Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var

  • 16 apr 2019, 20:17

Müsavat Partiyasında növbəti qalmaqal yaşanır. 

Cebhe.info xəbər verir ki, partiya funksionerləri arasında yaşanan qalmaqalda ideya müəllifi kimi Müsavat Partiyasının başqanı Arif Hacılının adı çəkilir. Müsavat Partiyasının funksioneri Yadigar Sadıqlı özünün "Facebook" səhifəsində yazıb:

"Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”. 

Müsavat Partiyasının Məclis üzvü Könül Şamilqızı da narazılardandır. Könül Şamilqızı sosial şəbəkədə digər nazrazıların da adını çəkib. "Tofiq Yaqublu Müsavat başqanının müavini olaraq Amerikada görüşlər keçirəndə tək cümləlik xəbər yazmayanlar, Müsavat Partiyasının qərərgahındakı tədbirdən hər kəsin şəklini və adını verib, "nədənsə” Qadınlar Təşkilatının sədri və Divan üzvü Alya Yaqublunu "unudanlar”, Məclis üzvü Könül Şamilqızı Leyla Rəsulzadənin məzarını tapanda ən yuxarı səviyyədə "hələ yoxlamaq lazımdır” deyib "zəhmətkeşlərə” publik şəkildə "yalandır” yazdıranlar və bu qədər səs gətirən bir xəbərə öz media orqanlarında kor olanlar, Novxanıda hamının çıxışını verib Divan üzvü Yadigar Sadıqlının çıxışını "senzura”ya uğradanlar indi durub çox rahat bir şəkildə hansısa "uğur hekayələrinin” paylaşılmamasından giley güzar edirlər”,- deyə K.Şamilqızı qeyd edib.

K.Şamilqızı Müsavat Partiyasının Avropa qolu hesab edilən AKM-ə etiraz etdikləri üçün onların hədəf alındığına da işarə vurub: "Məhz Müsavat Partiyasının zəiflədilməsinə, dərnəkləşdirilməsinə etiraz etdiyi, başımıza açılan AKM oyununa qarşı çıxdığı üçün "düşmən”, "xain”, "separatçı”, "hakimiyyətə işləyən”, "hakimiyyətdən pul alan”, "hakimiyyəti icazəli təndiq edən” iftiralarına məruz qoyduqları adamlardan "niyə bizim paylaşımlarımızı bəyənmirsiz” tələbində bulunurlar.

Hələ biri var, "işimi itirərəm” deyə Müsavat Partiyası ilə bağlı bir cümlə yazmır, dindirəndə "mübarizə "Facebook"da olmur” deyir, amma işini, azadlığını, imkanlarını Müsavat üçün mübarizədə itirən Elmana, Yadigara, Tofiqə, Alyaya dil uzadır”. 

Maraqlıdır, Müsavat Partiyasında nə baş verir? 

Partiyanın Divan üzvü Razim Əmiraslanlı Cebhe.info-ya açıqlamasında məsələyə aydınlıq gətirib: 

"Müsavat Partiyasında heç bir problem yoxdur. Bunu çox səmimi deyirəm. Yadigar Sadıqlının sözləri obrazlı desək, "dırnaqdan başa” böhtandır. Elə bir şey yoxdur. Arif Hacılı heç bir zaman kiməsə qarşı kampaniya aparılmasına nəinki göstəriş verməz, heç bunu ağlından belə keçirməz. Bilmirəm, Yadigar bunu nəyə əsasən deyir, amma Müsavat Partiyasından kimsə kimisə tənqid edə bilər, dediyi sözə, davranışına görə, lakin bu, o demək deyil ki, buna kimsə göstəriş verib”. 

Razim Əmiraslanlı Könül Şamilqızının dediklərini də "absurdun absurdu” adlandırıb: 

"Müsavat Partiyası çox demokratik bir təşkilatdır. Bunu bütün cəmiyyət bilir. Müsavat Partiyasında fikir ayrılığı ola bilər, amma kiməsə qarşı kampaniya aparmaq gerçəkdən absurtdur. Belə bir hal nəinki yoxdur, heç ola da bilməz. Müsavat monolit bir təşkilatdır. Partiyada hətta başqana da etiraz edənlər də olur, yəni demokratik bir təşkilatdır. Qətiyyətlə deyirəm ki, belə bir hal ola bilməz”. 

Oxşar xəbərlər