Prezidentin xəbərdarlıqları zəruridir

  • 02 may 2019, 09:39

Dövlət başçısı bir daha islahatlara alternativin olmadığını vurğuladı, idarəetmədə islahatların vacibliyini önə çəkdi

Aprelin 30-da Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən prezident ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətə, eyni zamanda struktur və idarəetmə islahatlarına dair mövqeyini bir daha açıqlayıb. Dövlət başçısı bildirib ki, islahatlara alternativ yoxdur: "Əlbəttə ki, islahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək”.

İqtisadi sahədə əldə olunan nəticələrdən danışan İ.Əliyev qeyd edib ki, birinci rüb ərzində ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub: "Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır”.

Prezident xarici ölkələrdən Azərbaycana sərmayə qoymaq istəyənlərin sayının artdığını deyib, bu sahədə mövcud olan problemə toxunub: "İndi xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin sayı çoxalır. Xarici sahibkarlar müraciət edirlər. Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir. Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq, ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun. Ancaq bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz. İnvestisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir”.

İ.Əliyev ölkədə həyata keçirilən özünüməşğulluq proqramı barədə də danışıb: "Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir. Onu da bildirməliyəm ki, aparıcı beynəlxalq maliyyə qurumlarının, misal üçün, Dünya Bankının, digər bankların rəhbərləri ilə görüşlər əsnasında bu məsələni də mən qaldırmışdım və onlarda da buna böyük maraq var. Biz onları cəlb etməliyik. Bizim indi maliyyə imkanlarımız var. Ancaq təcrübə baxımından, onlarda olan təcrübə bizdə yoxdur. Çünki biz bu işə təzə başlamışıq, onlar isə dünyanın müxtəlif yerlərində bu proqramı təşviq edirlər. Ona görə özünüməşğulluq proqramına daim diqqət göstərilməlidir”.

Ölkə başçısı bildirib ki, Azərbaycan vətəndaşları ən ağır məqamlarda dövlətin onların yanında olacağına əmin olmalıdılar: "Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”.

Məmurlar vətəndaşların problemləri ilə məşğul olmalıdır

Prezidentin sözlərinə görə, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: "Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdır.

Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır".

İ.Əliyev əhalinin gəlirlərinin artmasına gətirib çıxaran sosial siyasətdən istifadə edərək süni qiymət artımına yol verilməsi təhlükəsinin olduğunu vurğulayıb: "Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir - 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.

Kəndlərin yeni inkişaf konsepsiyası hazırlanacaq

Dövlət başçısı kənd təsərrüfatında yeni mexanizmlərin, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməli olduğunu bildirib: "Bununla paralel olaraq, biz kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik. Mən tapşırıq verirəm ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə işləsinlər. Bəlkə işçi qrup da yaradıla bilər ki, kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər hazırlansın. Hər bir kənd üzrə belə proqram ola bilər. Biz investisiyaları daha çox şəhərlərə cəlb edirik. Ancaq kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır”.

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovun müşavirədə verdiyi məlumata görə, 2020-ci ilin sonuna qədər strateji yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb: "Bu müddət ərzində biznes mühiti və rəqabət məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Sizin tapşırığınıza əsasən bu iki il ərzində rəqabət məcəlləsinin qəbulu prosesi başa çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi artırılmalıdır. Maliyyə dərinliyinin 60 faizə qədər çatdırılması, aqrar sığortanın inkişafı, elektron kənd təsərrüfatı informasiya sisteminin ölkə üzrə tam tətbiqi nəzərdə tutulur. Neft maşınqayırması sahəsində ənənəvi istehsal sahələri bərpa olunmalı, birbaşa xarici investisiyaların cəlbi üçün tədbirlər görülməlidir. Kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında isə 10 faizə çatması üçün əhəmiyyətli islahat tədbirləri həyata keçirilməlidir. Lisenziya və icazələr portalının tam fəaliyyəti təmin olunmalı, açıq səma sazişləri, yeni xarici aşağı büdcəli hava nəqliyyatı şirkətlərinin cəlbi istiqamətində tədbirlər görülməlidir. Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir”.

N.Əmirov həmçinin qeyd edib ki, uzunmüddətli hədəfləri nəzərə aldıqda 2020-ci ildən sonrakı dövr üçün Azərbaycanın strateji inkişaf proqramları hazırlanmalı və təsdiq edilməlidir.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, fermerlərə dövlət dəstəyinin təkmilləşdirilməsi üçün subsidiyaların verilməsinin yeni qaydalarının layihəsi hazırlanıb: "Bu gün fermerlərimizi qayğılandıran digər məsələlərdən biri və yüksək diqqətinizə ünvanladıqları çoxsaylı xahişləri, həmçinin kiçikhəcmli kreditlərə çıxışın asanlaşdırılması və təbii hadisələrə qarşı aqrar sığortanın tətbiq edilməsidir. Aqrar sahənin üzləşdiyi digər çağırışlar kiçik parsellərə bölünmüş torpaqların sistemləşdirilməsi, şorlaşmış, şorakətləşmiş və əkinə yararsız torpaqların yararlı hala salınması, müasir suvarmanın və təsərrüfatlararası yolların düzgün qurulmasıdır”.

Nazir qeyd edib ki, bu il ölkədə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması hədəflənib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin verdiyi məlumata görə, Agentlik tərəfindən aparılan təhlillərə və beynəlxalq ekspertlərin rəylərinə əsasən pilot layihənin ikiillik nəticələrinə əsasən ölkənin icbari tibbi sığortanın tətbiqi və sonrakı inkişafı üçün lazımi şəraitə, zəruri potensial, resurs və imkanlara malik olduğunu söyləmək olar.

Səhiyyədə yeni keyfiyyət standartları hazırlanır

Z.Əliyev bildirib ki, dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələri üçün keyfiyyət standartları üzərində işə başlayıb: "2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri Agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub. Əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər aparılır. Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və layihələr ən qısa zamanda aidiyyəti üzrə təqdim olunacaq”.

Oxşar xəbərlər