NİDA-çılar fəaliyyətini bərpa edəcəkmi?

  • 02 apr 2019, 08:37

Rəhman Məmmədli: "Hazırkı əhval-ruhiyyə işləri daha həvəslə həyata keçirməyə şərait yaradır”; Ülvi Həsənli: "Həbsdə olan dostlarımızın çoxunun azadlığa buraxılması, əlbəttə, fəaliyyətimizə də təsir edəcək”

NİDA təşkilatının üzvü İlkin Rüstəmzadə də Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı ilə azadlığa çıxdı. İ.Rüstəmzadə bu qurumun əsas fəallarından sayılırdı. Artıq Rüstəmzadə azadlıqdadır, həmçinin təçkilatın digər üzvləri də həbsdən buraxılıblar. Qurumun bundan sonrakı fəaliyyətində canlanma olub-olmayacağı maraq doğurur.

"Yeni Müsavat” xatırladır ki, təşkilatın daha çox tanınan və zamanında idarə heyətində olan üzvləri artıq orda təmsil olunmurlar. Bəzi üzvlər isə formal olaraq təmsil olunurlar.

Təşkilatın üzvü Rəhman Məmmədli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda rəhbərlikdə yer almır və verilən qərarlarda da xüsusi rolu yoxdur: "Amma istənilən halda rəhbər orqan olan İdarə Heyətinin qərarlarının icrasında iştirak edən bir üzv kimi deyim ki, NİDA 8 ildir yaranıb və bu müddətdə yalnız dinc mübarizə vasitələrindən istifadə edib. Bundan sonra da belə olacaq. Həbsdəki üzvlərimizin azadlığa çıxması təşkilatda ruh yüksəkliyi yaradıb. Biz indiyə qədər planladığımız işləri ardıcıllıqla həyata keçirməyə çalışmışıq. Hazırkı əhval-ruhiyyə həmin işləri daha həvəslə həyata keçirməyə şərait yaradır. İşlər deyərkən müxtəlif ictimai-siyasi mövzularda tədbirlərin təşkili, cəmiyyəti narahat edən məsələlərin gündəmə gətirilməsi, siyasi məhbusların müdafiəsi, kitab çapı, aksiyalarda iştirak və s. nəzərdə tuturam. Bunlar xaricində hər hansı sivil metod tətbiq etmək barədə qərar verilsə, üzv kimi yaxından iştirak edəcəm”.

NİDA İdarə Heyətinin üzvü Ülvi Həsənli "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son 6 ildə NİDA davamlı olaraq təzyiqlərə məruz qalıb, 15-ə yaxın üzvü uzunmüddətli həbsə salınıb, inzibati həbslərin sayı isə çoxdur: "Üzvləri həbsdə olan təşkilatların əlbəttə ki, fəaliyyətinin böyük bir hissəsi siyasi məhbusların müdafiəsinə yönəlir. Bizim son illər həbsdə 5 üzvümüz qalmışdı, onların 4-ü həbsdən buraxıldı, İlkin Rüstəmzadə də onların sırasındadır. Yalnız bir üzvümüz, həm də jurnalist Əfqan Muxtarlı həbsdə qalıb. Həbsdə olan dostlarımızın çoxunun azadlığa buraxılması, əlbəttə, fəaliyyətimizə də təsir edəcək, hərəkatımız daha da aktiv fəaliyyət göstərəcək, eyni zamanda siyasi məhbusların müdafiəsi istiqamətində də fəaliyyətlərimiz olacaq”.

Oxşar xəbərlər