərinin hərəkatın idarə heyətində olmayacaqları təqdirdə barışığa getməyəcəkləri heç kəsə sirr deyil. İ.Həmidov olduğu tərəfin də buna getməyəcəyini əminliklə söyləmək mümkündür.

AXH ətrafındakı mövcud durumun ictimaiyyəti çaş-baş saldığı göz önündədir. Hansı tərəfin AXH olduğu barədə açıq suala tərəflərdən heç biri konkret cavab verə bilmir. Bu durumun nə vaxta qədər davam edəcəyi məlum deyil.

Hərəkatın dönəm sədri, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev "Yeni Müsavat”a açıqlamasında yaxın vaxtlarda əsl AXH-nin hansı tərəf olduğunu cəmiyyətin görəcəyini söylədi: "Hər iki tərəfin özünün məsələyə münasibəti ola bilər. Burada ən yaxşı hakim zamandır. Mənə elə gəlir ki, bir müddətdən sonra kimin təşkilat, kimin qeyri-təşkilat olduğu məlum olacaq. Növbəti iclasımızı keçirəcəyik. Dönəm sədri kimi deyə bilərəm ki, gündəliyimiz müəyyən olunub. Bu iclasımızda idarə heyətimizin tərkibində sürpriz bir artım olacaq. İctimaiyyət bu barədə məlumatlandırılacaq. Tədricən insanlar nəyin harada olduğunun fərqinə varmağa başlayıblar. Baş verənlər artıq düzgün qiymətləndirilir. Ona görə biz narahat deyilik. Öz işimizi davam etdiririk. Bu şəkildə də davam edəcəyik. Bir neçə partiya ilə idarə heyətimizi genişləndirmək üçün danışıqlar aparırıq. İlk günlərdə hərəkatın təsisatında iştirak edən və bu günə qədər mövqeyini tam müəyyən etməmiş partiyalardan biri bu iclasımıza qatılacaq. Tədricən proses aydınlaşmağa doğru gedir. Mediada, ictimaiyyət arasında AXH ilə bağlı sualların cavabı getdikcə tapılır”.

Ə.Əliyev əks qanadın Məclis təşkil etməsinə də mövqeyini sərgilədi: "Biz öz fəaliyyətimizlə məşğuluq. Fəaliyyətimiz də əsasnaməyə söykənir. Əsasnamədən kənar heç bir iş görmürük. Bizim əsasnaməyə görə, Məclis, rayon şöbələri təşkil olunmalıdır. Hazırda bu işlərlə məşğuluq. İşlərimizi getdikcə daha da gücləndiririk. Müxtəlif rayonlarla təmaslarımız artmaqdadır. Məclis üzvləri müəyyən ediləndən sonra sosial siyahı ilə deyil, konkret mövqeləri olan təmsilçilərin siyahısı əsasında Məclisimiz keçiriləcək”.

"Yeni Müsavat”

Oxşar xəbərlər