BƏYANAT - Əli İnsanov yeni müxalifət partiyası qurur

  • 03 may 2019, 07:30

Keçmiş səhiyyə naziri 14 illik həbsdən sonra "Amerikanın Səsi"nə danışıb. 

O, yeni müxalif siyasi partiya yaradacağını deyib və əvvəllər təmsil olunduğu hazırki iqtidarın daxili və xarici siyasətini tənqid edib.

Əli İnsanov bu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Əli İnsanov "Amerikanın səsi" müxbirinin suallarına cavab olaraq deyib ki, yaradacağı siyasi qurum müxalifyönlü, qərbyönlü olacaq.

Sitat: "Mən siyasətdən uzaqlaşmamışam və yeni bir siyasi qurum yaratmaq fikrindəyəm. Çünki bu saat, Azərbaycanın bugünkü mövcud durumu bunu çox ciddi tələb edir".

Əli İnsanov deyib ki, yaxın zamanlarda istədiyi siyasi qurumu yaratmağı və mübarizəyə başlamağı düşünür: "Ən böyük arzularımızdan biri Azərbaycan xalqına firavan həyat bəxş etməkdir. Azərbaycan sərvətləri ilə hər bir vətəndaşı varlı bir insan çevirə bilər. Marqaret Tetçer deyirdi ki, "varlı ingilis vətəndaşı, varlı İngiltərə deməkdir”. Mən güman edirəm ki, biz buna nail ola bilərik. Bizim yaradacağımız siyasi qurum müxalifyönlü, qərbyönlü olacaq. Güman edirəm ki, yaxın aylarda biz hazırlıq prosesini başa çatdırıb, yaradacağımız qurumu elan edəcəyik". /musavat/

Oxşar xəbərlər